​Osmanlı imperiyasını idarə edən və buna görə ölüm fərmanı verilən Qarabağlı şeyxülislam - TARİXİ FAKT

Baxış sayı:
403

Osmanlı dövlətində Şeyxülislam Feyzullah Əfəndinin rolu və əhəmiyyəti danılmazdır. Amma yerli oxucuların əksəriyyəti bu tarixi şəxsiyyət haqqında məlumata o qədər də sahib deyillər.
Bu səbəbdən tarixçi-alim Əkbər Nəcəfin məsələ ilə bağlı kiçik qeydlərini “Ölkə.Az” oxucularına çatdırırıq.
1695-1703-cü illər arasında sultan olan II Mustafa zamanında Osmanlı dövlətinin gerçək idarəçisi Şeyxülislam Feyzullah Əfəndi idi. Türkçəni Azərbaycan ləhçəsi ilə danışdığı üçün İstanbul camaatı onu “qızılbaş”, “əcəmi” ləqəbləri ilə tanıyırdı.
Feyzullah Əfəndinin nəsli Cəlaləddin Mövlananın mürşidi Şəms Təbriziyə gedib çıxır. Özü isə Qarabağın məşhur “Qara pirlər” ailəsindən idi.
Feyzullah Əfəndinin Qarabağda yaşamış ulu babaları Şeyx Cüneyd və Şeyx Əhməd idi. Feyzullahın ulu babası Sultan Əhmədin oğlu Pir Məhəmməd Qarabağda vəfat etmiş və “Qara Şeyx” olaraq böyük bir sufi olmuşdur. Ailənin Qarabağdakı pirlik dərgahına daha sonar Vəliyəddin Məhəmməd, Həbib Məhəmməd, daha sonar da Həbibin oğlu Mustafa şeyx olaraq başçılıq etmişdir. Onların qəbirlərinin Qarabağda olduğu qeyd edilir.
Feyzullahın ailəsi daha sonra meydana gələn qarışıqlıq ucbatından Qarabağdan Ərzuruma köçmüşdür.
Feyzullah Əfəndi 1662-ci ildə Ərzurumdan İstanbula gəlmiş, Vani Əfəndinin qızı ilə evlənmiş, Vani Əfəndinin ölməsi səbəbindən 1669-cu ildə Osmanlı sultanı IV Mehmetin oğlu şahzadə Mustafanın xocası olmuşdur. Xocalıq zamanı şahzadəyə dərindən təsir göstərən Feyzullah Əfəndi, gənc Mustafanın taxta çıxması ilə də dövlətin əsas idarəçisinə çevrilmişdir. Belə ki, Sultan II Mustafa ondan xəbərsiz qərar almır və bütün dövlət məsələlərini onunla məsləhətləşirdi. Şeyxülislamın nəzarətində hərəkət etməsi II Mustafanın sonunu gətirmişdir. II Mustafadan sonra da Feyzullah Əfəndi öldürülmüşdür. Ancaq Osmanlıda elmiyyə sinifinə mənsub olanların edamı qadağan olduğu üçün onu əvvəlcə sancaqbəyi təyin etmişlər, sonra da sancaqbəyi kimi edamına fərman almışlar.
Feyzullah Əfəndi 1688-ci ildə şeyxüslislamlığa gətirilmiş və Osmanlı tarixində edam olunan şeyxülislamlardan üçüncüsü olmuşdur.