“Ordumuz düşmənin istənilən zərbəsinin və hücumunun qarşısını almağa hazırdır” - polkovnik

Baxış sayı:
8365

Ermənistanın müdafiə nazirinin təxribatçı bəyanatına Müdafiə və Xarici İşlər nazirliklərindən cavab verildi; hərbi ekspert: “Azərbaycan Silahlı Qüvvələri hazırda qarşıya qoyulan tapşırıqları yerinə yetirdiyi kimi, gələcək tapşırıqları da yerinə yetirməyə hazır vəziyyətdədir”

Fevralın 26-da Ermənistanın müdafiə naziri David Tonoyan respublikanın şimal-şərq sərhədində - Azərbaycanın Qazax-Tovuz rayonları istiqamətində - olub və ölkəmizi təhdid edib.

D.Tonoyan hərbi bazalara baş çəkib, hərbçilərlə söhbət edib, onların döyüş  hazırlığı ilə  maraqlanıb. Erməni nazir həmçinin hərbi təlim mərkəzində döyüş təlimlərini izləyib.

İşğalçı ölkənin müdafiə nazirinin ictimai televiziyaya müsahibəsində Azərbaycanı təhdid etməsi geniş müzakirələrə səbəb olub. D.Tonoyan etiraf edib ki, Ermənistanın iqtisadi və demoqrafik imkanları Azərbaycanla müqayisə olunmazdır. Məhz buna görə də Ermənistan “keyfiyyət üstünlüyünə” diqqəti yönəldəcək. (Virtualaz.org)  Nazir bildirib ki, Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək. “Və siz də gördünüz ki, biz indi rəqibin tədrici irəliləməsini neytrallaşdırmağa imkan verən silahlar alırıq”-Tonoyan belə deyib. Və dəqiqləşdirib ki, söhbət həm də SU-30SM qırıcılarından gedir. Ermənistan bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 belə qırıcı alacağını elan edib.

David Tonoyan ile ilgili görsel sonucu

Lakin Tonoyanın sözlərinə görə, Ermənistan hücum silahları da almağa başlayıb. Onun fikrincə, indi çox şey dəyişir-müdafiə siyasətinin qurulmasında psixologiya, yanaşmalar fərqlidir. Tonoyan deyib ki, min illərin təcrübəsinə əsasən daim müdafiədə oturan ordu sonda məğlub olur. “Ona görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik”-Tonoyan bildirib.

“Erməni ordusu hücuma keçəcək?” - müxbir ona dəqiqləşdirici sual verib. “Nəyə görə də yox!” - Tonoyan bildirib.

Erməni müdafiə naziri onu da deyib ki, Ermənistan Rusiyadan silah almaq üçün daha 100 milyon dollar güzəştli kredit götürəcək. Onun iddiasına görə, vəsait imkan verəcək ki, Ermənistan Azərbaycanla silahlanma yarışına girmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirsin. Lakin Tonoyan bu kredit çərçivəsində hansı silahların alınacağını deməyib, bunun hərbi sirr olduğunu bildirib. Xatırladaq ki, Rusiya son illərdə Ermənistana əvvəlcə 300 milyon, daha sonra 100 milyon dollar güzəştli silah krediti verib.

Erməni nazirin həyasızcasına Azərbaycanı hücumla hədələməsi hiddətlə qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları artıq erməni nazirin sərsəm bəyanatına reaksiya verib. Azərbaycan Müdafiə Nazirliyindən  bildiriblər ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur:

“2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən ”hücuma keçmək" istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir". Açıqlamada daha sonra deyilir: “Azərbaycan ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonoyan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.

Xarici İşlər Nazirliyi (XİN) də Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb. Mətbuat xidmətinin açıqlamasında deyilir: “Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycanın müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqları azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir. Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir. Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir”.

Qarabağ danışıqlarında vasitəçilik edən ATƏT-in Minsk Qrupu hələ ki erməni tərəfinin təxribatına reaksiya verməyib. Ancaq Azərbaycan tərəfdən hansısa əks tədbir görüləndə həmsədrlər dərhal məsələyə müdaxilə edirlər. Necə ki, ötən ilin mayında Azərbaycanı işğalçını cəzalandırdığına görə qınamışdılar. Bu yaxınlarda bölgəyə səfər edən həmsədrlər heç olmasa diqqət etmirlər ki, Tonoyan məhz onların səfərindən az sonra Azərbaycanı təhdid edib, bununla da həmsədrlərin danışıqlarla bağlı səylərinə tüpürmüş olub. 

“Azərbaycan erməniləri assambleyası” deyilən təşkilatın rəhbəri Qriqori Ayvazyan isə iddia edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistana Qarabağ münaqişəsinin nizamlanması yönündə təzyiqlər göstərirlər. (Musavat.com) Onun bildirdiyinə görə, Ermənistanın daxili problemlərinə başının qarışdığı bir vaxtda ATƏT-in Minsk Qrupunun həmsədrlərində reallaşmayan gözləntilər peyda olub. Q. Ayvazyan birtərəfli güzəştlərin onlar üçün dağıdıcı nəticələr törədəcəyini söyləyib. Erməni ekspert Azərbaycan tərəfinin yenidən hücuma keçmək üçün ən əlverişli situasiyanın yaranmasını gözlədiyini bildirib.

“Azərbaycan müdafiə nazirinin İrəvanın Azərbaycan torpağı olduğu barədə dediklərindən sonra sülh atmosferini formalaşdırmaq ən azı qeyri-ciddilik kimi görünməlidir”, - deyə o qeyd edib. Q. Ayvazyan Azərbaycanın davam edən antierməni siyasəti, habelə bu cür oxşar bəyanatların rəsmi Bakının müharibəyə hazırlaşdığını göstərdiyini deyib.

“Ermənistan tərəfi öz növbəsində anlamalıdır ki, bu pauzadan vaxt udub yeni ehtimal olunan hücuma hazırlaşmaq üçün istifadə etmək lazımdır”, - deyə Qriqori Ayvazyan sonda vurğulayıb.

Bu yerdə qeyd edək ki, erməni ekspert nədənsə Tonoyanın sərsəmləməsini “unudub”.

Şair Ramaldanov ile ilgili görsel sonucu

Ehtiyatda olan zabit, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri hazırda Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırığı yerinə yetirməklə məşğuldur: “Yəni ordumuz öz döyüş qabiliyyətini yüksəldir, cəbhə bölgəsində tutduğu mövqelərdə düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayır və hər hansı təxribatın qarşısını almağa hazır vəziyyətdədir. Ermənistanın müdafiə nazirinin belə bir iddia ilə çıxış etməsinə gəldikdə, unutmaq olmaz ki, Ermənistan cəmiyyətində yenə də Azərbaycanla bağlı narahatlıq yüksəlib. Üstəlik, Ermənistan ordusunda mövcud olan problemlər erməniləri narahat edir. Azərbaycan Silahlı Qüvvələri hazırda qarşıya qoyulan tapşırıqları yerinə yetirdiyi kimi, gələcək tapşırıqları da yerinə yetirməyə hazır vəziyyətdir. Cəbhə bölgəsinə də nəzarət Azərbaycan Silahlı Qüvvələrinin tərəfindədir. Azərbaycan Silahlı Qüvvələri, əsgərindən tutmuş, müdafiə nazirinə qədər hamı deyir ki, biz hər zaman Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırıq!”

Ş.Ramaldanov hesab edir ki, Tonoyan erməni cəmiyyətinin gərginliyini nəzərə alaraq yeni ritorikaya əl atıb: “Vaxtilə Azərbaycan hücum edəcəyi halda, hansısa əks zərbə vuracaqlarını iddia edirdilər. İndi isə deyirlər biz hücuma keçəcəyik. Ermənistan müdafiə naziri bu iddiasını heç nə ilə əsaslandıra bilməyib. Sadəcə, SU-30 təyyarələri ilə bağlı iddialar səsləndirib. Ancaq bu iddialar da sual altındadır. Ümumiyyətlə, SU-30SM qırıcılarından söhbət gedirsə, Rusiya analitikləri də deyirlər ki, Ermənistanın o təyyarələri idarə etməyə kadr potensialı yoxdur. Digər tərəfdən, bu, hələ veriləcək, verilməyəcək, sual işarəsi altındadır. Çünki Ermənistan hələ digər kreditləri bağlamayıb və kredit qrafikini yerinə yetirə bilmir. Üstəlik, Qarabağ bölgəsi SU-30-lar üçün məhdud ərazidir. Çünki bu təyyarələrin tapşırıqları yerinə yetirməsi üçün daha geniş hava məkanı tələb olunur. Hələ mən demirəm ki, onlar çox bahalı təyyarələrdir. Rusiya analitiklərinin dediyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri hər hansı uçan aparatı vurmaq imkanındadır və çox müasirləşib. Prezidentin Belorus səfərində də yeni nəsil sistemlərin alınması barədə memorandum imzalandı. Bu gün əgər Ermənistan 10 SU-30 alsa da, heç bir faydası yoxdur. Çünki Azərbaycan qarşı tərəfin istənilən zərbəsinin və hücumunun qarşısını almağa hazırdır”.

Ermənistan anlayır ki, Qarabağla bağlı vəziyyət “tufanqabağı sakitliyə” çox bənzəyir. Üstəlik, Paşinyanın “nala-mıxa vurma” siyasətinin qarşılığında Azərbaycanın növbəti zərbəni endirəcəyi tam məntiqli görünür. Bu mənada hərbə-zorba gəlməklə xalqı sakitləşdirmək istəyirlər.

Fevralın 26-da  Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş möhtəşəm 55  minlik yürüş keçirildiyi bir vaxtda işğalçı ölkənin paytaxtında bir qrup erməni qondarma “Sumqayıt talanları”nın  31-ci ildönümü" ilə bağlı tədbir keçirib. (Moderator.az)  Əsasən Azərbaycan torpaqlarının işğalında iştirak etmiş keçmiş döyüşçülər və Paşinyan əleyhdarlarından təşkil olunmuş yürüşdə “Azərbaycana bir qarış da torpaq verməyəcəyik” şüarı səsləndirilib və indiki Ermənistan hakimiyyətinin guya Azərbaycanla danışıqlarda ərazi güzəştlərinə hazırlaşması siyasətinə etiraz edilib. Yürüşdə  torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin 100 metrlik bayrağı da götürülüb.

Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik üzrə Daimi Komitəsi Qarabağ məsələsinin həlli ilə bağlı dinləmələr keçirəcək. Dinləmələrə qondarma “respulika”dan da bəzi separatçların qatılması gözlənilir. Məsələ ilə bağlı erməni jurnalistlərinə açıqlama verən erməni deputati Andranik Koçaryan qeyd edib ki, bu müzakirələr Ermənistanın mənfəəti üçündür və məqsəd ölkənin müdafiə gücünün artırılmasına nail olmaqdır.

Bütün bunlar deyir ki, Ermənistanda və Qarabağda Azərbaycanın mövqeyi ilə bağlı ciddi narahatlıq var.../musavat