​Onları ayrı-ayrı şüşə qəfəsə qoydular - Məhkəmədə QƏRİBƏ OLAY

Baxış sayı:
5152

150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, hər iki şəxs bir birinin əleyhinə ifadə verdiyi üçün aralarında düşmənçilik var.
Ona görə onları eyni şüşə qəfəsə salmayıblar.
Məhkəmə baxışı dekabrın 13-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pula görə bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Belə ki, hər iki şəxs fəhləliliklə məşğul olub və 23 yaşlı Kamran tanışından bir müddət əvvəl borc pul alıbmış. Borcun məbləği isə 150 manat olub. V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların mübahisəsi daha sonra davaya keçib və 22 yaşlı oğlan 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək öldürüb.
Əlizadə Vüqar polis tərəfindən saxlanılıb. O, sonra bildirib ki, cinayət əməlini tək yox, tanışı Əliyev İlhamla birlikdə törədib. Bundan sonra Əliyev İlham da saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib./lent.az/