«Ona etibar etmirik» – Mərkəzi Bankdan açıqlama

Baxış sayı:
4486

Azərbaycan Mərkəzi Bankı kriptovalyutaları əvvəlki kimi yüksək riskli alət hesab edir və bununla bağlı ciddi addımlar atmaq fikrində deyil.

Bu barədə Azərbaycan Məkəzi Bankının idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, kriptovalyutaların ödəniş aləti kimi istifadə edilməsində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi, fırıldaqçılıq halı nəticəsində itirilmiş vəsaitin geri qaytarıla bilinməməsi riskləri var. Bundan başqa, AMB rəsmisi kriptovalyutalarla aparılan əməliyyatlara heç bir təşkilat tərəfindən zəmanətin verilməməsi, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunmaması və s. kimi riskləri də qeyd edir.

A.Quliyevin sözlərinə görə, Mərkəzi Bank kriptovalyuta problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Amma hələlik bununla bağlı yenilik gözlənilmir: «Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir. Kriptovalyuta yüksək riskli investisiya aktividir».