Ombudsman gedir - yerinə kimlər namizəddir...

Baxış sayı:
4615

Fazil Mustafa: “Kifayət qədər layiqli insan var”; Mirvari Qəhrəmanlı: “İlk ağlıma gələn şəxs vəkil Adil İsmayılovdur”

Səlahiyyət müddəti 2017-ci il martın 5-də bitən və müddəti bir il uzadılan İnsan Haqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanı kimin əvəzləyəcəyi barədə müzakirələr davam edir. Artıq bir şəxsin adı hallanmağa başlayıb. Bu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızıdır.

Lakin Məlahət xanım yayılan xəbərləri təkzib edib. O, bunun cəfəngiyat olduğunu bildirərək, bu xəbərləri yayan saytları məsuliyyətli olmağa çağırıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yeni ombudsmanın kim olacağı barədə ölkə prezidentinin iradəsinin əsas rol oynadığını söylədi: “Müəyyən dərəcədə ombudsmanı təyin edən prezidentdir. Ona görə də burada kimin ombudsman olacağını söyləmək çətindir. Kifayət qədər layiqli insanlar var. Bunların arasında QHT-lərdə, hüquq sahəsində çalışan xeyli sayda insanlar var ki, burada fəaliyyət göstərə bilərlər. Bir də ombudsman şərt deyil ki, hökmən qadın olsun. Burada kişi də ombudsman ola bilər. Özü də biliyi və bacarığı ilə cəmiyyət arasında tanınan istənilən şəxs ombudsman olması mümkündür. Konkret ad çəkməkdə çətinlik çəkirəm.

Fazil Mustafa ile ilgili görsel sonucu

Hər halda, qeyd etdiyim keyfiyyətləri özündə cəmləşdirən şəxsin ombudsman olması daha yaxşı olar. Elmira xanımın mümkün olan qanunlar çərçivəsində indiyə qədər normal fəaliyyət göstərdiyini düşünürəm. Çünki ombudsmanın da səlahiyyətləri kifayət qədər geniş deyil. Düzdür, deputatdan daha çox imkanlara sahibdir. Ən azından həbs yerlərinə baş çəkmək, müəyyən qanun pozuntularının qarşını almaq imkanı var. Azərbaycan reallığında fəaliyyət göstərən bir ombudsman olduğunu düşünürəm”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı. ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı E.Süleymanovanı əvvəlcədən bir QHT rəhbəri kimi tanıdığını söylədi: “Onun savadına və bacarığına bələdəm. Buna şübhəm də yoxdur. Onun müstəqil olmadığına da bələdəm. Düşünürəm ki, ombudsman müstəqil olmalıdır. Elə bir şəxs olmalıdır ki, heç olmasa fəaliyyət göstərəndə 30% müstəqil olsun. Yeni olacaq bu şəxs prezident tərəfindən  təyin olunacaq. Parlamentdən xanımlar içərisindən birinin təyin olunacağı deyilir. Amma onların heç birində müstəqillik görmürəm. Burada isə əsas olan müstəqillikdir. Çünki problemlərə ombudsmanın sərbəst yanaşmağı çox vacibdir. Belə bir şəxsin olmağını çox istərdim. Bir də yeni ombudsmanın da xanım olmasını arzulayıram.

Digər vəzifələrdə də xanımların təmsilçiliyini hər zaman istəmişəm. Çünki qadınlar korrupsiyadan daha çox uzaq olurlar. Amma unutmayaq ki, bu ölkədə vəzifələrdə təmsil olunan qadınların müstəqil olmaq imkanları çox azdır. Mən kimi yeni ombudsman görmək istəyərdim? Açığı, özümün ombudsman olmağımı arzulamıram. Çünki müstəqil adamam. Hər zaman da müstəqil olmağı seçmişəm. QHT kimi də müstəqiləm. Buna görə də çox xoşbəxtəm. Qapazaltı olmaq mənə lazım deyil. Həmkarlarımı gözdən keçirirəm, kimin ombudsman ola biləcəyini düşünürəm. İlk ağlıma gələn şəxs vəkil Adil İsmayılovdur. Qadınlardan kimsə mənə irad tuta bilər. Amma açıq deyim ki, qadınlar içərisindən kimsəni ombudsman görmürəm. Bəlkə də bir gün əvvəl bu sualı versəydiniz, düşünüb nələrsə deyərdim. Lakin qəfil sual verdiniz. Burada ilk ağlıma gələn Adil müəllim oldu. O həm savadlıdır, həm də müstəqildir. Vəkil olaraq da insan haqlarını müdafiə edən şəxsdir. Hüquqşünaslar içərisində ilk ağlıma gələn o oldu”.