“Ölüm maşını”na çevrilən liftlər

Baxış sayı:
2800

Onların təhlükəsizliyi üçün kim məsuliyyət daşıyır; Nüsrət İbrahimov: “Liftlərin istismar müddəti 25 ildən artıq olmamalıdır”
 
Artıq neçənci dəfədir ki, liftdə qəzaların yaşanması və vətəndaşların xəsarət alması ilə bağlı məlumatlar oxuyuruq. Sonuncu dəfə Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb. Hadisə şəhərin 47-ci məhəlləsində baş verib. Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb.
Hadisə nəticəsində üç nəfər -1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli səkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar. Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, bu cür hadisə ölkəmizdə ilk dəfə yaşanmır, zaman-zaman müxtəlif iri şəhərlərdə yaşayış binalarında köhnə liftlərdə qəzaların yaşanması halları baş verib. Vəziyyət o həddə çatıb ki, insanlarda lift fobiyası yaranıb və vətəndaşlar liftə minməyə qorxurlar. Səbəb isə odur ki, istər köhnə, istərsə də bəzi yeni binalarda liftlər nəinki yenilənmir, heç onlara vaxtaşırı baxış belə keçirilmir.
Dövlət standartlarına uyğun olaraq liftlərin istismar müddəti 25 il müəyyən olunsa da, köhnə binalarda 30 ildən çoxdur istismar olunan liftlər hələ də istifadə olunur. Müvafiq qurumlar bu liftləri yeniləmək əvəzinə müxtəlif detallarını düzəldərək istifadəyə verirlər. Statistikaya görə, hazırda Bakıda istismar müddətini başa vuran liftlərin sayı 5200-dən artıqdır. Bu isə o deməkdir ki, hər gün minlərlə insanın həyatı təhlükə altındadır.
Dövlət balansında olan binaların liftlərinə nəzarəti hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin  “Bakı Lift-Təmir” İstehsalat Birliyi həyata keçirir. Lakin vaxtaşırı baş verən qəzalar göstərir ki, bu nəzarət əslində yox səviyyəsindədir.
Onu da vurğulamaq lazımdır ki, dövlət büdcəsindən dəfələrlə liftlərin təmiri və yenilənməsi üçün pul ayrılıb. Dövlət başçısı 3 aprel 2013-cü ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb və ona əsasən bu 3 şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt şəhər icra hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb. Həmçinin dövlət binalarında istifadə olunan hər liftə görə ayda 35 manat pul ayrılır. Lakin liftlərin hazırkı vəziyyətinə baxsaq aydın olur ki, bu vəsaitlər heç də aidiyyəti üzrə xərclənməyib.
Bəs görəsən, yeni tikililərdə liftlərə hansı qurum nəzarət etməlidir? Lift idarəsi hansı binalara görə cavabdehdir? Bu cür qəzaların yaşanması zamanı  kimlər məsuliyyətə cəlb oluna bilər?
 
“Yeni Müsavat”ın suallarını cavablandıran mənzil eksperti Nüsrət İbrahimov bildirdi ki, Lift İdarəsi dövlət müəssisəsidir və dövlətin mülkiyyətində olan  yaşayış binalarında yerləşən liftlərə nəzarət etmək onların öhdəsinə düşür: “Köhnə və özəlləşdirilməmiş çoxmənzilli yaşayış binalarına onlar nəzarət edirlər. Ancaq özəlləşdirilmiş və yeni tikilmiş binalarda liftlərə və binaya nəzarət üçün vətəndaşlar özləri qanunvericilikdə nəzərdə tutulmuş özəl bir orqan yaratmalıdırlar. Bu Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) formasında ola bilər. Bu MMMC xidmət qurumları, o cümlədən liftlərə nəzarət və texniki xidmət edən hər hansı bir  qurumla müqavilə bağlamalıdır. Müqavilə əsasında bu nəzarət həyata keçirilməlidir. Köhnə binalardakı liftlərə isə Lift İdarəsi nəzarət edir. Onlara müəyyən müddətdən bir texniki baxış həyata keçirilməlidir. Liftlərin sınaq müddəti var, vaxtaşırı olaraq onların vəziyyəti sınaqdan keçirilməlidir və vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır”.
Köhnə liftlərin hələ də istismar olunmasına gəlincə, N.İbrahimov bildirdi ki, liftlər müxtəlif hissələrdən ibarətdir və onların vacib detalları vaxtaşırı yenilənməlidir: “Liftlər kabinələrdən, hərəkətedici hissələrdən, yuxarı maşın mexanizm hissəsindən ibarət olur. Onların hər biri ayrı-ayrılıqda yoxlanılmalıdır, hər birinin də istismar müddəti var. Yəqin ki, həmin detalların istehsal olunduğu firmadan asılı olaraq, dayanıqlılıq müddətindən asılı olaraq hər birinin ayrı-ayrı istismar müddəti var. Ancaq ümumilikdə liftlərin istismar müddəti 25 ildən artıq olmamalıdır.  Bu müddət bitəndən sonra liftlər ya əsaslı təmir olunmalıdır , ya da dəyişdirilməlidir”.
Ekspertin sözlərinə görə, lift qəzaları baş verərsə, bina kimin mülkiyyətindədirsə  o, məsuliyyət daşıyır: “Əgər bina mülkiyyətçisi liftin istismarına nəzarət edən hansısa  xidmət qurumu ilə müqavilə bağlayıbsa, həmin  qurum da məsuliyyət altındadır. Ancaq ilk növbədə bina mülkiyyətçisi qanun qarşısında cavab verməlidir”.