“Ölən kişilərin sayı qadınlarla müqayisədə 2 dəfə çoxdur” - RÖVŞƏN AĞAYEV

Baxış sayı:
3127

“İqtisadi inkişaf demoqrafik proseslərlə sıx bağlıdır. Ona görə də iqtisadi analizlə məşğul olanların demoqrafik statistikanın daima diqqətdə saxlamasında fayda var”.
Muxalifət.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
Ağayev qeyd edib ki, əhalinin ölüm statistikası ilə bağlı rəqəmlər diqqətini çəkib: “2016-cı ilin nəticələrinə görə, müvafiq cins və yaş qrupu üzrə əmək qabiliyyətli əhalinin (15-64 yaş) hər 100 000 nəfəri hesabı ilə ölən kişilərin sayı qadınlarla müqayisədə az qala 2 dəfə çoxdur. Belə ki, 2016-cı ildə 15-64 yaşlı qadınların hər 100 000 nəfəri hesabı ilə 195 nəfər qadın həyatını itiribsə, eyni yaş qrupu üzrə kişi ölümü 379 nəfər olub”.
R. Ağayev onu da diqqətə çatdırıb ki, 2016-cı il ərzində ölən bütün kişilərin (cəmi 29924 nəfər) 44%-i əmək qabiliyyətli yaşda öldüyü halda, qadınların cəmi 25%-i 15-64 yaşda həyatlarını itiriblər.
 
“Oğlanların ölüm faizinin qızlardan 30 % çox olması qadın-kişi nisbətini azaldır”
 
“Ölkəmizdə selektiv abortların üstünlük təşkil etməsi son onillikllərdə doğulan uşaqlar arasında oğlanların təxminən 5-6% üstünlük təşkil etməsinə səbəb olub. Lakin ölümlə bağlı statistika göstərir ki, 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizinin qızlarla müqayisədə 30% çox olması yuxarı yaşlarda qadın-kişi nisbətini azaldır. Məsələn, 2016-cı ildə 0-14 yaş intervalında hər 100 000 nəfər qız uşağına ölüm göstəricisi 97 nəfər, oğlan uşaqları üzrə 126 nəfər təşkil edib”, - deyə ekspert əlavə edib.
 
“Bizdə əmək qabiliyyətli yaşda həyatın itirirlməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir”
 
Ağayev onu da nəzərə çatdırıb ki, inkişaf etmiş ölkələrdə əmək qabiliyyətli yaşda (15-65 yaş) ölümlərin ümumi ölümlərdə payı 18-22% ətrafındadır: “Azərbaycanda isə bu göstərici son illər 36-38% arasında dəyişib. Yəni bizdə əmək qabiliyyətli yaşda həyatın itirirlməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir. Bu isə təkcə demoqrafik statistika deyil, səhiyyənin problemidir, təhlükəsiz məşğulluq problemidir. Söhbət o səhiyyədən gedir ki, hətta cibdən xərclənən pullarla birgə Azərbaycanda maksimum ÜDM-nin 3-4%-i yönəlir, Qərbdə isə həmin göstərici 10-15% aralığında dəyişir”.