"Növbəti sanksiyalar İrana daha sarsıdıcı zərbə olacaq" - NATİQ MİRİ

Baxış sayı:
7942

ABŞ prezidenti Donald Tramp İrana qarşı təkrar sanksiyaların qüvvəyə minməsi barədə fərman imzaladı. D.Tramp İrana qarşı sanksiyaların yenidən fəaliyyətə başlamasına dair verdiyi açıqlamada ABŞ-ın sanksiyalara tam riayət edilməsini təmin etməyə qərarlı olduğunu, hətta İranla münasibətlərini başa vurmayanların ciddi nəticələrlə qarşı-qarşıya qalacağını vurğulayıb.

Fərmana əsasən, İranın dollar bazarına çıxışı dayandırılıb, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılıb, habelə qızıl, gümüş, polad, alüminium, kömür kimi metallarla ticarət aparmasına qadağa qoyulub. Sanksiyalar avtomobil sektoruna da şamil olunub. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub. Bu qadağalar İranda milli valyutanın-rialın dollarla müqayisədə kəskin dəyərdən düşdüyü, ölkədə sosial etirazların artdığı bir vaxtda qüvvəyə minib. Bu isə ölkədə sosial gərginliyi artıra bilər. Ona görə ki, sanksiyaların qüvvəyə minməsindən sonra İranın əmək naziri Əli Rəbi də bildirib ki, sanksiyalar səbəbindən təxminən 1 milyon iranlı işsiz qalacaq: “ABŞ-ın bu addımı ölkəmizə böyük zərər verəcək”.

İran prezidenti Ruhani isə ABŞ prezidenti Donald Trampın birbaşa görüş çağırışının Amerikanın daxili siyasətinə hesablandığını və İranı bölmək anlamına gəldiyini bildirib: “ABŞ İrana sanskiya tətbiq etməyə peşman olacaq. Dünyada izolyasiya edilmiş vəziyyətdədirlər. İranın uşaqlarına, xəstələrinə və bütün ölkəyə sanksiya tətbiq edirlər. Sanksiya tətbiq edərkən müzakirəyə davam etməyin heç bir anlamı yoxdur. Müzakirə üçün şərtimiz qarşı tərəfin sədaqətini göstərməsi və nüvə razılaşmasındakı mövqelərinə geri dönməsidir. Bizim müzakirə üçün ön şərtimiz yoxdur”.

İranın hər zaman müzakirəyə açıq olduğunu və bunun örnəyinin nüvə razılaşması olduğunu bildirən Ruhani “müzakirənin təməli sədaqətdir, masanı tərk edib sanksiya tətbiq edən biri ilə necə müzakirə edəcəyik? Əsl embarqolar 3 ay sonra başlayacaq. Avropa, Çin və Rusiya bizə gələcək embarqolara dirənmək sözünü verib” ifadələrini işlədib.

Maraqlıdır ki, Avropa, Çin, Rusiya, o cümlədən İranın əsas qaz idaxlçısı olan qardaş Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına dirəniş göstərəcəklərmi? Əslində, İrana qarşı sanskiyalar ABŞ-Türkiyə münasibətlərinə, eləcə də dünya iqtisdiyyatına xeyli zərbə vuracaq.

ABŞ-ın İrana qarşı təkrar sanksiyalarının qüvvəyə minməsinə bir neçə saat qalmış İran hökuməti Almaniyanın “Bundesbank”ından 300 milyon avro nəğd pul çıxarmaq və təyyarə ilə Tehrana aparmaq istəyib. Lakin ABŞ-ın işə qarışmasından sonra bu əməliyyatın qarşısı alınıb. Bu faktın özü də göstərir ki, Avropa ölkələri söz versələr də, İrana qarşı sanksiyalara dirəniş göstərməyəcəklər. Çox güman ki, sanksiyaların ikinci mərhələsinə, yəni noyabr qədər hansı dövlətlərin İranın, hansının ABŞ-ın yanında olması özünü aydın göstərəcək və İran təkləndiyini görsə, ABŞ-la danışıqlara getməyə məcbur qalacaq.

“ABŞ və onun strateji müttəfiqi olan İsrailin əsas hədəfi İranda dini rejimi hakimiyyətdən düşürməkdir”

Trampın İrana qarş sanksiyaların qüvvəyə minməsi barədə fərman imzalaması ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə deyib ki, bu sanksiyalar Tramp tərəfindən tətbiq olunan sanksiyalar deyil: “Bu sanksiyalar Obama dönəmində nüvə anlaşması əldə edilənə qədər təbiq olunan sanksiyaların yenidən icraata qoyulmasıdır. Ayrıca, Trampın bu qərarı sanksiyanın hələ birinci mərhələsini özündə ehtiva edir və bu yöndə İranın valyuta bazarına çıxışından tutmuş kağız və metalların ticarətinə qədər, bir çox məhdudiyyətləri özündə ehtiva edir. Təbii ki, bu mütləq İranda sıxıntılar yaradacaq. Artıq bu yöndə İranın özündə də rəsmi şəkildə müəyyən etiraflar səslənməyə başlayıb. İranın əmək naziri bilidirib ki, bu sanksiyaların nəticəsində çox yaxın zamanda 1 milyona yaxın işsiz ordusu yarana bilər. İşsizlik isə o anlama gəlir ki, artıq İranda bundan sonra sosial etirazları tətikləmək daha asan olacaq. Bu, İranda bütövlükdə ictimai-siyasi vəziyyəti qarışdırmaq, gərginləşdirmək anlamına gəlir. Bu da təkcə etirazlar və qarşıdurmalar deyil, eyni zamanda həm idarəetmədə, həm də iqtisadiyyatın idarə olunmasında, sosial problemlərin həll olunmasında müəyyən problemlər yaradacaq. Çünki cəmiyyətdə bir qarşdurma mühiti yaradılacaq. Bu qarşıdurmalr da getdikcə İranda müəyyən qütbləşmə yaradacaq. Bu isə gələcəkdə ictimaiyyətdə düşmənçiliyi tətikləyə bilər. Əslində, ABŞ-ın və onun strateji müttəfiqi olan İsrailin əsas hədəflərindən biri də məhz budur ki, İranda etirazçı elektoratı və buna yaxın olan digər təbəqləri ayağa qaldırmaq və bütövlükdə dini rejimi tamamilə dövriyyədən çıxarmaqdır. Yəni dini rejimi hakimiyyətdən düşürmək və yeni bir idarəetmə rejimi tətbiq etməyi hədəfləyirlər. Bu gün İranda baş verən hadisələr budur”.

“İkinci mərhələ İran üçün daha sarsıdıcı zərbələri özündə ehtiva edəcək”

N.Mirinin fikrincə, İranla bağlı bu hadisələrin konkret nə qədər inkişaf edə biləcəyi barədə hələlik danışmaq tezdir: “Çünki bu sanksiyaların hələlik birinci mərhələsi üçün düyməyə basılıb. Sanksiyalaırn ikinci mərhələsi əsasən enerji daşıyıcıları ilə bağlı məhdudiyyətləri nəzərdə tutacaq. Bu da noyabr ayının 1-dən dövriyyəyə girəcək. Düşünürəm ki, məhz noyabrdan sonra İrana qarşı sarsıdıcı sanksiyalar tətbiq olunacaq. Çünki əsasən İranın büdcəsi ölkədə istehsal olunan neft və qaz satışından doldurulur. O baxımdan, enerji daşıyıcıları ilə bağlı sanksiyaların tətbiqi noyabr ayına qədər təxirə salınıb. Bu da onunla bağlıdır ki, hələlik İrana imkan vermək istəyirlər ki, düşünsün. Sanskiyanın birinci mərhələsindən sonra İranı ABŞ-la danışıqlara oturmağa vadar etmək istəyirlər. Əgər İran ABŞ-ın bu şərtləri ilə danışıqlara razı olmasa, onda ikinci mərhələ noyabr ayında başlayacaq. Bu da İran üçün daha sarsıdıcı zərbələri özündə ehtiva edəcək. Ona görə də əsas etirazları mən noyabr ayından sonra gözləyirəm. Çünki bu, artıq büdcədə çox ciddi məhdudiyyətlərə gətirib çıxaracaq. Bu da iqtisadiyyatın bir çox sahələrinə, eyni zamanda sosial xərclərin azaldılmasına gətirib çıxardacaq. Təbii ki, bu, sosial etirazları ciddi şəkildə tətikləyəcək. Ona görə də bu, hələlik bir sınaq mərhələsi kimi düşünülməlidir. Əlbəttə, baxmaq lazımdır ki, İran noyabra qədər bu sanksiyaların öhdəsindən necə gələcək”.

“Trampın sərəncamının icra olunub-olunmayacağı dövlətlərin və şirkətlərin davranışlarından asılı olacaq”

Natiq Miri hesab edir ki, bu sanksiya çərçivəsində İranla əməkdaşlıq edən dövlət və bir çox beynəlxalq şirkətlərin bu məsələyə münasibəti də çox böyük önəm daşıyacaq: “Çünki Donald Trampın ikinci bir sərəncamı var ki, bu sanksiyaları dəlmək istəyən istənilən beynəlxalq şirkətlərə və dövlətlərə qarşı da konkret olaraq sanksiyalar tətbiq olunacaq. Ona görə də Trampın sərəncamının nə qədər icra olunub-olunmayacağı dövlətlərin və şirkətlərin davranışlarından asılı olacaq. Dövlətlər və beynəlxalq şirkətlər Trampın sanksiyasına məhəl qoymadan İranla ticarəti davam etdirəcəksə, bu sanksiyaların İrana təsiri o qədər də böyük olmayacaq. Ancaq əgər Amerikanın sanksiyalarından ciddi şəkildə qorxub geriyə çəkiləcəklərsə, bu, İranın təklənməsinə və iqtisadi cəhətdən kiçilməsinə və böyük problemlərin üzə çıxmasına gətirib çıxaracaq. Yenə deyirəm, bu da nəticə etibarilə İranda sosial etirazların ortalığa çıxmasına şərait yaradacaq”.

“Dövlətlərin və beynəlxalq şirkətlərin davranışlarını proqnozlaşdırmaq çox çətindir”

“Dövlətlər, beynəlxlaq şirkətlər ABŞ-dan qorxub İranla iqtisadi əməkdaşlığı dayandıracaqmı və İran təklənəcəkmi” sualına N. Miri belə cavab verdi: “Artıq müəyyən siqnallar var. Bəzi beynəlxalq şirkətlər həqiqətən də ABŞ-ın bu sanksiyalarından çəkinərək İrana qoyulan investisiya layihələrindən imtina ediblər. Bu yöndə konkret açıqlama veriblər. Amma bu, hələlik İranda fəaliyyət göstərən bütün beynəlxalq şirkətlərə və dövlətlərə aid deyil. Bilirsiniz ki, sanskiya qərarı srağagün gecədən icraata başlayıb. Düşünürəm ki, bundan sonra artıq dövlətlər və beynəlxalq şirkətlərin davranışları göstərəcək ki, onlar nə qədər Amerikanın bu hegemon qərarına qarşı çıxacaqlar. Açığı, bunu bəri başdan proqnozlaşdırmaq çox çətindir. Bir şeyi də diqqətdən qaçırmaq lazım deyil ki, bu beynəlxalq şirkətlər və dövlətlər təkcə İrana investisiya yatırmırlar. Onların bir çoxunun dünya dövlətlərində böyük investisyaları var ki, İranın xatirinə onlar ABŞ kimi hegemon bir dövlətin sanksiyaları ilə üz-üzə qalmaq istəməzlər. Hər bir halda ortada bir nüvə anlaşması var və Amerikanın bu anlaşmadan bir tərəfli çəkilməsinə baxmayaraq, Avropa Birliyinin böyük ölkələri, yəni Fransa, Almaniya kimi ölkələr hələ də nüvə anlaşmasından çəkilmədiklərini və bu anlaşmanın qüvvədə olduğunu deyirlər. Ayrıca, onlar İranla iqtisadi və ticari əlaqələr olmaqda maraqlı olduqlarını da bəyan edirlər. Ancaq konkret sanksiyanın qüvvəyə minməsindən sonra bu ölkələrin də verdikləri açıqlamaların arxasında durmadıqları ortaya çıxır”.

“İran Qərb dünyası ilə deyil, regional ölkələrlə daha çox əməkdaşlıq etmək istəyəcək”

N.Miri bu qənaətdədir ki, enerji daşıyıclarının satışına məhdudiyyət qoyan ikinci mərhələyə qədər İran geri çəkilməyəcək: “Əksinə düşünürəm ki, İran Qərb dünyası ilə deyil, regional ölkələrlə, o cümlədən Türkiyə, Rusiya, Hindistan, eyni zamanda BRİKS təşkilatına daxil olan ölkələrlə daha çox əməkdaşlıq etmək istəyəcək. Çünki məhz bu ölkələr ABŞ-la rəqabətdə, ziddiyyətdə olan ölkələrdir. Çinin özü bu gün ABŞ-la ticarət savaşındadır. İran bu kontekstdə çalışacaq ki, Çin kimi böyük ölkələrlə bu ticarəti bölüşsün. Ona görə də düşünürəm ki, İran ciddi iradə ortaya qoymağa çalışacaq. İranın çəkilməsini gözləmək əbəs olar. Ən azından sanksiyaları ikinci mərhləsinə, yəni noyabra qədər İran geri çəkilməyəcək”.

Şamo EMİN