Niyə Bolton Qarabağ məsələsini Paşinyanla müzakirə etməyib? – EKSPERTLƏR

Baxış sayı:
4294

Son vaxtlar ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton regional ölkələrin bütün liderləri ilə telefon danışığı aparıb. Bolton bu günlərdə həm Prezident İlham Əliyev, həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə söhbət edib.

 
Yanvarın 23-ü Davosda Dünya İqtisadi Forumu keçirildiyi zaman, 1,5 saat davam edən Paşinyan-Əliyev görüşü, həmçinin, Paşinyanın dediyinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirə edilmədiyi Paşinyan-Bolton telefon danışığı baş tutub və bu barədə Facebook səhifəsində Paşinyan belə yazıb:
“Bir az əvvəl ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonla telefon danışığım oldu. Biz regional və ikitərəfli münasibətlər ilə bağlı məsələləri müzakirə etdik. Həm cənab Bolton, həm də mən Ermənistan-ABŞ əlaqələrinin hökumətlərimiz üçün əhəmiyyətini vurğuladıq və əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələri davam etdirməyi qərarı aldıq”.
Paşinyanın yazılı açıqlamasından sonra Bolton tərəfindən telefon danışığının məzmununa dair “twitter” açıqlaması yayıldı. Bu açıqlamada da Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında heç bir qeyd yox idi: "Dünən Ermənistan baş naziri Paşinyana zəng etdim və onu yenidən prezident seçilməsi münasibətilə təbrik etdim, həmçinin dekabr ayında keçirilmiş azad və qərəzsiz seçkilərlə bağlı erməni xalqını alqışladım. ABŞ, Ermənistanın öz gələcəyinin rifahını təmin etmək üçün göstərdiyi səylərini dəstəkləyir"
Bir müddət əvvəl isə məlum oldu ki, telefon söhbəti zamanı Con Bolton və Azərbaycan prezidenti İlham Əliyev Qarabağ məsələsini və münaqişənin nizamlanması perspektivlərini müzakirə ediblər: "Mən Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Biz bir sıra ümumi maraq doğuran məsələləri, o cümlədən, enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini müzakirə etdik”.
 “İşıqlı Ermənistan" fraksiyasından parlamentin üzvü, millət vəkili Arman Babacanyan “Facebook”dakı rəsmi səhifəsində aşağıdakı məzmunda suallar ünvanlayıb: 
“Baş nazirimizə və ölkəmizin xarici siyasətinə məsul olan məmurlara sual: niyə demək olar ki, eyni zamanda baş tutan Paşinyan-Bolton və Bolton-Əliyev telefon danışıqlarının məzmunu bu qədər fərqlənir? Nə üçün Paşinyan-Bolton telefon danışığında da təhlükəsizlik sahəsində əməkdaşlıq, Qarabağ münaqişəsinin həlli barədə mövzu və ABŞ-ın mövqeyi barədə danışılmayıb?”
Politoloq Ağası Yenokyan ABŞ prezidentinin məsləhətçisinin Dağlıq Qarabağ məsələsini Azərbaycan prezidenti ilə müzakirə edərkən, Ermənistan Baş naziri ilə etməməsinin nə ilə bağlı olduğuna aydınlıq gətirmək istəyib. Politoloq deyib ki, Paşinyan-Bolton telefon danışığında Qarabağ münaqişənin həllinin müzakirə olunmadığına inanmır. 
Onun sözlərinə görə, əgər söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilibsə, münaqişə də regional təhlükəsizlik məsələsi olduğuna görə, Qarabağ məsələsi də mütləq müzakirə olunmalıdır.
Venesuelanın Maduro məsələsinin müzakirə olunduğunu düşünməyən Yenokyan bildirib ki, Dağlıq Qarabağ məsələsindən yan keçilməsi tərəflər arasında ilkin razılığın nəticəsi ola bilər. Onun sözlərinə görə, Paşinyan Qarabağ söhbətini “aşağı” səviyyədə saxlamaq, Ermənistanda bundan yan keçmək cəhdləri edir. 
“Bu bəllidir çünki, bəzi süni problemlər yaranır, xalq üzülür, media bu məsələləri müzakirə etməyə başlayır və diqqət başqa istiqamətə yönəldilir. Bəlkə Boltondan bu məsələni ictimaiyyətə şərh etməməsi xahiş edilib. Bu problemin mövcud olması məqamı ən qaynar məsələdir, faktdır. Həmçinin Paşinyan bu məsələnin müzakirə edilməsini istəmədiyi də bir faktdır, bu da hansısa gizli bir şeyin hazırlanmasından xəbər verir. Bu isə razılaşmaların pozulmaması üçün edilir. Saxta gündəmlər formalaşdırmaqla bunun adı altında Qarabağ məsələsini sürüşdürülməsi mümkün olacaq. Bu, Əliyevlə görüşdükdən sonra deyilənlərlə eynidir, görüşdük, amma Dağlıq Qarabağ məsələsini müzakirə etmədik. Bu görüşdə müzakirə olunacaq başqa bir gündəm yoxdur. Əgər müzakirə olunubsa, bu, bir saxta gündəmdədir və deməli ora boş yerə getmisən”, - deyə Yenokyan ifadə edib.
 O, həmçinin vurğulayıb ki, inqilabdan sonra, seçkilər ərəfəsindən bilavasitə əvvəl və dərhal sonra Qarabağ çevrəsində müzakirələr ciddi şəkildə intensivləşdiyi görülür. 
Bu o deməkdir ki, nəsə bir şeyə hazırlıq gedir. İndiyədək ATƏT-in Minsk Qrupu çərçivəsində Ermənistan tərəfinin aprel döyüşlərindən sonra əldə etməyə nail ola bildiyi Vyana, Sankt Peterburq və Cenevrə razılaşmaları suya atılır. Heç olmasa həmsədrlərin bəyanatlarında bu məqam daha vurğulanmır”, - deyə o əlavə edib.
Ağası Yenokyan, erməni tərəfinin Qarabağın “statusu”ndan və təhlükəsizliklə bağlı ənənəvi yanaşmasından imtina etmədiyi barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın açıqlaması ilə tanış olduğunu vurğulayıb. Lakin Yenokyan qeyd edib ki, bu barədə Paşinyan hökuməti danışıqlar prosesinə qoşulanadək danışan həmsədrlər açıqlama versəydi, o halda Mnatsakanyanın sözləri inandırıcı ola bilərdi.
Qarabağ məsələsi ilə bağlı hansısa bir məqamın hazırlandığını qeyd edən Yenokyan bildirib ki, kənardan baxdıqda Qarabağda sülhün ən böyük zəmanətçisinin onun beynəlxalq status olduğu prinsiplərdən geri çəkilmə hiss olunur. 
Lakin bu gün “Sülh müqabilində -ərazilər” formatı irəli sürülür. Beynəlxalq məsələlər üzrə mütəxəssis Suren Sarkisyan bu barədə başqa fikirdədir. O qeyd edib ki, Boltonun Paşinyana zəng etməsi, Paşinyanın parlament seçkilərində qələbə qazanması və baş nazir vəzifəsində yenidən seçilməsini təbrik etmək zərurəti ilə bağlı olub, yəni məqsəd təbrik etməkdən ibarətdir. 
 “Telefon danışığı zamanı başqa məsələlərə toxunsalar da, əsas məqsəd təbrik etməkdən ibarət olub. Zəng etmək Boltonun təşəbbüsü idi. Doğrudur, Azərbaycan prezidentinə də Bolton zəng edib, lakin orada hakimiyyət dəyişikliyi baş verməyib və seçkilər keçirilməyibdir. Ona görə də Bolton Azərbaycan prezidenti ilə cari siyasi məsələləri müzakirə etməyə zəng edib”, - deyə o Paşinyan hakimiyyətinin rüsvayçılığını ört-basdır etməyə çalışıb. 
O qeyd edib ki, bu cür telefon danışıqlarıında bir qayda olaraq ikitərəfli gündəmin xüsusi məsələləri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələləri müzakirə edilir.
Ancaq Boltonun Minsk Qrupu həmsədri olmadığını qeyd edən Sarkisyan vurğulayıb ki, Minsk Qrupunun həmsədri Dövlət Departamentinin rəsmisidir. Həmin şəxs danışıqlar prosesi ilə məşgul olur və danışıqlar prosesinin bütün detalları ilə tanışdır. O, Boltonun yalnız danışıqlar prosesinin alqışlanması və daha da intensivləşdirilməsi təkliflərini verə biləcəyini qeyd etməklə, danışıqların detallarına yalnız Endryu Şeferin bələd olduğunu bildirib.
Sarkisyan Bolton-Paşinyan telefon danışığında Qarabağ məsələsinin müzakirə edildiyini, lakin ictimailəşdirilməməsi barədə razılaşma olduğu fikri ilə razılaşmadığını qeyd edib. Bölgənin təhlükəsizliyi barədə ümumi müzakirə aparıldığına, amma ayrıca Qarabağ məsələsinə toxunulmadığına əmin olduğunu vurğulayıb.