​Netanyahu Qüdsü İsrailin paytaxtı olaraq tanıyan TRAMPA TƏŞƏKKÜR ETDİ: “Əbədi minnətdarıq”

Baxış sayı:
2574

Muxalifət.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampa “Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdığı” üçün təşəkkür edib.
ABŞ prezidenti Donald Tramp bütün dünyaya canlı şəkildə translyasiya edilən və böyük reaksiyalar doğuran Qüds qərarını rəsmən açıqlayıb. Tramp ABŞ tərəfindən Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanındığını bildirib və qərarı kameraların qarşısında imzalayıb. Beləliklə, ABŞ 22 il sonra İsrailin bu qərarını tanıyan ilk ölkə olub. Tramp deyib: “Qüdsü İsrail paytaxtı olaraq tanımaq vaxtı çatıb və bu gün Qüdsü İsrailin paytaxtı olaraq tanıyırıq”.
İsraillilər qərarı qeyd eləməyə başlayıblar. Qüdsdəki Köhnə Şəhərin tarixi divarlarına ABŞ və İsrail bayraqları asıblar.
Türkiyədə isə Ankara və İstanbulda İsrailin nümayəndəlikləri qarşısında Trampın qərarına etiraz edənlər toplaşıbar.
İsrailin baş naziri Netanyahu deyib: “ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağı və ABŞ səfirliyini buraya köçürmək hazırlığı istiqamətindəki cəsur və ədalətli qərarı ilə bağlı dərin məmnuniyyət hissi keçiririk... Bu gün tarixi gündür. 70 ilə yaxındır ki, Qüds İsrailin paytaxtıdır və bizim ümidimizin, xəyalımızın, duamızın yeni minillikdəki dayaq nöqtəsidir. Qüds 3 min ildir ki, yəhudilərin paytaxtıdır. Müqəddəs məkanların statusunda dəyişiklik olmayacaq. Bu, İsrailin ilk günündən bəri hədəfimizdir. Yəhudi dövləti ilə yəhudi xalqı bunun üçün əbədi minnətdar olacaqlar”.
Qeyd edək ki, 1980-ci ildə İsrailin Şərqi Qüdsü ilhaq edərək özünə paytaxt elan etməsindən sonra BMT Təhlükəsizlik Şurası 478 saylı qətnaməsini qəbul edərək, İsrailin bu addımını qanunsuz elan etmişdi. Lakin Tramp bu qətnaməyə məhəl qoymayaraq dünən məsələ ilə bağlı qərarını dünyaya açıqlayıb.