“Nazirlər, məmurlar hər iclasda rəqəmlərlə “rəqs edirlər”” - EKSPERTLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
9844

Nazim Bəydəmirli: “İqtisadiyyatla mühasiblər məşğul olanda iqtisadi vəziyyət belə olur”

Dünən prezident İlham Əliyevin yanında keçirilən ilin 6 aylıq yekunlarınına həsr olunmuş sosial-iqtisadi sahə ilə bağlı müşavirə bu gün də sosial şəbəkələrdə müzakirə olunub. Keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkə hesabında yazır:

“Prezident İ.Əliyevin qiymət artımı ilə bağlı səsləndirdikləri fikirlər, əhalinin real gəlirlərinə mənfi təsir göstərən prosesslərə reaksiyası da normaldır, təbiidir...istənilən dövlət başçısı əhalinin əksəriyyətinin yaxşı yaşamasında maraqlıdır...
Ancaq xatırladıram ki, bazar iqtisadiyyatında "süni qiymət artımı" anlayışı yoxdur, rəqabəti məhdudlaşdıran kartel sövdələşmələri var, onu da yaradan monopolistlər, "məmur sahibkarlığı" və dövlət siyasəti olur...Məsələn, elə o iclasda iştirak edən Gömrük komitəsinin sədri bir müddət öncə bəyan etmişdi ki, biz "Baku steel"-dən soruşduq ki, idxal olunan İran armaturlarına hansı qiyməti qoysaq, o sizə sərf edər? Cavab da verib ki, onlar dedilər ki, 500 dollar, biz də gömrük bəyanetmə qiymətini 500 dollara qaldırdıq...Xatırladım ki, "neomonopoliya" dövlətin əli ilə belə yaradılıb, gömrük idxal olunan mallara bildiyi qiyməti tətbiq edərək, qiymətləri süni artırır. Təkcə bu sualda həm dövlət siyasəti ilə rəqabəti məhdudlaşdırma var, həm “məmur sahibkarlığına” dəstək var, həm də süni qiymət artımı var”.
“İqtisadiyyatla mühasiblər məşğul olanda iqtisadi vəziyyət belə olur”-deyə keçmiş deputat vurğulayıb.

“Sənaye parklarının rezidentləri bu günə büdcəyə ödədiyi vergilərin miqdarı nə qədərdir?”

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli isə öz “feysbuk” səhifəsində hökumətə suallar ünvanlayıb: “Şahin Mustafayev dünənki müşavirədə dedi ki, bu günə qədər sənaye parkları və məhəllələrinin yaradılmasına 5 milyard 700 milyon manat sərmayə qoyulub və həmin investisiyalar nəticəsində 11000 iş yeri yaradılıb.

1. Belə çıxır ki, 1 yeni iş yerinin yaranmasına 500000 min manat (yarım milyon) pul xərclənib, belə bahalı iş yerlərinin yaranması nə ilə əsaslandırılır?

2. Sənaye parklarının rezidentləri bu günə büdcəyə ödədiyi vergilərin miqdarı nə qədərdir?

3. Hər hansı bir hesablama varmı ki, bu günə qədər olan 5,7 milyard manat yatırım büdcəyə vergi və digər ödənişlər şəklində hansı zaman kəsimində geri dönəcək?”
“Nazirlər, məmurlar hər iclasda rəqəmlərlə “rəqs edirlər”, amma hesabat belə olmur. Hər səslənən rəqəmin iqtisadi “pasportu”, əsaslandırılması olmalıdır”,-deyə iqtisadçı əlavə edib.

Şamo EMİN, Hurriyyet.org