Nazirlik şadlıq saraylarının sahiblərinə müraciət edib: Vətəndaşlarımıza diskomfort yaratmasınlar

Baxış sayı:
160

Restoran və şadlıq saraylarından havaya atılan tullantıların azaldılması, normalara cavab verməsi üçün artıq onların 95 faizində təmizləyici qurğular quraşdırılıb. Lakin paytaxtda “tüstüləməyə” davam edən restoranlara hələ də rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə də şikayətlər daxil olub:

“Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, bəzi restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı təmizlənməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir. Restoran sahibləri bilməlidirlər ki, qurğulara vaxtında texniki xidmət göstərilməli, filtrləri də vaxtında təmizlənməlidir. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər?".

Nazirliyin sözçüsü şadlıq saraylarının sahiblərini filtrlərin vaxtında təmizlənməsini təmin etməyə çağırıb: "Hələ ki, məhərrəm ayıdır, toyların olmamasını nəzərə alaraq qurğulara texniki xidmət göstərilməsini, filtrlərin vaxtında təmizlənməsini təmin etsinlər və sakinlərə, vətəndaşlarımıza diskomfort yaratmasınlar”.