“Nazirin sifarişi ilə həbs olunmuşam” deyən şirkət rəhbərinə 5 il həbs cəzası

Baxış sayı:
7354

Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən "TUA TT" MMC-nin rəhbəri Tural Alışanlı 5 il azadlıqdan məhrum edildi. Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Alışanlı evlərin tikintisi üçün ayrılmış vəsaitin 159 min manatlıq hissəsinin yeyintisində təqsirli bilinib. Hərçənd, ona daha ağır – 515 min manatlıq ittiham verilmişdi. O, CM-nin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə mühakimə olunurdu ki, bu maddədə də 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Prokuror Alışanlıya 12 il cəza verilməsini təklif etmişdi.

37-yaşlı sahibkar məhkəmədə bildirib ki, o, nazir Sahil Babayevin hikkəsinin qurbanı olub. Onun sözlərinə görə, evlərin tikintisi üçün tenderin qalibi olandan sonra hissə-hissə vəsaitlər köçürülüb və evlər də tikilib. Yarımçıq işləri tamamlamaq üçün nazirlikdən qalan 157 minlik borcu istəyib, bu məqsədlə nazir müavini Vüsal Nəsirli ilə görüşüb: 

"Dedi ki, o pul verilməyəcək. Sənə 20 min veriləcək, işləri tamamla, təhvil ver. Dedim, "mümkün deyil". Bildirdi ki, sənə vaxt veririk, fikirləş. Razılaşmadım. Sonra mənə dedi ki, nazir mənim hərəkətlərimdən əsəbiləşib. Dörd ay sonra Sahil Babayev Asan Radioda efirdə olanda Facebook vasitəsilə ona müraciət etdim. Ondan sonra mənim haqqımda Baş Prokurora məktub göndərdi...".

Cinayət işinin materiallarında iddia olunur ki, Alışanlı nazirliyin ayırdığı 515 min manat vəsaiti şəxsi ehtiyaclarına ödəyib, müqavilədə nəzərdə tutulan işləri görməyib. O isə deyir ki, ittihamda yazılanlar yalandır. Müqavilədə nəzərdə tutulan evlər istismara verilib, bir neçəsinin tamamlanma işləri qalıb, çünki nazirlik bunun üçün lazım olan vəsaiti ödəməkdən imtina edib: 

"515 min manat yeyinti olsaydı, bu qədər iş görülə bilərdi? Bir nəfər gedib o evlərə baxmadan, yerində araşdırma aparmadan, ağızlarına gələni yazıb, az qala 3 il yarımdır ki, Sahil Babayevin sifarişi ilə məni həbsdə saxlayırlar...".

Məhkəmə Alışanlıya CM-nin 179.4 maddəsi ilə verilmiş ittihamı 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edərək ona 5 il azadlıqdan məhrumetmə cəzası kəsib. Nazirliyin ona qarşı 515 min manatlıq mülki iddiasını isə qismən – 159 min manatlıq hissədə təmin edib.

Alışanlı hökmdən narazıdır və apellyasiya şikayəti verəcəyini bildirib. O, təqsirsiz olduğunu deyir və bəraət istəyir./Azadliq.org