​Nazir müavininin oğlu: “Məni, ailəmizi şərləyir...” – ŞOK

Baxış sayı:
3403

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov şahid qismində ifadə verib.
O bildirib ki, əvvəllər “Liman qrupu” şirkətinin rəhbəri vəzifəsində çalışıb, xalası oğlu Rahib Hüseynovla heç bir iş birliyi olmayıb.
Onun sözlərinə görə, zərərçəkmiş Qoşqar Zeynalovdan alınan pullar ona çatmayıb. Təqsirləndirilən Rahib Hüseynovla münasibətlərinin əvvəllər yaxşı olduğunu deyən şahid qeyd edib ki, bu iş açılandan sonra onun belə əməllər törədtdiyini bilib: “Rahib Hüseynov məndən sui-istifadə edir, məni şərləyir ki, dələduzluq yolu ilə aldığı pulları mənim hesabıma ödəsin”.
Elnar Əsgərov qeyd edib ki, Rahib Hüseynov onun atası Arif Əsgərova güvənib və adından sui-istifadə edib: “Sonradan bu cinayət işi başlayanda atamı və bizim ailəmizi şərlədi. Qoşqara deyib ki, guya pulu mənə verib. Amma mənə o, heç vaxt pul verməyib. Eyni zamandan məndə səs yazısı da var ki, Rahib orda mənim adımdan istifadə edərək, zərərçəkmişdən pul alıb”.
İttihama görə, Rahib Hüseynov külli miqdarda əmlakı ələ keçirib. O, zərərçəkmiş Qoşqar Zeynalovun 4 milyon 300 min manat pulunu alıb və Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Bundan başqa, Rahib Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib. Onun barəsində cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zalında həbs edilib.
Emil Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
Cinayət materiallarına əsasən, Emil Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Barəsində həbs qətimkan tədbiri seçilən Emil Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, Emil Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Emil Hüseynov və Rahib Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur./Teleqraf/