NAZARBAYEVİN QIZININ HAKİMİYYƏTDƏN UZAQLAŞDIRLMASINA KREMLDƏN REAKSİYA - “Sanki aydın səmada ildırım çaxdı…”

Baxış sayı:
2613

Qazaxıstan Mərkəzi Seçki Komissiyası eks-prezident və ölkənin təhlükəsizlik Şurasının indiki rəhbəri Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib. Bununla da Dariqanın parlament senatının spikeri vəzifəsindən kənarlaşdırılması prosesi başa çatıb.

Xatırladaq ki, iki gün əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə sürpriz qərar verib. Hansı ki, indiyədək çoxları Tokayevi Qazaxıstan prezidenti postunda müvəqqəti fiqur hesab edirdi və onun yerini Dariqanın tutacağını proqnozlaşdırırdı.

Dariqanın hakimiyyətdən kənarlaşdırılması Rusiyada sürpriz kimi qarşılanıb. Dövlət Dumasının MDB işləri komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Qazaxıstan prezidentinin bu qərarı aydın səmada ildırımın çaxmasına bənzədi. “Dariqa Nazarbayeva ölkənin ikinci şəxsi idi. Bütün bu əhvalat sanki aydın səmada ildırımın çaxmasını xatırladır. Dariqa Nazarbayevanı kənarlaşdıraraq onun yerini harasa dəyişəcəklər, yaxud söhbət onun ümumiyyətlə kənarlaşdırılmasından gedir, bu hələ məlum deyil”,-Zatulin bildirib.

Zatulinin fikrincə, əgər Tokayev Dariqa Nazarbayevaya başqa mühüm vəzifə verməsə bu o demək olacaq ki, indiki və keçmiş prezidentlər arasında “bal ili” başa çatır. “Dariqa büütn istedadına baxmayaraq aşağı-yuxarı atasının yüksək dövlət postundakı nümayəndəsi idi. İndi Tokayevlə Nazarbayev arasında parçalanmanın olması olduqca ağlabandır. Nazarbayev son vaxtlar publika qarşısında az görünür, mümkündür ki, tezliklə o hakimiyyətdən tam kənarlaşdırılacaq”,-rusiyalı deputat bildirib.

“Novaya qazeta”dan Vyaçeslav Polovinko isə hesab edir ki, Tokayev Dariqa Nazarbayevanı hakimiyyətdən kənarlaşdırmaqla öz rəqibini kənara itələmiş oldu və prezident postunda mövqelərini möhkəmləndirdi. Onun fikrincə, indi Nazarbayevin Tokayevə tamamilə nəzarət etdiyi barədə fikirlər alt-üst olub.

Ekspert qeyd edir ki, Tokayev ötən il hakimiyyətə gələndən sonra islahat kursu elan edib, öz sələfinin kursunun bəzi aspektlərini tənqid etməkdən çəkinməyib və beləliklə də, qazax elitasının böyük hissəsinin dəstəyini qazanıb. Və Nazarbayev də onu dəstəkləyib.

“Eurasianet” portalının Mərkəzi Asiya üzrə redaktoru Piter Leonard isə Tokayevin mayın 2-də qəbul etdiyi qərara təsir edə biləcək iki hadisəyə nəzər salır. Belə ki, Tokayev koronavirusa görə ölkədə sərt karantin tətbiq edib və neftin ucuzlaşması ilə bağlı büdcə xərclərinə yenidən baxıb.

Dariqa Nazarbayeva isə Senatın spikeri kimi onun qərarlarını şübhə altına almağa çalışıb. Aprelin 15-də senat rəhbəri Konstitusiya Məhkəməsinə müraciət edərək ölkənin əsas qanunun 61-ci maddəsinin 3-cü bəndinə şərh verilməsini istəyib. Həmin bənddə deyilir ki, dövlət siyasətinin işlənib hazırlanmasında məhz parlament yüksək səlahiyyətlərə malikdir.

İkinci hadisə isə aprelin 30-da baş verib, Dariqa Nazarbayeva bildirib ki, dövlətin idarə edilməsi metodlarını radikal şəkildə dəyişmək lazımdır. Görünür Tokayev bütün bunları çağırış kimi qəbul edib və Dariqanı hakimiyyətdən kənarlaşdırmağı qərara alıb./virtualaz.org