“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir?” - Paşinyanın bu sualına Bakının cavabı olacaqmı...

Baxış sayı:
10273

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün ölkə parlamentində keçirilən “hökumət saatında” Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib. O deyib ki, “səmərəli danışıqların keçirilməsi üçün səmərəli danışıq formatı olmalıdır”. “AzadlıqRadiosu” Erməni xidmətinin məlumatına görə Paşinyan bildirib ki, belə bir format 1994-cü ildən mövcuddur və Dağlıq Qarabağ bu formatda danışıqlar prosesinin bərabərhüquqlu tərəfi kimi tanınıb: “Biz indi cəhd göstəririk ki,bu təsbit edilmiş format ATƏT-in Minsk qrupunun çərçivəsində tammənalı şəkildə işləsin”. Müzakirə zamanı Paşinyanın “Mənim addımım” fraksiyasından Tatev Ayrapetyan deyib ki, Bakı hazırda bütün dünyaya erməni tərəfinin mövqeyini sərtləşdirdiyini göstərməyə çalışır. Buna cavab olaraq Paşinyan deyib ki, belə qiymətləndirmələr mövcuddur, amma onun rəhbərlik etdiyi hökumətin Qarabağ tənzimlənməsinə dair mövqeyində heç bir dəyişiklik baş verməyib: “Hələ bundan əvvəlki çağırış Milli Məclisdə mən elə bu tribunadan demişdim ki... Qarabağ probleminin istənilən həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Biz özümüz də başa düşürük ki, bu elə də yüngül bəyanat deyil...Bu bəyanat normal danışıqlar atmosferinin yaradılması üçün və Azərbaycan tərəfinin də belə bir bəyanatla çıxış edəcəyi ümidi ilə verilmişdi və Ermənistan əslində bu istiqamətdə ilk addım atmışdı. Təəssüf ki, Azərbaycan tərəfindən indiyədək belə bəyanat verilməyib. Əksinə məsələlərin güc və hərbi yolla həll edilməsinə hazır olduqlarına dair daim eyham vurulur. Elə bəyanatlar səslənir ki, Azərbaycan hökumətinin məsələnin tənzimlənməsinin Qarabağ və Ermənisrtan xalqları üçün də məqbul variantının mövcudluğu barədə hətta düşünmədiyini göstərir...” Azərbaycan tərəfinin Qarabağa ən yüksək muxtariyyət verilməsi təklifi ilə bağlı məsələyə toxunan Paşinyan deyib ki, Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək haqqı var və o bu haqdan istifadə etməlidir: “Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir? Dağlıq Qarabağ xalqı öz mövqeyini dəqiq bildirib. Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququ var o bu hüquqdan istifadə edə bilməlidir. Beynəlxalq icmaya gəlincə isə, hesab edirəm ki, ATƏT-in Minsk qrupunun çərçivəsində elə prinsiplər təsbit olunub ki, bu prinsiplərin çərçivəsində tənzimlənmə əldə olunmalıdır. Çox mühümdür ki, bu prinsiplərdən biri kimi xalqların öz müqəddəratını təyinetmə hüququ təsbit olunub”. Virtualaz.org qeyd edir ki, rəsmi Bakı dəfələrlə Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək muxtariyyət statusunun verilməsinə hazır olduğunu bildirib. Bu zaman muxtariyyətin parametrləri dəqiqləşdirilməsə də dünyada mövcud olan muxtariyyət modellərindən nümunə götürülə biləcəyi deyilib. Lakin belə görünür ki, Azərbaycan tərəfi bu məsələdə mövqeyini daha təfərrüatlı şəkildə formalaşdıra və Dağlıq Qarabağ üçün ən yüksk muxtariyyət statusunun əsas parametrlərini işləyib hazırlaya, bunu Bakının konstruktiv yanaşmasının sübutu kimi təqdim edə bilər. O ki qaldı Paşinyanın vasitəçilər tərəfindən təsbit olunan nizamlama prinsipləri barədə dediklərinə, orada həqiqətən öz müqəddəratını təyin etmə hüququndan danışılır. Lakin eyni zamanda ərazi bütövlüyü prinsipi də nizamlamanın üç əsas prinsipindən biri kimi təsbit olunub. İndi isə Paşinyan bu prinsipin üstündən “sükutla keçməyə” çalışıb ancaq öz müqəddəratını təyin etmə barədə danışır. Əslində isə münaqişənin beynəlxalq cameənin, vasitəçilərin təsbit etdiyi prinsiplər əsasında həllinin vacibliyi barədə danışılırsa o zaman öz müqəddəratını təyin etmə ilə ərazi bütövlüyünün bir-birini istisna etmədiyi nəzərə alınmalıdır. Hansı ki, beynəlxalq vasitəçilər də bunu dəfələrlə vurğulayıblar. Yəni öz müqəddəratını təyin etmə ərazi bütövlüyünün pozulması hesabına baş verə bilməzdi.