Müxalifətçi mühacirin qohumlarına da təzyiqlər olunur

Baxış sayı:
2201

Siyasi fəaliyyətinə görə ölkəni tərk edən ADP-nin üzvü siyasi fəal Elçin İbrahimovun hakimiyyət orqanları tərəfindən təqib olunması davam edir. Elçin 1 il əvvəl ölkəni tərk etməsinə baxmayaraq, onun buradakı valideyinləri və yaxınları rahat buraxılmır. Bu dəfə onun  həyat yoldaşının valideynlərinin evinə naməlum nömrələrdən zənglər gəlməyə başlayıb. Zəng edənlər Elçinin özünü və ailəsinin başına oyun açacaqlarını bildiriblər.
Verilən məlumata görə, ötən gün iki nəfər mülki geyimli şəxs Elçin İbrahimovun qayınanasının yaşadığı ünvana gələrək Elçinin orada yaşayıb-yaşamadığı ilə də maraqlanıblar. Elçinin qaynanasının isə bu zənglərdən və qızının ailəsi ilə bağlı olunan hədə-qorxulardan dolayı səhətində problemlər yaranıb. Bu günkü gündə Elçin İbrahimovun valideyinlərinə və qohumlarına qarşı olunan basqı və təzyiqlərin onun siyasi fəaliyyəti ilə bağlı olduğu və bu təzyiqlərin hakimiyyət orqanları tərəfindən siyasi sifariş əsasında olması şübhəsizdir.
Qeyd edək ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçilərin yaxınlarının təqiblərlə üzləşməsi birinci hal deyil. Hətta son zamanlar hakimiyyət orqanları mühacirətdə olan müxalifətçilərin ailə üzvlərinə və qohumlarına qarşı təzyiqləri, onları öz müxalifətçi övladlarından və qohumlarından imtinaya məcbur etmələri intensiv xarakter almaqdadır.