Müxalifət mitinqlərlə nəyə nail ola bilər? - SİYASİLƏRDƏN AÇIQLAMA

Baxış sayı:
3103

Sülhəddin Əkbər: "Xalq kütlvəi dəstək vermirsə, mitinqlər nəticə verməyəcək”

Taliyət Əliyev: “Mitinq iştirakçılarının 90 faizi müxalifətin öz elektoratıdır”

Əli Əliyev: “Xalqın sözü həlledici olacaq”

Bəzi müxalif qüvvələr martın 10-da “Məhsul” stadionunda birgə mitinq keçirməyi planlaşdırıb.
Bildirirlir ki, mitinqin keçirlməsi üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət hazırlanıb. Müraciəti Milli Şura, AXCP və Müsavat Partiyası imzalayıb.
Məlumata görə, mitinq “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcək.

“Cəmiyyətdə vətəndaş aktivliyinin göstərilməsinə müsbət baxıram”

Müxalifət qüvvələrinin birgə mitinq keçirməsi planı ilə bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Hurriyyet.org-a dedi ki, mitinqlərin keçirilməsinə normal baxır: "Artıq Azərbaycanda növbədənkənar prezident seçkisi elan olunubdur. Onu da nəzərə alsaq ki, seçkilərin keçirilməsi hər bir vətəndaşın, insan hüququ, Konstitusion hüququdur, ona görə də mitinqlərin keçirilməsinə mən normal baxıram. Hər halda mitinq keçirən partiyalar öz fikirlərini bu şəkildə ifadə etmək yolu seçiblərsə, mən buna normal baxıram. Mitinqlərin keçirilməsində məqsəd öz fikrini mitinqə gələn insanlara çatdırmaqdır. Bu və ya başqa dərəcədə öz məqsədlərinə nail olacaqlar. Istənilən halda cəmiyyətdə vətəndaş aktivliyinin göstərilməsinə müsbət baxıram”.

“Siyasi məhbusların azad olunması istiqamətində müəyyən addımlar atıla bilər”

S. Əkbərin fikrincə, Azərbaycanda əhali, yəni xalq kütlələri siyasi təşkilatların ciddi tədbirlərinə kütlvəi dəstək vermirsə və aksiya bütün ölkəyə yayılmırsa, mitinqlər nəticə verməyəcək: “Ortaya qoyulan tələblərdən biri, yəni siyasi məhbusların azad olunması istiqamətində hakimiyyət özü də müəyyən hazırlıqlar görür, amma digər tələblər havada qalacaq. Yalnız siyasi məhbusların azad olunması istiqamətində müəyyən addımlar atıla bilər. Yenə də deyirəm neçə ki, xalqın kütləvi dəstəyi yoxdur, aşağıdan gələn tələblər hakimiyyətə təsir etmir”.

“Hakimiyyət daxilində olan narazı qruplar müxalifətin hərəkətə keçməsində maraqlı olarlarsa...”

“Gerçəkdən hakimiyyət daxilində olan narazı güclü qruplar müxalifətin hərəkətə keçməsində maraqlı olarlarsa və ona dəstək verərlərsə, (bu dəstək birbaşa da, dolayısı ilə də ola bilər) o zaman müəyyən proses başlaya bilər, yox, əgər ölkənin əsas resurslarını əlində toplayan dairələr bu mitinqlərə dəstək verməcəyəklərsə, həmişə gördüyünüz sıradan mitinqlər olacaq və hər hansı bir prosesə çevrilməyəcək. Yəqin ki, seçki kompaniyası dövründə insanların öz hüquqlarından istifadə etməsi ikitərfli qiymətləndilir. Yəni nəticəsi olacaqsa, bu, müsbət qiymətləndiriləcək, nəticəsi olmayacaqsa, hakimiyyətin demokratik seçki prosesi görüntüsü yaratmaq siyasətinə dəstək kimi də dəyərləndirilə bilər”,- deyə partiya sədri vurğuladı.

“Maraqlı xarici qüvvələr də tapılacaq”

“Ölkədə iğtişaş yaratmaq üçün xarici qüvvələrin də təsiri ehtimalı varmı” sualına S. Əkbər belə cavab verdi: “Indidədən söyləmək çətindir. Azərbaycanda ictimai-siyasi sabitlyin pozulmasında maraqlı xarici güc varsa, xüsusən də dediyim kimi, hakimiyyətə yaxın qüvvələr bu proseslərdə iştirak edərsə və onun real bir perspektivi görünərsə, fikrimcə, maraqlı xarici qüvvələr də tapılacaq”.

“Demokratik cəmiyyətdə bu cür aksiyaların keçirilməsi labüddür”

Azərbaycan Demokrat Partiyası sədrinin müavini Taliyət Əliyev dedi ki, mitinq keçirmək hər bir siyasi partiyanın, qurumun Konstitusion hüquqüdur: “Əslində, bunu heç kəs məhdudlaşdıra da bilməz. Kütləvi aksiyalar həmişə aktual olub, bu gün də Azərbaycan cəmiyyətində mitinqlər aktualdır. Sadəcə olaraq bu mitinqlərlə indki şəraitdə qarşıya qoyulan məqsədlərə çatıb-çatılmamasını birmənalı dəyərləndirmək olmaz. Hər halda seçkiqabağı bir şəraitdə müxalifətin belə bir təşəbbüsdə bulunması onların Konstitusion hüququdur. Bunu qarşı getməyə heç kimin haqqı yoxdur. Mətbuatdan öyəndiyimə görə, bu, seçki ilə bağlı kütləvi aksiyadır. Qoy, keçirsinlər, görək, cəmiyyətin nə qədər kəsimi bu mitinqlərə qoşulacaq. Onu da zaman göstərəcək. Yəni bunu mən normal qarşılayıram, buna qarşı getməyin də əleyhinəyəm. Çünki istənilən demokratik cəmiyyətdə bu cür aksiyaların keçirilməsi labüddür. Biz bu cür aksiyaların keçirilməsinə qarşı gedəriksə, onda biz sivil cəmiyyətin prinsiplərinə qarşı getmiş olarıq. Bununla bağlı nəyə nail olunacaq, o zamanın məsələsidir. Bunu qabaqcadan dəyərləndirmək mümkün deyil”.

“İnsanlar imza verməyə belə qorxurlar”

“Biz görürük ki, aparılan mübarizənin ciddi bir effekti, nəticəsi olmayıb. Bunun da əsas səbəblərindən biri odur ki, Azərbaycan vətəndaşları bu mitinqlərə kütləvi şəkildə gəlmir. Ancaq demək olar ki, həmişə mitinqlərə müxalifətin elektoratı gəlir. Demək olar ki, mitinq iştirakçılarının 90 faizi müxalifətin öz elektoratıdır. Qalan 5-10 faiz bitərəf şəxslər olub. Yəni gərək cəmiyyətin böyük elektoratı dəstək ola, burada iştirak edə. Böyük elektoratın iştirak etməməsinin də obyektiv və subyektiv səbəbləri var. Hakimiyyət insanların bu mitinqlərə qoşulmaması üçün öz əlində olan inzibati resurslardan istifadə edir. Digər tərəfdən cəmiyyət indi apolitik bir vəziyyətdədir. Ümumiyyətlə, mitinqlərə qoşulmağa o qədər də meyl göstərmir. Məsələn, dünən bir rayonda danışıram ki, seçki kompaniyası necə gedir? İnsanlar ümumiyətlə, seçkiyə inanmır. Hətta imza verməyə belə qorxurlar. Insanların böyük əksəriyyətində münasibət bu cürdür. Təsəvvür edin ki, hansısa bir namizədin müdafiəsi üçün vətəndaş bir imza verməyə belə çəkinirsə və onun üçün heç bir əhəmiyyət daşımadığın düşünürsə, onda görək bu mitinqlərə insanların münasibəti necə ola bilər? Ona görə bu mitinqlərin yüksək səviyyədə alınacağı bəri başdan sual altındadır. Çünki insanların çoxu apolitik vəziyyətdədir. Insanların çoxu öz talelərinə belə biganədirlər”, - deyə sədr müavini təəssüf etdi.

“50-100 min insan mitinqə çıxsa...”

“Mitinq “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcəyi bildirilir. Bu aksiyalarla hakimiyyəti həmin tələbləri yerinə yerinə yetirməyə məcbur etmək mümkündürmü” sualını T. Əliyev belə cavablandırdı: “Mümkündür, o halda ki, kütləvi aksiyalara kifayət qədər insan çıxsın. O şüarlarla 50-100 min insan mitinqə çıxsa, əlbəttə ki, hakimiyət o nöqsanların aradan qaldırılması istiqamətində çox ciddi addımlar ata bilər. Amma həmin şüarlarla mitinqlərə 5-10 min insan çıxacaqsa, hakimiyyəti bu tələbləri yerinə yetirməyə məcbur etmək mümkün olmayacaq və hökumətin siyasətini dəyişmək çətin olacaq. Bəli, həmin o şüarlar, problemlər, sosial əyintilər Azərbaycan reallığında mövcuddur. Istər siyasi məhbuslar olsun, istər korrupsiya ilə bağlı məsələlər olsun, bu problemlər var. Amma bu problemlərin həll olunmasından ötrü kütləvi şəkildə adamlar buna etiraz etməlidir. Çünki bu problemlərlə bağlı küçəyə 10 min adam çıxanda hakimiyyət deyir, baxın, “buna etiraz edən cəmi 10 min nəfərdir. Bu da müxalifətin elektoratıdır”. Yəni mitinqin effekti onun gücü ilə ölçülür, insanların o mitinqlərə qatılmasından asılıdır. Ancaq mitinqə nə qədər adam qatılacaq bunu qabaqcadan proqnazlaşdırmaq çətindir. Yəqin ki, bu 10-15 min arasında olacaq. Yəni son illər keçirilən mitinqilərin nəticlərindən çıxış edərək mən bu qənaətə gəlirəm. 10-15 mindən artıq adam ola bilməz. Insanlar aksiyalara dəvət etməkdən ötrü kifayət qədər həm insanlar arasında iş aparmaq lazımdır, həm də ki, insanları inandırıb bu prosesə qoşmaq lazımdır. Ondan ötrü də indiki zamanda müxalifətin əlində resurslar çox azdır. Amma hökumətin insanların bu mitinqlərə gəlməsinin qarşının almaq üçün resursları çoxdur”.

“Mitinqlərin iğtişaşlara səbəbə olacağını düşünmürəm”

T.Əliyev hesab etmir ki, bu mitinqlər ölkədə iğtişaşların əsasını qoya bilər: “Çünki bu sivil qaydada hakimiyətlə razılaşdırılmış bir kütləvi aksiyadır. Razılaşdırılmamış bir aksiya deyil ki, biz deyək ki, bu kütləvi iğtişaşlara gətirib çıxara bilər. Son illər Azərbaycanda sərbəst toplaşmaq azadlığı kifayət qədər məhdudlaşdırılıb. Ancaq “Məhsul” stadionunda yer verilir, ora da qapalı bir yerdir. Yəni hakimiyyətlə razılaşdırılmış qaydada sanksiyaladırılmış bir aksiya keçirilir. Həmişə onsuz da həmin müxalifət partiyaları yığılırlar, mitinq keçirirlər, şüarlarını səsləndirirlər və dağılıb, çıxıb gedirlər. Yəni burada iştişaş törətməyə lüzum da qalmır. Ona görə bu mitinqlərin iğtişaşlara səbəbə olacağını mən düşünmürəm. Elə bir şey ola bilməz”.

“Partiyalar bir çox məsələlərə fərqli yanaşırlar”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə vurğuladı ki, qanunlarımız belə tədbir keçirməyə əsas verirsə, hər bir partiyanın qanunların yaratdığı imkanlardan istifadə üçün şansı var: “O partiyalar hesab edirlərsə ki, mitinq mübarizə vasitəsidir, onların bu imkandan istifadə etmələrinə dözümlü yanaşmaq lazımdır. Seçkilərlə, digər siyasi proseslərlə bağlı baxışlarımızda fərqliliklər var. o partiyalar bir çox məsələlərə fərqli yanaşırlar. Fərqlilik hələ fikir müxtəlifliyi demək deyil. Onların bir taktikası,bizim başqa cür taktikamız var. mitinqlərin effekti olub-olmayacağını zaman göstərər. Onlar qərar veriblər, onlar da sınamalıdırlar, öz seçimlərini həyata keçirməyi bacarıb, nəticəsini də dadmalıdırlar”.

“Mitinq iştirakçıları 3-5 min olacaqsa, hakimiyyət həmin şüarlara reaksiya verməyəcək”

“Mitinqdə səslənəcək şüarların həyata keçməsi cəmiyyətin reaksiyasından asılıdır. Cəmiyyət hər hansı bir şüara dəstək verəcəksə, (ciddi dəstəkdən söhbət gedir) hakimiyyət o dəstəklə hesablaşmalı olacaq. Yəni xalqın sözü həlledici olacaq. Əgər mitinq iştirakçıları 3-5 min civarında olacaqsa, hesab etmirəm ki, hakimiyyət həmin tələblərə, şüarlara reaksiya verəcək”,-dedi VİP sədri.

“Vəziyyət kifayət qədər gərgindir”

Ə. Əliyev mitinqlərin iğtişaşlara gətirib çıxarcağını düşünmür: “Amma vəziyyət kifayət qədər gərgindir. Əhalinn dərin narazılığı var. Ancaq bunun nəyə gətib çıxaracağını proqnoz etmək çox çətindir. Sosilogiya çox mürəkkəb elmdir. Yəni bu cəmiyyətin hər hansı bir vəziyyətə verdiyi reaksiyasını proqnoz etmək çətindir”.

Şamo EMİN