Müxalifət mitinq keçirib

Baxış sayı:
2713

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb
 
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.
"Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də ölkə rəhbəri tərəfindən ogurluq, xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir".
 
***
 
Mitinqdə çıxış edən Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hakimiyyətin mitinqi istənilən yolla pozmağa cəhd etdiyini bildirib.
“Təkcə AXCP üzvlərindən 8 nəfər inzibati qaydada həbs olunub, onların üçü mitinq komitəsinin üzvləridir”, deyə o qeyd edib. Bundan başqa, Müsavat Partiyasının üzvləri də təzyiq və həbslərə məruz qalıb, deyə Kərimli əlavə edib.
AXCP lideri İlham Əliyev hökumətini 15 illik hakimiyyəti dövründə ölkənin bir problemini belə həll edə bilməməkdə ittiham edib. “Onlar yalnız təbii sərvətlər və insan resursları ilə zəngin ölkədə yoxsulluğun artmasına şərait yaradıblar. Bütün bunlar ölçüsüz korrupsiya və sıravi vətəndaşların hüquqlarının pozulması ilə əlaqədar baş verib, biz də məhz bütün bunlara etiraz edirik”, deyə Kərimli qeyd edib.
Çıxışının sonunda o, hakimiyyəti xalqdan talan etdiklərindən istifadə etməyə müvəffəq olmayan digər diktatorların acı təcrübəsini nəzərə almağa çağırıb. “Qərb banklarında yığdığı 16 mlrd. dollar Qəddafinin rifahına və təhlükəsizliyinə zəmanət verə bilmədi. Qoy hakimiyyətimiz tarixin bu dərslərini nəzərə alsın”, deyə Kərimli sözünü tamamlayıb.
 
***
 
Amerikanın Səsinin müxbirinin mitinqdən verdiyi məlumata görə, işıqlar sönüb. Mikrofon işləmir. Müxalifətçilər hökuməti mitinqə maneçilik törətməkdə günahlandırırlar.
 
***
 
Mitinqçilər meydana toplaşıb.
Müxalifət liderləri artıq mitinqə gəlməyə başlayıb. İlk olaraq AXCP sədri Əli Kərimli gəlib.
 
***
 
Martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.
Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.
Mitinqin təşkilatçıları martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.
Bu mitinqdən əvvəl isə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.
O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.
Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.
Amerikanınsesi.org