“MÜLKİ ƏLİL KİMİ HƏRBİ XİDMƏTƏ GETDİM, HƏRBİ ƏLİL KİMİ QAYITDIM…” – Cəlilabad sakini Qamət İsmayılov: “Məmurlar haqqımı vermir…”

Baxış sayı:
5194

Cəlilabad rayonu, Təbriz küçəsi, ev 45-də yaşayan İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər müvafiq qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hüquqlarımı bərpa etmək məqsədilə dövlət qurumlarına yazdığım şikayət ərizələrim nəticəsiz qaldığına görə və ailəmlə birlikdə düşdüyüm ağır durumdan çıxmaq məqsədilə Sizə müraciət etmək məcburiyyətində qaldım.

Mən 19 noyabr 1981-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 1998-ci ildə 2 saylı orta məktəbi bitirmişəm. 1999-cu ildə Sərbəst Güləş üzrə 1-ci dərəcəli güləşçi adına layiq görülmüşəm. 2000-ci ildə DİN-in Daxili Qoşunlarının tərkibində hərbi xidmətə başlamış, 2001-ci ildə təxris olunmuşam. 2001-ci ildə Gənclər, İdman və Turizim Nazirliyi yanında Bakı Bədən Tərbiyəsi və Turizim Kollecinə qəbul olunmuş, 2004-cü ildə bitirmişəm. 2005-ci ildə YAP-ın sıralarına qəbul edilmişəm.

Daxili Qoşunlarda xidmət edərkən Montində yerləşən N saylı hərbi hissədə, “Dinamo” İdman Cəmiyyətində və Müdafiə Nazirliyinin “Ordu” İdman klubunda idman yarışlarında uğurlar qazanmışam. Diplom, Fəxri fərman və mükafatlarla təltif olunmuşam. 2001-ci ildə Daxili Qoşunların Şəki və Zaqatalada yerləşən hərbi hissələrində xidmət edərkən mənə Xidməti xasiyyətnamə verilib.

Bütün çətinliklərə baxmayaraq, həmişə ölkə rəhbərinin xarici və daxili siyasətini dəstəkləmişəm. Dövlətçiliyimizin keşiyində dayanmışam, vətənpərvərlik baxımından sayılıb-seçilmişəm. Belə ki, Daxili Qoşunların xususi əməliyyatlarında iştirak etmiş, 2000-ci ildə Bakı şəhərində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında səylə vuruş, N saylı hərbi hissənin əsgəri kimi peşəkarlıq və qətiyyət göstərmişəm. Yəni qarşıya çıxan çətinliklərə baxmayaraq, vəzifə borcumu vicdanla yerinə yetirmişəm və asayişin bərpa olunmasında canımdan keçməkdən belə qorxmamışam.

2001-ci ildə Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kriminogen durum kəskin şəkildə pisləşmişdi. Silahlı cinayətkarlar N saylı hərbi hissəyə basqın etmiş və Zaqatala rayonu Polis şöbəsinin əməkdaşları quldurlar tərəfindən atəşə tutulmuşdu. Bölgədə bir sıra terror aktları törədən məlum silahlı cinayətkarların axtarılmasında və zərərləşdirilməsində, N saylı hərbi hissənin əsgəri kimi, tapşırıqları layiqincə yerinə yetirmişəm və bu zaman mətnlik və fədəkarlıq göstərmişəm. Gürcüstan və Dağıstanın Azərbaycan Respublikası ilə sərhədlərində cinayətkarlara qarşı axtarış əməliyyatlarında iştirak etmişəm.

10 may 2000-ci ildə Ulu öndər H.Əliyevin ad günü münasibətiilə T.Bəhrəmov adına stadionda “hərbi pakaznoy”da iştirak etmişəm və nümunəvi çıxışlar göstərmişəm.

2000-ci ildə mərhum prezident Əbülfəz Elçibəyin cənazəsi Türkiyədən Azərbaycana gətirilərkən və dəfn mərasimində müxalif insanlar ictimai asayışı pozmaq istərkən DİN-nin Daxili Qoşunlarının əsgəri kimi sabitliyin bərpasında iştirak etmişəm.

2000-ci ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı əhaliyə bir əsgər kimi köməklik göstərmişəm.

2000-2001-ci ildə xidmət etdiyim hərbi hissələrdə xəsarətlər almışam. Məsələn, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Metodrom stadionunda məşğələ zamanı.

Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” kinoteatrının ətrafında gedən mitinqlərdə Daxili Qoşunların əsgəri kimi dövlətin təhlükəsizliyini qoruyan zaman;

Hacıqabul rayonunda karantində hərbi təlim zamanı;

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Türkiyə Respublikasından gələn komandoların keçirdiyi hərbi təlim zamanı.

Şəki, Qax, Zaqatala, Balakən rayonlarında xidmət edərkən mitinqlərdə, əməliyyatlarda dövləti mühafizə etmişəm və kəllə-beyin travması, müxtəlif bədən xəsarətləri almışam.

Xidmət etdiyim hərbi hissələrin xəstəxanasında və Sahil qəsəbəsində yerləşən hərbi hospitalda müalicə almışam və yenidən hərbi xidmətə davam etmişəm.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Mən hələ uşaq ikən əlil olmuşam. Buna baxmayaraq könüllü olaraq orduya getmiş, Vətənə olan borcumu layiqincə yerinə yetirmişəm. Sağlam gənclərin bəzisi hansı yollarlasa ordu sıralarından qalırdı və bu imtiyazdan öz məqsədləri üçün istifadə edirdi. Bu gün ölkədə saxta əlillər demək olar ki, çox şeyə nail olublar. Amma mən döyüşkən əsgər, vətənpərvər insan kimi haqqımı ala bilmirəm. Ailəliyəm 2-uşaq atasıyam, kirayədə yaşayıram. Dəfələrlə rəsmi qurumlara müraciət etmişəm, səsimə hay verən tapılmır. Mən də hərbi əlil kimi evlə, maşınla, Prezident təqaüdü və sığorta ödənişi ilə, normal işlə təmin olunmaq hüququna malik Azərbaycan vətəndaşıyam.

Mərhum böyüklərim məni əlil olduğum üçün hərbi xidmətə qoymurdu. Amma mən əlilliyimi bir qırağa qoydum, Vətənə xidmət etməyə getdim. Mərhum böyüklərim xəstəlik sənədlərimi xidmət etdiyim hərbi hissəyə gətirdilər. Mənə “hərbiyə yararsız” hərbi bileti verirdilər. Mən ondan imtina etdim. Hərbi hissə komandirinə bildirdim ki, bir neçə aydır xidmət edirəm, xidmətimi başa çatdırmağıma az qalır, mənə “hərbiyə yararsız” biletinin verilməsi haqqsızlıq olar. Neçə aydan sonra xidməti başa vurdum.

Hərbidən təxris olunduqdan sonra heç bir xəstəlik sənədimi mənə vermədilər. Mən də sadəlövlükdən həmin xəstəlik sənədlərimin mənə lazım olacağını düşünmədim və tələb etmədim. Sonra müxtəlif illərdə Daxili Qoşunların Sahil qəsəbəsindəki hospitalının həkimlərinə müraciət etdim. Hərbi xidmətim vaxtı xəsarət aldığım və müalicə olunduğum haqqında olan sənədlərimin verilməsini xahiş etdim. Məndən rüşvət istədilər. O vaxt rüşvət vermədim. Aidiyyəti qurumlara şikayət etdim. Şikayət etdiyim qurumlar mənə söz verdilər ki, sənə köməklik olunacaq. Amma heç bir köməklik olunmadı, əksinə xəstəlik sənədlərimi itirdilər və mən çarəsiz qaldım.

Axırıncı dəfə 2016-cı ilin fevral ayında Səfərbərlik Xidmətinin rəisi mənim işimlə bağlı Daxili Qoşunlara müraciət edib. Daxili Qoşunlardan mənə zəng olundu və məktub gəldi. Bildirdilər ki, “biz yeni kadrlarıq, hospital başqa əraziyə köçürülüb, çox dəyişiklər olub, sənin xəstəlik sənədlərini arxivdən tapa bilmədik”. Sonra məndən hansı günlərdə xəstəxanada yatdığımı soruşdular. Cavab verdim ki, neçə illər öncə hərbidən gəlmişəm, kəllə-beyin və bədən xəsarətləri travması almışam, o vaxtdan əsəb-ürək dərmanları qəbul edirəm və dəqiq vaxtı yadımdan çıxıb. Ona görə də, heç bir müsbət nəticəsi olmadı.

Adi xəstəlik təqaüdü alıram. O da yaşamaq üçün kifayət etmir. Neçə ildir ki, istəyirəm Daxili Qoşunların hospitlında xəstəlik sənədlərimi (Tibbi arayışı) alıb, ev növbəsində durum və təqaüdüm hərbi təqaüd kimi təyin edilsin. Rüşvət vermədiyim üçün işim düzəlmir. Mülki əlil kimi vətənə xidmət etmişəm və hərbi əlil kimi qayıtmışam. Hökümət məmurları məndən əlil kimi istifadə edib, haqqımı vermirlər.

Bütün seçkilərdə fəal iştirak etmişəm. Bu istiqamətdə üzərimə qoyulan vəzifələrə layiqincə əməl etmişəm. Ona görə də sizlərə müraciət edirəm və inanıram ki, mənə köməklik olunacaq.

Şikayətimə baxılmasa, ya canıma qəsd etmək, ya da YAP-dan çıxaraq, ailəmlə birlikdə vətəndaşlıqdan imtina etmək və xarici ölkələrdən sığınacaq almaq məcburiyyətində qalacağam. Ümidvaram ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mənim səsimi eşidəcək və problemlərimin həlli üçün müvafiq qurumlara dəstək verəcək.

Onda onu da qeyd edim ki, “Youtube”da “İsmayılov Qamət” yazmaqla, hər kəs xidmətlərimlə tanış ola bilər”.

Jalə FAMİLQIZI