​MTN-nin şöbə rəisinin cəzası 5 ilə endirildi - QƏRAR

Baxış sayı:
5965

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, Bakı Hərbi Məhkəməsinin hökmünü qanuni və ədalətli olduğunu bildirib. Qeyd edib ki, Vüsal Ələkbərov və onun vəkillərinin apelyasiya şikayətlərinin əsassızdır. Prokuror hpkmün dətişdirilməmşsini istəyib.
Daha sonra çıxış edən Vüsal Ələkbərov bildirib ki, birinci məhkəmə instansiyası onun barəsində əsassız hökm çıxarıb: "Mənə mütəşəkkil dəstə tərkibində ittiham verilib. Amma mütəşəkkil dəstə müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib zərərçəkmiş Akif Qurbanova verilməsi barədə qərar verilib. Nə səbəbə mütəşəkkil dəstənin törətdiyi cinayətin əməlini mən ödəməliyəm? Mütəşəkkil dəstə anlayışı ilə bağlı Ali Məhkəmənin plenumunun qərarı var. Həmin qərarlara nəzər yetirilməlidir. Xahiş edirəm, bu məsələyə diqqət yetirilsin. Bu qədər ədalətsizlik olmaz”.
Daha sonra hakimlər qərar açıqlayıblar. Qərara görə, Vüsal Ələkbərovun cəzası 5 ilə endirilib.
Zərərçəkmişlərin apelyasiya şikayəti təmin edilməyib.
Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul olunub.
Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.
Cinayət işində adı keçən zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.
Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.
Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.
Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.
Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.
İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.
Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.