MTN-in həbs etdiyi şəxsin oğlundan 50 min alan şəxs azadlığa çıxdı

MTN-in həbs etdiyi şəxsin yaxınlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1966-cı il təvəllüdlü Abbasov İlham Cabir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 70-ci (şərti) maddə tətbiq edilməklə 3 il sınaq müddətinə cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
O da məlum olub ki, məhkəmə istintaqı dövründə dəymiş zərər ödənilib.
Bildirək ki, bu hadisələr 2008-ci idə baş verib. İlham Abbasov uzun müddət Moskvada olduğu ərəfədə istintaqdan yayına bilib. İ.Abbasov 2009-cu ildən axtarışda olub. 2017-ci ildə Bakı Hava Limanında saxlanılıb və istintaqa cəlb olunub.
İ.Abbasov İntiqam adlı şəxsin MTN tərəfindən həbs edilən atasını azad edəcəyini vəd edərək ondan 50 min dollar alıb. Amma pulu ələ keçirərək Moskvaya qaçıb.
İ.Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.