​MTN generallarının məhkəməsi başladı: sabiq nazirin ifadəsi yoxa çıxıb

Baxış sayı:
7573

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilənlərdən Anar Şirəliyevin cəza müddəti başa çatıb. Lakin o azadlığa buraxılmayıb.
Anar Şirəliyev həmçinin onu da qeyd edib ki, cəzası bu gün başa çatsa da, apellyasiya şikayətini müdafiə edir və barəsində bəraət hökmünün çıxarılmasını tələb edir.
Daha sonra hakim qeyd edib ki, Eşqin Əliyev apellyasiya şikayətindən imtina edib: "Çünki o, apellyasiya şikayətində ona şərti cəza verilməsi istəyib. Dünən o, cəza müddəti başa çatdığından azadlığa çıxıb".
Şərti cəza alanlardan yalnız Fərhad Atayev apellyasiya şikayəti verib.
Prosesdə təqsirləndirilən və zərərçəkmişlərlə yanaşı, prosesə aidiyyəti olmayan ancaq əmlakı müsadirə olunmuş bir sıra şəxslərdə apellyasiya şikayəti veriblər.
Prosesdə MTN generalı Sübahir Qurbanovun vəkili Adil Ismayılov vəsatət verərək apellyasiya şikayətinin qismən istintaq yolu ilə aparılmasını istəyib.
Vəkil bildirib ki, bir sıra sənədlər o cümlədən təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri cinayət işinin materiallarından çıxarılıb: "İfadələrdən çıxarışlar tikiblər, lakin ifadələr yoxdur. Məsələn, Teymur Quliyevin, Anar Şirəliyev, Fərhad Atayev, Natavan Mirvətova, Elşad Əzizovun, şahidlərdən keçmiş Rabitə naziri Əli Abbasovun, aparat rəhbəri Vidadi Zeynalovun, Fuad Səfərov və başqaların ifadələri yoxdur. İttiham aktında Vidadi Zeynalovun ifadəsində çıxarışda olmayan xeyli ittihamlar var. Biz o ifadə ilə tanış ola bilmirik. Qanun yazır ki, tərəflər bərabərdir. Niyə prokurorluqda həmin ifadələr olmalıdır, biz tərəfdə yox. Ekspertiza rəylərinə istinad var, lakin rəyin özü yoxdur".
Vəkil həmçinin qeyd edib ki, zərgərlərdən pul alınması epizodunda nə zərərçəkmişin özünün, nə də şahidilər ifadəsi iş materiallarına daxil edilməyib: "Birinci instansiya məhkəməsində bununla bağlı vəsatət qaldırdıq, məhkəmə həmin ifadələrin alınması üçün prokurorluğa sorğu göndərdi. Dindirmə protokolları verildi və məlum oldu ki, o adamların ifadələrində olan bir cümlə məqsədli şəkildə çıxarılıb. Orda bir adamın adı çəkilirdi. Qapalı iclas olsa həmin adı sizə deyə bilərəm. Qalan ifadələr dəfərlərlə müraciət etməyimizə baxmayaraq verilmədi. Əgər həmin materialların sirr olduğunu əsaslandırırlarsa bəs niyə iş materiallarına çoxlu sayda tam məxfi qrifli sənədlər tikilib?".
Digər vəkillər də apellyasiya şikayətinə qismən istintaqla baxılmasını istəyiblər.
MTN generalı Teymur Quliyevin vəkili vəsatət verərək Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəmədə çağırılaraq dindirilməsi istəyib.
Təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev bütün qohumlarına məxsus əmlakların müsadirə olunmasından şikayətlənib: "Mənimlə bağlı araşdırma aparanda gördülər ki, bir torpaq sahəmdən və avtomobilimdən başqa əmlakım yoxdur. Ona görə nə qədər qohumum var, hamısının əmlakına həbs qoydular. Heç bir araşdırma aparmadan müsadirə etdilər. Bu əmlakların sahibləri dindirilməyib".
Hakimlər vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra vəsatətlərin heç birinin təmin edilmədiyi açıqlanıb.
Məhkəmə baxışı oktyabrın 29-a təyin edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliye 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadləqdan məhrum ediliblər.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
Şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə iclas zalından azadlığa buraxılıb./Open.az/