MSK QARŞISINDA ETİRAZ AKSİYASI - Polis etirazçıları dağıtdı / YENİLƏNİR

Baxış sayı:
2405

MSK-nın binası qarşısındakı qanunsuz etiraz aksiyasına seçkilərin nəticələrindən narazı qalmış digər namizədlər, həmçinin müxalifət xadimləri də qoşulublar.

Məlumata görə, onların arasında ReAl-ın keçmiş liderlərindən olan Azər Qasımlı, NIDA üzvü Turqut Qəmbər, deputatlığa namizəd Fərhad Mehdiyev və başqaları da olublar.

MSK-nın katibi etiraz edən namizədlərin qarşısına çıxıb, onları maraqlandıran suallar üzrə sabah şərh veriləcəyini bildirərək dağılışmalarını xahiş edib. O həmçinin bildirib ki, MSK-da seçkilərdəki pozuntular haqda sosial şəbəkələrində yayılmış videolardan xəbərdadırlar və komissiya onları araşdıracaq.

Ancaq deputatlığa namizədlər və onların tərəfdarları ərazini tərk etməkdən imtina edərək, onların qarşısına MSK sədri Məzahir Pənahovun çıxmasını tələb ediblər.

Bir müddət sonra əraziyə onlarla polis gəlib, onlar da etirazçılardan əraziləri azad etmələrini tələb ediblər. Tələbləri qulaqardına vurulduqda, onlar qanunsuz aksiyanı dağıtmağa və üzvlərini saxlamağa başlayıblar.

Saxlanılanların hamısı hadisə yerinə gətirilən avtobuslara mindirilib.

*   *   *20:52

Bir qrup deputatlığa namizəd Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında qanunsuz etiraz aksiyası keçirməyə cəhd edib.

Məlumata görə, aksiyada 10 saylı Binəqədi Üçüncü Dairəsindən deputatlığa namizəd Rəbiyə Məmmədova, Müsavat partiyasından deputatlığa namizəd Elman Quliyev və başqaları iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən saytımıza verilən məlumata görə, polis əməkdaşları namizədlərə aksiyanın qanunsuz olduğu barədə xəbərdarlıq edərək ərazini boşaltmalarını xahiş ediblər.

Aksiyaçılar arasında saxlanılanlar olmayıb./Virtualaz.org