“Mərkəzi Bank kriptovalyutaya keçidə hazırlığı sürətləndirməlidir” - EKSPERT

Baxış sayı:
4369

Ekspert: “Yaxın gələcəkdə blokçeyn texnologiyasının tətbiqi qaçılmaz olacaq”
 
Dünyada kriptovalyutalarla əməliyyatları qanuniləşdirən ilk ölkə olan Belarusda milli kriptovalyuta olan talerə tələbat gün-gündən artır. Qeyd edək ki, talerin buraxılmasında məqsəd iqtisadiyyatın inkişafına nail olmaq, investisiyaları cəlb etməkdir. Kriptotalerə Mərkəzi Bank tərəfindən nəzarət olunmur, Belarus rublu ilə rəqabət aparmır. Taler dünyada məşhur olan blokçeyn texnologiyası əsasında işləyir. Belarus vətəndaşları xüsusi proqram yükləməklə talerlə alqı-satqı həyata keçirə bilirlər.
Belarusda  2023-cü il yanvar ayının 1-nə qədər kriptovalyutalardan əldə olunan gəlirlərdən vergi tutulmayacaq.
Onu da bildirək ki, hazırda Rusiyada da kriptovalyutalarla bağlı qanun layihəsi hazırlanır. Bu ölkənin Avropa və ABŞ sanksiyalarından yayınmaqla alqı-satqılar həyata keçirmək üçün özünün kriptovalyutasını yaratmalı olduğunu deyənlərin sayı isə getdikcə artır.
Daha bir qonşumuz olan Qazaxıstanda da kriptovalyuta bazarı ilə yaxından maraqlanmağa başlayıblar. Ölkənin Mərkəzi Bankı nəzdində bu bazarı öyrənib təhlil edən xüsusi qrup formalaşdırılıb.
Azərbaycanda isə mətbuatın yazdığına görə, yanvar ayında “Kriptovalyuta ticarətinin tənzimlənməsi” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycan prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edir.
Məlumatlarda o da bildirilir ki, qrupun tərkibinə maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də daxil olacaqlar. Yaradılmış qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtlərinə və reallıqlarına uyğunlaşdırmalıdır.
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Azərbaycanda kriptovalyutalarla əməliyyatlara keçid prosesinə hazırlıq sürətləndirilməlidir: “Azərbaycan bu prosesə hazır olmalıdır. Çünki qlobal prosesdir, Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır. İstəsə belə, qlobal iqtisadiyyatda baş verən proseslərdən tam bloklana, özünü kənarda saxlaya bilməz. Növbəti dövrlərdə maliyyə bazarlarında öz əməkdaşlıq imkanlarını qoruyub saxlamaq və genişləndirmək istəyirsə, xüsusilə də informasiya texnologiyalarının inkişaf imkanlarından yararlanmaq istəyirsə, təbii ki, kriptovalyutalar istiqamətində hüquqi bazanın formalaşdırılması, infrastrukturun ona uyğunlaşdırılması məsələləri mərhələli şəkildə öz həllini tapmalıdır”.
Ekspert hesab edir ki, Belarus və Rusiyada kriptovalyutalara diqqətin yüksək olması Qərbin sanksiyaları ilə bağlıdır: “Xüsusilə Rusiyada sanksiyalar üzündən iqtisadiyyata investisiya cəlbi ilə bağlı ciddi problemlər yaranıb. Çünki sanksiyaların əsas hədəflərindən biri də bu ölkələrlə iqtisadi əməkdaşlığın qarşısını almaqdır. Bu baxımdan Belarusun qərarı, həmçinin Rusiyanın kriptovalyutalara meylinin yüksəkliyi sanksiyalardan yayınmaqla iqtisadiyyata investisiya cəlbini stimullaşdırmaq istəyindən irəli gəlir. Bu gün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də kriptovalyutaların qanunsuz yollarla əldə olunan vəsaitlərin yönləndirilməsində istifadəyə açıq olmasıdır. Bu istiqamətdə hələ ki effektiv nəzarət mexanizmləri formalaşmayıb. Artıq Avropa Birliyində belə mexanizmlərin formalaşdırılması üçün fəaliyyətlərə başlanıb. Lakin hansısa nəticələr əldə olunduğunu söyləmək hələlik mümkün deyil. Düşünürəm ki, belə şərtlər daxilində kriptovalyutanın gələcəyi daha çox bu istiqamətdə nəzarət imkanlarının formalaşdırılmasından asılı olacaq. Onların leqallaşdırılması istiqamətində addımlar atılır. Böyük şirkətlər öz tədavüllərində kriptovalyutaların imkanlarından getdikcə daha çox yararlanmağa çalışırlar. Düşünürəm ki, yaxın gələcəkdə blokçeyn texnologiyasının tətbiqi qaçılmaz olacaq. Bu, həm şirkətlərin xərclərini azaldır, həm operativlik təmin olunur. Lakin burada risklər də olmamış deyil. Əsas risklərdən biri, əlbəttə, müxtəlif qrupların maliyyələşməsi üçün kriptovalyutalardan istifadə imkanlarının geniş olmasıdır”.