“Mərhələli həll bizim üçün ən məqbul variantdır” - Elxan ŞAHİNOĞLU

Baxış sayı:
831

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ məsələsini bir sənədlə birdəfəlik həll etmək mümkün deyil: “Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə özünün “Twitter” səhifəsində yazıb ki, Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır.
 
Mən Lavrovun səmimiyyətinə inanmıram”
 
Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlmasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Muxalifet.az-a dedi ki, Lavrovun fikirləri tez-tez dəyişir: “Lavrov keçən il deyirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. Mən onun səmimiyyətinə inanmıram. Dünənki mətbuat konfransında başqa bir fikir də söyləyib ki, “Bu munaqişəni ancaq Ermənistan və Azərbaycan özləri həll edə bilər”. Bu da bəhanədir. Rusiya əsas vasitədirsə, Ermənistana da təsir imkanları var. Sadəcə münaqişənin həllində maraqlı deyil. Lavrovun dünən mərhələli həll ilə bağlı dediyi fikirlər o demək deyil ki, o, həqiqətən mərhələli həll planını dəstəkləyir”.
 
“Lavrov tez-tez dəyişir”
 
E.Şahinoğlu deyib ki, Azərbaycan tərəfindən Lavrovun açıqlamasını dəstəkləyən elə bir alqış yoxdur: “Xarici İşlər Nazirliyinin bir açıqlaması var, sadəcə dilindən tutublar ki, sən belə demisən, buna da riayət et. Amma yenə təkrar edirəm, Lavrov tez- tez dəyişir. Onun mərhələli həll planı ilə bağlı fikirləri mərhələli həll planını ehtiva etməsi mənasına gəlmir”.
 
“Münaqişənin başqa alternativi yoxdur”
 
“Mərhələli həll variantı bizim üçün məqbul variantdırmı” sualına E. Şahinoğlu belə cavab verdi: “Əlbəttə, bu, bizim üçün ən məqbul variantdır. Münaqişənin başqa alternativi yoxdur. Birinci Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalı, ondan sonra, artıq statusla bağlı müzakirələr başlaya bilr”.
 
Şamo EMİN, Muxalifet.az