“Əmrahbank”dan MÜDHİŞ FIRILDAQ: 77 yaşlı tənha qadının pullarını necə oğurladılar? – FİLM KİMİ HEKAYƏT

Baxış sayı:
11851

"Ömrü boyu halal zəhmətimlə qazandığım pullar "Əmrahbank” tərəfindən mənimsənilib. Hüquq mühafizə orqanları isə bu cinayəti ört-basdır edir”.
"BakuPost”ın məlumatına görə, bu sözləri Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəsmi üzvü, Bakı şəhər sakini Burlaçuk Qalina Aleksandrovna redaksiyamıza ünvanladığı şikayət məktubunda yazıb.

"Əlimdə olan pulu 2006-cı ildən başlayaraq,  "Əmrahbanka” yerləşdirməyə başladım”

Qalina Aleksandrovna məktubda  bildirir ki, həyat yoldaşı keçmiş SSRİ-nin Hərbi Dəniz Qüvvələrinin zabiti  olub, 1-ci dərəcəli kapitan (polkovnik)  rütbəsi daşıyıb, 1991-ci ildə naməlum şəraitdə Bakıda evində güllə yarasından həlak olub. Özünün isə hazırda 77 yaşı var, Azərbaycan vətəndaşıdır: "Mən  77  yaşlı xəstə, təqaüdçü qadınam. Mənim oğlum ömürlük əlildir və hazırda Rusiyada yaşayır”.
Daha sonra Q.Burlaçuk  qeyd edir ki,  həm qocalığı dövründə özünün tələbatını ödəmək, həm də əlil oğlunun gələcəkdə vərəsəlik hüququnu təmin etmək üçün ömrü boyu zəhmətilə qazandığı maliyyə vəsaitini banka yatırmağı qərara alıb: "Əlimdə olan pulu tanışlarımın məsləhəti ilə  2006-cı ildən başlayaraq hissə-hissə respublikada məşhur olan "Əmrahbanka” yerləşdirməyi qərara aldım.  Bunun üçün bankın Nəsimi filialına gələrək, filialın müdiri Əli adlı şəxsin imzası, bankın möhürü və mənə təqdim edilən kassa qəbzləri  ilə təsdiq edilmiş müqavilələr üzrə  2006-2008-ci illər ərəfəsində həmin filiala pul depozitləri yerləşdirdim. Bunun müqabilində mənə  əmanət kitabçaları verilmişdi. Həmin kitabçalarda bank filialının müdiri  mütəmadi olaraq gəlir faizləri barədə qeydiyyat aparırdı. Bankın həmin filialında işləyən əməkdaşları mənim banka gedib-gəlməyimin şahidləridir”.

"Filial müdiri məndən əmanət kitablarını və pulu alaraq özündə saxladı”

Q. Burlaçukun sözlərinə görə,  bankın filial müdiri onu aldadaraq, əmanət kitabçalarını əlindən alıb: "Növbəti dəfə 2008-ci ildə mən filiala gedib, yeni depozit hesabı açdırmaq fikrində olduğumu söylədikdə  müdir Əli Məhərrəmov mənə bildirdi ki, iş gününün sonu olduğu üçün növbəti gün gəlim. O, məndən əmanət kitablarını və pulu alaraq özündə saxladı. Mən onun səmimiliyinə inanaraq ondan özündə saxladığı əmanət kitabçaları barədə hər hansı qəbz tələb etmədim. Səhəri gün banka gələndə mənə bildirdilər ki, filial bağlıdır və onun müdiri isə guya məsuliyyətə cəlb edilib. 
Bununla əlaqədar "Əmrahbank”ın baş ofisinə müraciət etdim. Bankın mərkəzi idarəsinə  gələrək, orada əməkdaşa baş verənləri bildirdim.  Nəsimi filialında bağladığım müqavilələrin məndə olan əsas nüsxələrini ona təqdim etdim. O, məndən  həmin müqavilələri  alaraq bildirdi ki, yoxlama aparacaqlar, 3 gündən sonra oraya gəlim.  Bu halda da bankın əməkdaşı mənim onlara etibarımdan sui-istifadə edərək, mənə hər hansı qəbz vermədi. Mərkəzi filialın işçisinin səmimiliyinə inanaraq, sənədləri orada saxlayıb getdim. 3 gündən sonra  oraya gəlib, işin nəticəsi ilə maraqlananda çox təəccüblü bir mənzərə ilə qarşılaşdım. Həmin işçi mənə belə dedi: "Hansı sənədlərdən söhbət gedir, sizin bizdə heç bir sənədiniz yoxdur və bizim bankda  sizin depozitləriniz qeydiyyata alınmayıb”.
 

Həmin gündən mənim üçün "iztirablı qara günlər və yollar" başladı. 2008-2012-ci illərdə mən  "Əmrahbankın " rəhbərliyi ilə məsələni qanuni yolla həll etməyə cəhd göstərsəm də, bankın hər hansı rəhbər şəxsi ilə görüşməyə buraxmadılar”.

"Müstntiq cəmi 10 gün sonra  fakt üzrə cinayət işinin başlanmasını rədd etdi”

Q. Burlaçuk qeyd edir ki,  bütün bu cəhdlərindən sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bununla əlaqədar 4 illik cəhddən sonra məcbur oldum ki,  Baş Prokurorluğa və Nəsimi RPİ-nə müraciət edim. Nəsimi RPİ-nin müstəntiqi C.İsgəndərov tərəfindən ərizəm əsasında aparılmış araşdırmanın nəticəsi üzrə 22.05.2012-ci ildə, yəni ərizə daxil olandan 10 gün sonra  fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi.
Həmin qərarın mövcudluğu barədə yalnız 2014-cü ildə məhkəmə prosesində vəkilim tərəfindən mülki işin baxılması zamanı polisdən alınan sənədlərlə tanışlıq zamanı xəbərimiz olub. Cinayət işinin başlanmasının rəddi  barədə qərarı  02.07.2012-ci ildə müstəntiq özünün adına ünvanlanmış  və guya, mənim tərəfimdən imzalanmış  Rusiya Federasiyasından göndərilmiş "faksoqrammaya "əsaslanaraq çıxarılıb.
Həmin faksoqrammada qeyd edilirdi ki, guya, mənim heç kimə qarşı şikayətim yoxdur, mənə çatacaq  vəsait tam ödənildiyinə görə xahiş etmişəm ki, ərizəm  üzrə başlanmış araşdırmaya xitam verilsin. 
Həmin faksa istinad edən müstəntiq C.İsgəndərov  guya, mənim ailə üzvlərimlə telefonla əlaqə yaratdıqdan sonra əmin olubmuş ki, mən həqiqətən respublikadan kənardayam və bununla əlaqədar həmin faksın doğruluğuna tam əmin olaraq qərar verib. Qeyd edirəm ki, mən Azərbaycanda tənhayam və  heç bir ailə üzvüm və qohumum ərim öləndən sonra Bakıda yaşamayıb. Bu fakt müstəntiqin fantaziyası əsasında quraşdırılıb. Halbuki müstəntiq əsil professional hüquqşünas biliyinə malik olsaydı və apardığı işin nəticəsinə əvvəlcədən maraqlı olmasaydı, mənim respublikada olmadığım halda, aldığı faksda qeyd edilən imzamın həqiqiliyinin və ya saxtalığının sübuta yetirilməsi üçün ən azı xətt ekspertizasının rəyini aldıqdan sonra qənaətə gələrdi.  

"Filial müdiri mənə bank əmanət kitabçaları verməsini etiraf edib”

Nədənsə müstəntiqin qənaətə gəldiyi və çıxardığı qərar mövcud prossesual qanunvericiliyin tələblərin əsasən  tanışlıq və  yoxlanılaraq təsdiq üçün rayon prokurorluğuna göndərilsə də, o vaxtlar prokurorluqda işləyən vəzifəli şəxs tərəfindən göstərdiyim xüsusatlar prokurorluğun diqqətini cəlb etməyib. 
Belə çıxır ki, müstəntiq C.İsgəndərov yoxlamanın yekunu üzrə 22.05.2012-ci ildə qərara gəlməmişdən əvvəl o, "öncəgörmə” xüsusiyyətinə malik olaraq bilirmiş ki, mən onun qəbul etdiyi qərardan ay yarım sonra, yəni 02.07.2012-ci ildə onun adına faks göndərəcəm və buna əmin olaraq həmin qərarı qəbul edib. 
Diqqəti cəlb edən odur ki, bankın 2009-cu ildə işdən içıxarılmış filial müdiri Ə.Məhərrəmov  istintaq zamanı müstəntiqə verdiyi yazılı izahatda məndən bankın daxilində pulları alaraq, banka depozitə mədaxil etdiyini, bunun əvəzində mənə bank əmanət kitabçaları verdiyini etiraf edib. Göstərib  ki, o, işdən çıxdıqdan sonra bütün sənədləri aktla banka təhvil verib və mənim əmanətlərimin qaytarılması məsələsinə bank cavabdehlik daşıyır”. 


 
"Müstəntiqin  saxtalaşdırılmalara yol verilməsi hakim tərəfindən aşkarlanıb”

Şikayətçi yazır ki, müstəntiqin iş üzrə qəbul etdiyi qərarında saxtalaşdırılmalara yol verilməsi faktı onun 2013-cü ildə Xətai rayon məhkəməsində banka qarşı iddia ərizəsinə baxılarkən hakim tərəfindən aşkarlanıb: "Bu barədə hakim xüsusi qərardad çıxararaq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərdi. Ancaq  2014-cü ildən bu günə kimi hakimin xüsusi qərardadı üzrə hansı tədbirlərin görülməsi barədə mən yazılı müraciətimə  cavab ala bilməmişəm.
Məhkəmə araşdırması nəticəsində rəsmi olaraq müəyyən edilib ki, faks polisə daxil olarkən mən respublikadan kənarda deyil, Bakı şəhərində olmuşam. "Əmrahbank”ın rəhbərliyi Xətai Məhkəməsində iddiamın təmin olunmasını və mənə çatacaq pulların qaytarılması öhdəliyini yerinə yetirmək istəmədi və qətnamədən apellyasiya şikayəti verdikdən sonra mənim işim üzrə 2014-2017-ci illər ərzində 3 dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası əleyhimə qətnamələr qəbul etdi. Ancaq 2 dəfə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən həmin qətnamələr ləğv edilərək, iş üzrə hər dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının işə yenidən baxacaq hakim heyətinə obyektiv və qanunamüvafiq qərar çıxarılması istiqamətində tövsiyə və normativ xarakterli göstərişlər  verib. Ancaq həmin göstərişlər aşağı məhkəmə orqanı tərəfindən icra edilməyib”.
77 yaşlı qadın deyir ki, nəhayət  09 iyun 2017-ci ildə kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyasının  Hakim heyəti (sədr M. Əhmədova) özündən əvvəlki Ali Məhkəmənin Mülki Kollegiyalarının mövqeyinin  əksinə olaraq, cavabdeh bankın mövqeyini müdafiə edib: "Mənim iddia tələbimi rədd edərək, banka qarşı deyil,  bankın keçmiş işçisi- filial müdiri işləmiş Məhərrəmov  Əliyə qarşı iddia vermək hüququna  malik olmağım barədə qərar qəbul etdilər. Maraq doğuran odur ki,2013-2017-cı illər ərzində davam etmiş məhkəmə çəkişmələri zamanı cavabdeh qismində çıxış edən bank nümayəndələri sübutlar təqdim edərkən, məhkəmədə mənim əleyhimə ifadə verə biləcək potensial şahid kimin filialın keçmiş müdiri Ə.Məhərrəmovun məhkəmə zalına dəvət edilərək mənimlə və bank rəhbərliyi ilə  üzləşməsini, işə aydınlıq gətirilməsini istəməyiblər. Sonradan mənə məlum oldu ki, hətta mənim hüquqlarımı məhkəmədə təmsil edən vəkilim də bankın ona təsiri nəticəsində bu barədə müvafiq  vəsatət qaldırıb, Ə. Məhərrəmovun məhkəməyə çağırılmasını və dinlənilməsini məqsədəmüvafiq hesab etməyib. Bu hal bankın özünə məhkəmədə bəraət alması üçün əsas olub. 
Bütün baş verənlərdən sonra mən, 77 yaşlı tənha və xəstə qadın çıxılmaz vəziyyətə düşmüşəm. Mən başa düşə bilmirəm ki, əgər bankın rəsmi ştatda olan işçisi qanuna zidd hərəkətləri nəticəsində müştəriyə ziyan vurursa, belə halda hüquqi şəxs- yəni bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin tələblərinə müvafiq olaraq öz işçisinin qanuna zidd hərəkətlərinə  cavabdehlik  daşımalı deyilmi?” 
Şikayətçinin sözlərinə görə, baş vermiş hadisələr və qanunsuzluqlar barədə bir çox instansiyalara, o cümlədən  Baş Prokurorluğa,  Ombudsmana, Korrupsiyaya qarşı mübarizə Komissiyasının sədrinə, Milli Məclisin rəhbərliyinə, Milli Məclisin komitəsədrlərinə, hətta Rusiyanın Azərbaycandakı  Səfirliyinə şikayətlər göndərib, lakin ona heç bir cavab verilmir:
"Səfirlikdən aldığım cavab məktubunda qeyd və tövsiyə edilir ki, mən bu barədə Respublika Baş Prokurorluğuna müraciət etmək hüququna malikəm. Ən maraqlısı odur ki, mənim bu günə kimi Respublikanın mötəbər orqanı hesab edilən Korrupsiyaya qarşı Mübarizə Komissiyasının sədrinə müraciətimə cavab verilməyib. Həmçinin eyni məzmunda  Ədliyyə Nazirliyinə, Milli Məclisin  deputatlarına, komitə sədrlərinə,  Ali və Konstitusiya Məhkəməsinin sədrlərinə ünvanladığım müraciətimə adekvat reaksiya verilmir”. 
 

Daha sonra şikayətçi qadın yazır: 
"Hörmətli redaksiya!
Düşdüyüm çıxılmaz vəziyyətdə dəstək almaq məqsədilə sizə müraciət edirəm. Sizə yazdığım bu müraciətimin dərc olunacağına, şikayətimin Azərbaycan ziyalılarının, Vəkillər Kollegiyasının, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin üzvlərinin, Baş Prokurorluğun Kollegiya üzvlərinin, Milli Bankın və digər Mərkəzi İcra Hakimiyyəti orqanlarının rəhbərlərinin nəzərinə çatdırılacağına ümid edirəm . 
Düşünürəm ki, şikayətim dərc ediləndən sonra onlar baş verənlərə insani və hüquqi qiymət verəcək, məni əzablı yollara salan və qarşımda mənəvi günahları olan şəxslərin əməllərinə müvafiq hüquqi qiymət verəcəklər”.