“Moskva Ermənistanın NATO təlimlərində iştirakını qadağan edib” - Elxan ŞAHİNOĞLU

“Bəzi dostlarım Ermənistanın bir müddət əvvəl NATO-nun Gürcüstanda təlimlərində iştirakından uzaqgedən nəticələr çıxarmışdılar. Hətta “Ermənistan Rusiyadan üz döndərir”, “Ermənistan Qərblə əməkdaşlığa üstünlük verir” kimi başlıqlara rast gəldim. Məndən məsələyə münasibət öyrənən jurnalistlərə hər zaman eyni cavabı söylədim. “Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə Moskvadan icazə alıb. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmayacaq”.
Muxalifet.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

“Bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam”

“İndi bu sözlərimin təsdiqi kimi, onu deyə bilərəm ki, Ermənistan hakimiyyəti son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimlərində iştirakdan imtina edib və bunun səbəbini izah etməyib. Səbəbi aydındır. Moskva bu dəfə qadağan edib. Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı Azərbaycan da iştirak edəcək. Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur”, - deyə politoloq əlavə edib.