Mənə "xuliqan" damğası vuranlar, siz özünüz kimsiniz?

Baxış sayı:
1161

Milli Şuranın 28 oktyabr tarixli mitinqində iştirak etdikdən sonra saxta və qondarma ittihamla 2 gün həbs olundum. Adını da qoydular ki, ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmişəm. Nə qədər bayağı, nə qədər qeyri-ciddi bir yanaşmadır. İqtidar mənsublarından soruşuram, mitinqdə iştirak edib öz konstitusion haqqımı tələb etmək nə vaxtdan ictimai asayişin pozulması və xuliqanlıq kimi dəyərləndirilir? Adınızı sivil və demokratik hakimiyyət qoymusunuz.
O hansı sivil ölkənin polis orqanıdır ki, müxalifətdə qalan kəsimə qarşı bu qədər şiddət göstərsin, repressiv yollarla onun siyasi fəaliyyətini məhdudlaşdırsın və öz xalqına və vətəndaşına qarşı bu qədər zalım siyasət sərgiləsin? O hansı demokratik qurluşdur ki, orada demokratik tələblərin qarşısı anti-demokratik üsul və vasitələrlə alınsın və dövlət qanunları şıltaq məmurların və rəhbərlərin şəxsi iradəsinə tabe etdirilsin?
Hər kəsə gün kimi aydındır ki, ictimai sistemi dağıdan, sosial ədalət prinsipini pozan, yarıtmaz fəaliyyəti ilə vətəndaşı diz çökdürən amansız siyasətin müəllifi mövcud hakimiyyətdir və xalqın cibinə girən, səsini oğurlayan, dövlət büdcəsini dağıdan, milli sərvəti talan edən xuliqanlar bu rejimin bəslədiyi məmurlardır. Qanun adına boş-boş danışmaqla özünü qanunlara tabe etdirmək mədəniyyəti arasında olan fərqi, bütün hərəkətlərini qanunla tənzimləyən və qanunun aliliyi prinsipinin gözlənilməsinə riayət edən dövlətçi şüur bilər. Azərbaycanda dövlətçi şüur o qədər aşılanıb ki, vətəndaşların öz konstitusion hüquqlarından yararlanma cəhdi dövləti şüurdan məhrum olan hakimiyyət nümayəndələri tərəfindən ya basqı ilə qarşılanır, ya da bu cəhddə bulunanları “xuliqan” adlandırırlar.
Əslində xuliqanın ən böyüyü vaxtilə DİN-in ocaq başında duran Hacı Məmmədov və onun kimiləri idi ki, adam oğurluğu, qətllər və üstü hələ də açılmayan sui-qəsdlər onların adı ilə bağlıdır. Onların himayədarları isə hələ də azadlıqdadır. Azərbaycanda talançılığı davam etdirən rüşvətxorlar, korrupsionerlər, monopolistlər, siyasi intriqantlar, humanitar yardımları dədə malı kimi mənimsəyənlər, millətdən oğurladıqlarını əcnəbi banklara oturdan oliqarxlar, xarici ölkələrdə sülalə adına villalar yapdıranlar həm də böyük mənada xuliqanlardır və hələ də cəzasızlıq şəraitində at oynadırlar.
Sivil ölkələrdə bu biyabırçı faktlara görə nəinki faktı törədənlər, bütövlükdə hakimiyyət komandası istefa verir və cəmiyyət qarşısında üzrdə bulunurlar. Bizdə isə hər şey tərsinədir. Törədilən neqativ hərəkətlərə görə üzr diləmək, cavabdeh şəxsləri cəzalandırmaq əvəzinə siyasi xuliqanlara qarşı mübarizə aparan bizləri “xuliqan” adlandırırlar. Mitinqlər, piketlər keçirmək xalqın konstitusion haqqıdır, keçici hakimiyyətlərə ixtiyar verilməyib ki, xalqı bu doğal haqdan məhrum etsin. Nə tətbiq edilən həbs cəzaları, nə mitinqlərə görə cərimə artımları, nə də uzun illərdir azad düşüncəyə qarşı başladılan repressiv siyasət demokratik məfkurəni mübarizə yolundan döndərə bilməz və bu mübarizə hakimiyyətin xalqa qarşı ədalətsiz siyasətinə son qoyulana qədər davam edəcəkdir.
Azərbaycan insanı dünyanı vahiməyə salan Sovet imperiyasına qarşı mübarizəyə ona görə qalxmadı ki, suverenlik, müstəqillik yolunda ona görə bu qədər qanlar axıtmadı ki, sonda sovet şinelindən çıxan bir zümrə yenidən onu əsarətə, “milli işğala” məruz qoysun. Azərbaycanda haqqını, hüququnu bilən, dünyanın demokratik dəyərlərini özündə yaşadan, gələcəyinə nikbinliklə yanaşan bir gənclik yetişir və bu gənclik bütün parametrləri ilə hakimiyyətdə olan kor zehniyyəti geridə qoymaqdadır.      
 
Nuridə Quliyeva