​“Mənə İrana getmək ömürlük qadağan edilmişdi” – Namiq Qaraçuxurlu

Baxış sayı:
9961

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu İranda ona qoyulan qadağadan bəhs edib.
İfaçı 2003-cü il baş tutan konsertindən görüntü paylaşaraq ona qoyulan qadağadan danışıb:
“2003-cü il Zəncan şəhərində stadion konsertinin ikinci gününün videosunu paylaşıram. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci gün konsertini isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cür qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar, bizi başa düşdülər, yalnız bir şərtlə konsertə izn verdilər: ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəyəm. İrandakı adət və ya qanuna görə, səhnədə hətta qol qaldırıb rəqs etmək də qəbahət sayılır. Demək ki, bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər. Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçıyla ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyünüz görüntüdə isə konsertin sonu gəldi. Sonra isə mənə ömürlük oralara getmək qadağası qoyuldu. Yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldığının da şahidi oldum”.
Qeyd edək ki, Namiq Qaraçuxurlu ötən il İranda konsert vermişdi. Konsertdə yaşanan izdiham diqqətdən qaçmamışdı./musavat