​Misirin kəşfiyyat rəisi HƏMAS liderini söydü, Qəzzadakı yürüşü dayandırmağı TƏLƏB ETDİ

Baxış sayı:
5398

Mayın 14-də Qəzza sektoru ilə İsrailin nəzarətində olan ərazilərin sərhədlərində son illərin ən qanlı iğtişaşlarından birinin yaşandığı vaxtda İsrail üzərinə yürüşün təşkilatçısı olan HƏMAS lideri İsmayıl Haniyə təcili Misirə aparılıb.
Virtualaz.org xəbər verir ki, bu barədə “İsrael a-Yom” qəzeti yazır.
Qəzetin yazdığına görə Misirin ümumi kəşfiyyat xidmətinin rəisi general Abbas Kamel İsmayıl Haniyənin arxasınca xüsusi vertolyot göndərib. Misirin güc strukturlarındakı mənbələrə istinad edən qəzet yazır ki, general Kamel əvvəlcə Haniyəni gözləməyə məcbur edib. Sonra onun üstünə qışqırıb, kobud formada tələb edib ki, Qəzza sektoru sakinlərini İsrailin təhlükəsizlik hasarlarından geri çəksin.
 
Misir kəşfiyyatının mənzil-qərargahında HƏMAS liderinə bildiriblər ki, əgər situasiya gərginləşməkdə davam etsə İsrail HƏMAS liderlərinin hamısını bir-bir nöqtə zərbələri ilə aradan götürəcək. Misir və digər ərəb ölkələri isə buna susmaqla razılıq verəcək, ancaq formal etirazlarla kifayətlənəcək.
Məlumata görə general Kamel situasiyaya ona görə müdaxilə edib ki, İsrail Qəzzadan yürüş edənlərə güzəştə getməyəcəyini çatdırıb. Bu isə ölənlərin sayının artmasına, anarxiyaya və zorakılıqların Misir ərazisinə də keçməsinə gətirib çıxaracaq.
 
Mayın 14-nə qədər İsrailin nəzarətində olan ərazilərə “Böyük yürüş”ə çıxanlardan 60-dan çoxu ölüb, minlərlə fələstinli İsrail ordusunun tətbiq etdiyi xüsusi vasitələrdən xəsarət alıb. Lakin həmin gün axşam yürüşçülər təhlükəsizlik hasarını tərk etmək və evlərinə dağılışmaq göstərişi alıb. Ertəsi gün yürüşə çıxanların sayı kəskin azalıb. Bu gün isə gərginlik daha da səngiyib, ara-sıra toqquşmalar qeydə alınır.