Mehman Əliyevin həbsi Azərbaycana təzyiqləri artırıb

 Fazil Mustafa: “Bu məsələ bir daha nəzərdən keçirilməli və müsbət həllini tapmalıdır”

İqbal Ağazadə: “Hökumət geri çəkilməyi bacarmalıdır”
 
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsi beynəlxalq aləmdə də reaksiya doğurdu. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu həbsi qınadı. ABŞ Dövlət Departamenti, Fransa və Böyük Britaniya xarici işlər nazirliklərinin təmsilçiləri açıqlamalar yaydılar.Bundan başqa, Avropa Birliyi, Avropa Şurası və bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri də M.Əliyevin həbsinə reaksiya verdilər. Bu açıqlamalarda baş verənlərlə bağlı narahatlıqlar dilə gətirilir və M.Əliyevin azadlığı istənilir.
Ölkənin ictimai xadimləri də Mehman Əliyevin həbsinin Azərbaycana qarşı təzyiqləri artıracağını istisna etmirlər.
Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu istiqamətdə təzyiqlər artıq hiss olunmaqdadır: “Hesab edirəm ki, bu məsələ bir daha nəzərdən keçirilməli və müsbət həllini tapmalıdır. Həm tanınmış jurnalistin həbsdə olması, həm də müəyyən dərəcədə istintaqın həbsdə saxlamadan da araşdırma aparma imkanları nəzərə alınmalıdır. Cinayət işi qaldırılıb, ola bilər ki, hansısa şübhəli məqamlar var. Ancaq mütləq şəkildə həbs etmə deyə, bir yanaşma doğru deyil”.
Deputat qeyd etdi, burada başqa alternativ variantlar seçilməklə istintaq aparıla bilər: “İstintaqın yekununda həqiqətən də belə bir qərara gəlinsə ki, həqiqətən də cinayət xarakterli hərəkətlər var, o zaman həbs məsələsi üzərində dayanmaq olar. İndiki halda məncə, bu həbsin Azərbaycana qarşı müəyyən qərarların qəbul olunmasında təsiri olacaq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, bu məsələ dövlətə qarşı təzyiqlərin artmasına səbəb olursa, hökumət geri çəkilməyi bacarmalıdır: “Hakimiyyət siyasi məhbusların həbsi ilə bağlı məsələdə şəxsi maraqlarından çox, dövlətin maraqlarını düşünməlidir. Dövlətin maraqları baxımından xarici təzyiqlərə yol açan addımlardan çəkinməlidir, o cümlədən Mehman Əliyev və ona qədər həbs olunan, adı siyasi məhbuslar siyahısında olan adamların həbsdən azad olunması ilə bağlı addımlar atılmalıdır. Bilirsiniz ki, artıq Senatda bu fikirlər müzakirə olunub, Mehman Əliyevin həbsində iştirakı olan rəsmilərin ABŞ-a girişinin qadağan olunması ilə bağlı sənəd təqdim olunub. Bu həbslərdən sonra kəskinləşən münasibətlər fonunda “Guardian” qəzetində dərc olunan yazı və indi Avropa ölkələrində müşahidə olunan “propaqanda”, İtaliyada keçirilən tədbirlər də bunun nəticəsidir. Hakimiyyət bunu erməni lobbisinin, ölkəmizin düşmənlərinin hərəkəti kimi qiymətləndirə bilər. Fərq etməz, hazırda bunu edə bilirlərsə, ən azından onun qarşısını almaq üçün əngəlləyən addımlar atılmalıdır”.
İ.Ağazadənin sözlərinə görə, təzyiqlərin qarşısını almaq bu insanların həbsdən azad olunmasından və bu tipli məsələlərdə daha güzəştli mövqe sərgiləməkdən keçir: “Əgər Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər cür danışığa hazır olduğumuzu, təzyiqlər qarşısında geri çəkildiyimizi, münaqişəni müharibə yolu ilə deyil, sülh yolu ilə həll edəcəyimizi mütəmadi bəyan etməyimizi nəzərə alsaq, bu, o deməkdir ki, biz təzyiqlərin qarşısında davam gətirə bilmirik, təkbaşına yox beynəlxalq aləmin əli ilə həll etməyə çalışırıq. İnsan haqları məsələsində də o təzyiqləri normal qəbul edib, onun müqabilində geri çəkilməyi hökumət özünə ciddi siyasi prioritet hesab etmir. Fərq etməz, burada da geri çəkilmək lazımdır. Hazırda bu təzyiqlər var. Mən hesab edirəm ki, bu insanlar azad olunmalıdır. Həm insanlar ailələrinə , evlərinə, azadlıqlarına qovuşsunlar, həm də ölkəyə təzyiqlər olmasın”.