“Mehman 10 günlüyü” keçiriləcək

 “Ölkə mediasında “Mehman 10 günlüyü” keçirmək niyyətindəyik”.
 
Bu barədə “Mehman Əliyevə Azadlıq Komitəsi”nin təmsilçisi Əvəz Zeynallı bildirib.
Əvəz Zeynalının sözlərinə görə, 10 gün ərzində Mehman Əliyevlə bağlı ardıcıl şəkildə yazılar və başqa materiallar nəşr etmək fikrindədirlər. Ə.Zeynallı deyib ki, üzərində M.Əliyevin əksi olan köynəklərin hazırlanması da nəzərdə tutulur:
“Jurnalistlərdən belə təklif gəlib ki, M.Əliyevin müdafiəsilə bağlı media mənsublarının aksiyası da keçirilsin”-deyə o,bildirib.
Ə.Zeynallı deyib ki, beynəlxalq ictimaiyyətin M.Əliyevin həbsinə diqqətini daha da artırmaq məqsədi ilə beynəlxalq qurumlarla işi gücləndirmək niyyətindədirlər.
“Mehman Əliyevə Azadlıq Komitəsi” avqustun 28-də təsis edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərini İbtidai Araşdırma Depratamenti bu il avqustun 8-də baş direktor M.Əliyevə vergidən yayınma ittihamı irəli sürüb. Avqustun 16-da agentlıyin maliyyə sənədləri Departamentə aparılıb. M.Əliyev avqustun 24-də şübhəli şəxs kimi saxlanıb, avqustun 25-də isə Yasamal rayon məhkəməsi Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192-2-ci (qanunsuz sahibkarlıq) maddələri üzrə ittihamla onun barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək həbsinin siyasi sifarişli olduğunu bildirir.