​Mart ayının “Afişa”sı açıqlandı

Baxış sayı:
10552

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsinin mart sayı çapdan çıxıb.
Muxalifet.az xəbər verir ki, nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi və Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, Bakı Dövlət Sirkinin yeni proqramı, eləcə də böyük ekrana çıxan yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.
Mart ayı qan yaddaşımıza xalqımızın 1918-ci ildə yaşadığı acı tarixlə də həkk olunub. Teatrların repertuarında 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı təqdim ediləcək tamaşalar da “Afişa”da ayrıca qeyd olunub.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.