Maduro kəşfiyyat rəhbərini “satqın” elan etdi

Baxış sayı:
3985

Venesuela prezidenti Nikolas Maduro etdiyi açıqlamada, daha öncə özünü müvəqqəti dövlət başçısı olaraq elan edən Milli Məclisin sədri Xuan Guaidoya sadiqliyini elan edən Venesuela Milli Kəşfiyyat Xidmətinin rəhbəri general Manuel Cristopher Figueranı xain elan edərək dövlət çevrilişi cəhdinin planlaşdırmasına yardım etdiyini ifadə edib.
 
Qeyd edək ki, ABŞ rəhbərliyi Maduroya qarşı gələrək müxalifət sıralarına keçən Figueraya tətbiq olunan sanksiyaları ləğv etdiyini açıqlamışdı.
 “Reuters”-in bildirdiyinə görə, dövlət televiziyasında yayımlanan bir çıxışında, Maduro Müdafiə naziri Vladimir Padrino və Ali Məhkəmənin sədri Maikel Morenoya tam etimad göstərdiyini dilə gətirib.
Xatırladaq ki, ötən həftə ABŞ rəsmiləri ABŞ prezidenti Donald Tramp rəhbərliyinin dövlət çevrilişi cəhdinin ərəfəsində Padrino və Morina ilə danışıqlar apardığını irəli sürmüşdü.
Aylardır böyük bir siyasi böhran içində olan Venesuelada, müxalifət 30 apreldə hərbi və mülki çevriliş cəhdi etmişdi və uğursuz olmuşdu.
Guaido və ev həbsini pozaraq La Carlota Hava Bazasının qarşısındakı Altamira Körpüsü üzərinə gələn Leopoldo Lopez, 30 apreldə bir qrup əsgərlə dövlət başçısı Maduronu devirmək istəmiş və xalqı küçəyə çağırmışdı. Müxaliflər bu çağırışdan sonra ölkənin bir çox şəhərində küçəyə çıxmış, etirazlar daha sonra xüsusilə Karakasdakı La Carlota ətrafında zorakılıq aksiyalarına çevrilmişdi.
Maduro tərəfdarlarının da küçəyə çıxaraq prezident sarayı Miraflores ətrafında toplandığı günün sonunda, Lopez əvvəl Çili, sonra İspaniya səfirliyinə sığınmış, Xuan Guaido isə video mesajla ortaya çıxmış və xalqı yenidən küçəyə çağırmışdı.
Qeyd edək ki, Venesuelada 23 yanvarda bir meydanda and içən Guaido, özünü müvəqqəti prezident elan etmiş, ABŞ başda olmaqla, bir çox Latın Amerika və Qərb ölkəsinin dəstəyini almışdı.
Müxalifət.az