Londonda korrupsioner ovu: ikinci qurbanın yüz milyon dollarlıq üç mənzilinə həbs qoyulub

Baxış sayı:
8527

Bütün dünyadan axışıb Londona gələn korrupsionerlərə və digər cinayətkarlara qarşı kampaniya davam edir. Naməlum mənşəli var-dövləti olan rusları və digər keçmiş sovet respublikalarından gələnləri "ovlamağa" davam edəcəklərini bildirən müstəntiqlər ikinci "qurbanı" sorğuya çəkiblər.

Ali Məhkəmənin sanksiyasına əsasən onlar dəyəri 100 milyon dollardan çox olan elit yaşayış obyektlərinə həbs qoyublar. Həmin mülkərin sahibi Londonun dəbdəbəli rayonlarında yerləşən bu ev və mənzillərin qanuni pullarla alındığını sübut edə bilməsə, onları itirəcək.

Antiyuma kampaniyasının ilk qurbanı öz vətənində oğurluğa görə məhkum edilmiş azərbaycanlı bankirin arvadı olub. Ötən payız ona debüt orderi - "əsaslandırılmamış var-dövlət" sahibinə pullarının qanuni yolla qazanıldığını sübut etmək məsuliyyəti yaradan sənəd verilib.

İkinci qurbanın adı açıqlanmır, amma onun tanınmış siyasi fiqur olduğu, üstəlik, ağır cinayətdə iştirakıyla bağlı şübhələr olduğu bilinir.

Həmin şəxsin milliyyəti də məlum deyil, amma Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Ağentliyi (NCA) birinci orderdən sonra bəyan etmişdi ki, növbəti altı-səkkiz işin fiqurantları Afrika, Cənubi Asiya, Rusiya və keşmiş SSRİ respublikalarının vətəndaşları olacaq.

NCA bildirib ki, həbs edilən hər üç obyekt ofşor şirkətlərin mülkiyyəti olaraq göstərilib və 80 milyon funta satın alınıb. Obyektlərin cari qiyməti açıqlanmır, amma hazırda daha baha olacaqları təxmin edilir.

Birinci işdə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin xanımı Zamirə Hacıyeva adının açıqlanmamasıyla bağlı məhkəməyə müraciət etmiş, amma rədd cavabı almışdı.

Hacıyeva özünü Azərbaycandakı haqsız mühakimənin qurbanı hesab edir və deyir ki, pullarını qanuni yolla qazanıb. Tabloidlər onun bahalı univermaqda milyonlar xərcləməsi; şəxsi təyyarə, Londonun dəbdəbəli rayonlarında evlər və möhtəşəm bir əyalətdə qolf sahəsi olan malikanə alması barədə palaz-palaz məqalələr yazırlar.

Müsadirə olunan əmlak kimə qalacaq?

Londonda elit əmlak ən inanılmaz mənşəli kapitalı yerləşdirmək üçün ən populyar obyektdir
Londonda elit əmlak ən inanılmaz mənşəli kapitalı yerləşdirmək üçün ən populyar obyektdir

Yeni kampaniyanın hədəfi mütəşəkkil cinayətkarlıq və oğurluq pulları Böyük Britaniyada "yuyan" - ilk növbədə əmlak alan əcnəbi korrupsionerlərdir.

İctimai fəalar və hiddətli vətəndaşlar çoxdandır ki, hakimiyyəti kapitalın mənşəyinə göz yummaqda və Londonu "camaşırxanaya" çevirməkdə günahlandırırlar. Ötən il bu məsələ, nəhayət, parlamentdə də müzakirəyə çıxarıldı və hökumət hərəkətə keçdi.

Həm Hacıyeva, həm də yeni "qurban" xərclədikləri pulların qanuni mənşəyini sübut etsələr, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək.

Bunu etməsələr, NCA məhkmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq.

Əldə olunan vəsait Böyük Britaniyanın mülkiyyətinə keçəcək. Bu pulların əmlakı müsadirə olunanların vətəninə qaytarılıb-qaytarılmayacağı başqa söhbətin mövzusudur. Britaniya hökuməti deyir ki, bu, həmin ölkələrin hakimiyyətləriylə danışıqlarda müəyyən ediləcək.

"Şübhəli var-dövlət" sahiblərinin özləriylə bağlı heç bir tədbir görülməyəcək, çünki naməlum qazancla alınmış mülklərin müsadirəsi prosesində onlar günahkar elan edilmirlər. Bu, sorğu çərçivəsində aparılan mülki prosesdir, daha ciddi sübutlar tələb edən cinayət araşdırması deyil.

Amma hakimiyyət order verilən şəxsin göstərişlərin icrası zamanı kələk gəldiyini düşünsə, cərimə və iki illik həbs cəzası nəzərdə tutan cinayət işinin açılmasına da qərar verə bilər.

Britaniyanın daşınmaz əmlakı və maliyyə sistemi vasitəsilə yuyulan kirli pullara qarşı mübarizə yeni-yeni təkmilləşir. Mübarizə vasitəsi Hacıyevaya və ikinci işdəki siyasətçiyə və onun qohumuna tətbiq edilən orderlərlə məhdudlaşmır.

Bu orderlər (Unexplained Wealth Orders) mülkiyyətə həbs qoymaq hüququ verir, amma bunun üçün Ali Məhkəmənin sanksiyası tələləb olunur. Orderin digər növünü (Account Freezing Orders) tətbiq etmək daha asandır - Luka Filatın işindən də göründüyü kimi, rayon məhkəmələrinin qərarıyla həm mülklərə həbs qoyulur, həm də hesablardakı pullar müsadirə edilir.

Moldovanın həbs edilmiş keçmiş baş naziri Vlad Filatın oğlunun mehmanxananın 500 min dollarlıq penthaus nömrəsində qalması, mağazadan "Bentley" alaraq təxminən 100 min funt məbləğində pulu nəğd ödəməsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib və bu ilin fevral ayında Londonun Siti rayonunun məhkəməsi onun 500 min funtunu - Britaniya bankındakı hesabında olan bütün pullarını müsadirə edib (BBC Azerbaycan).

https://www.bbc.com/azeri/international-48464968