Litsey direktoru müəllimi işdən çıxarmaqla hədələyərək, ondan rüşvət alıb... – PREZİDENTƏ MÜRACİƏT / Video

Baxış sayı:
12199

Gəncə şəhər, 3 nömrəli Peşə Litseyinin müəllimi Əli Şərifli tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, təhsil naziri Ceyhun Bayramova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Məlumunuz olsun ki, Gəncə şəhərində 3 nömrəli Peşə Litseyi fəaliyyət göstərir. Bu litseyin direktoru İsmayılov Fazil İsmayıl oğlu idi. 1 və 2 nömrəli Gəncə Peşə məktəbinə rəhbərlik də Fazil İsmayılova həvalə olunmuşdu. Fazil İsmayılov Gəncə Dövlət Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisasını bitirmiş və tədris emalatxanasında tədris ustası vəzifəsində işləmişdir. Bundan sonra, dosent Oqtay Məmmədliyə hazır dissertasiya işi yazdıraraq ixtisasına uyğun olmasa belə, müəmmalı şəkildə iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Bu şəxs az müddət bundan əvvəl tutduğu vəzifədən azad edildi. Bundan sonra, eləcə də əvvəl Kütləvi İnformasiya Vasitələrində onun haqqında dərc olunmuş bütün yazılarda göstərilənlər hamısı faktlardır, hələ az yazılıb. Mən daha bir faktı və videogörüntünü Sizə göndərirəm. Qeytd etdiyim kimi, mən orada müəlliməm. Fazil İsmayılov mənə saat hesabı dərs verdi. Mən həmin dərsləri şagirdlərə tədris etdim. Sonra mənə 505 manat maaş yazıldı. Fazil İsmayılovun qardaşı oğlu İsmayıl İsmayılov həmin litseydə baş mühasib işləyir. O, mənə dedi ki,Fazil müəllim deyir ki, həmin mənə yazılan 505 manat maaşı mənə versin. Mən etiraz etdim, dərhal Fazil müəllimin yanına getdim. Fazil müəllim dedi ki, 505 manatı verməlisən, verməsən səni işdən azad edəcəyəm, çıx get otaqdan. Mən məcbur olub işimi itirməmək üçün həmin pulu onun qardaşı oğluna verdim və həmin videogörüntünü də Sizə göndərirəm”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.