Əli Həsənovun ətrafındakı “qumar çetesi” – BU QUMARBAZLAR ARASINDA GENERAL DA OLUB...

Baxış sayı:
5149

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun 2019-cu il noyabrın 28-də tutduğu postdan uzaqlaşdırılması cəmiyyətdə böyük maraqla qarşılandı. Çünki ölkədə ictimai-siyasi sahədə mövcud olan bir çox problemlər məhz Əli Həsənovun adı ilə bağlanırdı. Bu baxımdan, vəzifədən uzaqlaşdırılandan sonra, onun bir çox qanunsuz əməllərinin üzə çıxması heç də təsadüfi deyil.
Amma üzə çıxan təkcə Ə.Həsənovun və ətrafının dövlət vəsaitini mənimsəməsi faktları deyil. Son zamanlar bu şəbəkənin maraqlı məşğuliyyətləri haqda da bəzi informasiyalar almaqdayıq. Xüsusən də, uzun illər Əli Həsənovun ətrafında böyük “qumar çetesi”nin mövcud olması haqda informasiyalar diqqətimizi daha çox cəlb edir...
Etibarlı mənbə deyir ki, Prezidentin sabiq köməkçisinin ətrafındakı qumarameylli şəbəkə onun “qılıncının” dalı da, qabağı da kəsən vaxtlar - 2015-2016-cı illərdə formalaşıb. İlk illər bu məsələyə “həvəs öldürmək” kimi yanaşılsa da, sonradan bu insanlar əməlli-başlı qumar mərəzinə tutulublar. O dərəcədə ki, hətta onlar qumar oynamaq üçün paytaxtın müxtəlif ərazilərində yerlər ayırıblarmış. Yəni öz yerlərini tez-tez dəyişirmişlər ki, onların bu pis vərdişindən xəbər tutan olmasın.
Məlumata görə, bu qumarbazların arasında Əli Həsənovun uzun illər müavini olan şəxlərdən biri, mətbuat sahəsində tanınmış simalar, hətta general da olub. Bu insanların bir çoxu sadəcə qumar həvəskarı olsa da, aralarında peşəkarlar da olub. Onlar qumar oynamaq üçün həftədə ən azı bir dəfə Yeni Yasamalda, Binə qəsəbəsindəki bağ evində və paytaxtın ayrı-ayrı ərazilərindəki mənzillərdə toplaşırmışlar. Yəni hər həftə toplantı yeri dəyişirmiş.
Mənbə deyir ki, qumar masasında milyonlar dövr etməsə də, toplanan vəsaitlər heç də az olmurmuş. Məlumata görə, dövlət başçısının medianın inkişafına ayırdığı pulların bir hissəsi elə buradaca uduzulurmuş...
Qeyd edək ki, Əli Həsənovun ətrafındakı qumarbaz məmurların, media mənsublarının, o cümlədən də hər zaman bu toplantılarda başda oturan generalın kimliyi bizə bəllidir. Hətta əlimizdə bu toplantılarn birində çəkilmiş fotoşəkil də var. Sadəcə, müəyyən səbəblərdən hələlik bu haqda açıqlama verməyi məqsədəuyğun hesab etmirik. Amma yaxın günlərdə bu haqda daha ciddi faktları oxucularımızla paylaşmağa çalışacağıq.

Muxalifet.az