Leninin jileti, Stalinin frençi, Xruşovun enli kostyumu, Brejnevin qalstuku – sovet liderlərinin geyim özəllikləri

Baxış sayı:
13432

Belə bir deyim var ki, insanı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar. Yəqin elə bu deyimə görə siyasi liderlərin xidmət personalında birincilərin geyiminə cavabdehlik daşıyan xüsusi adamlar fəaliyyət göstərir. 

SSRİ rəhbərləri üçün geyim çox da ciddi məsələ sayılmayıb, sovet rəhbərləri zəngin qarderoba malik olmayablar, dəblə geyinməyi isə heç ağıllarına belə gətirməyiblər.

Vladimir İliç Leninin geyimlərinə özündən başqa heç kim qarışmayıb. Proletarların rəhbəri həyat yoldaşı Nadejda Krupskayaya bu məsələni ümumiyyətlə həvalə etməyib. Çünki Krupskaya özü olduqca səliqəsiz və zövqsüz bir qadın olub. Vladimir İliçin geyim məsələsinə az-cox qarışan, sevgilisi kimi tarixə düşən, Parisdə anadan olmuş İnessa Armand olub.

Məhz Leninin jiletli kostyum seçimi onun təşəbbüsü ilə baş tutub. Lenin öz geyim stilini ömrünün sonuna qədər dəyişməyib. Onun qarderobunda qara rəngli jiletli kostyumdan, “qoroşkalı” qalstukdan və məşhur kepkasından başqa, demək olar ki, heç nə olmayıb. Düz 95 ildir ki, Lenin mavzoleydə elə həmin paltarlarla ziyarətçilərini “qarşılayıb yola salır”.

İosif Stalinin qarderobu çox sadə olub. Fəsillərdən asılı olmayaraq, o həmişə uzunboğaz dəri çəkmələrdə gəzməyə üstünlük verib. Marşal rütbələri taxılmış hərbi mundirdə Stalin özünü narahat hiss edib. Rəsmi görüşlərdən sonra o, dərhal formasını dəyişib. 1920-ci illərdən sonra ingilislərin dəbə gətirdiyi frenç Stalinin ən rahat geyimi sayılıb və onun yaxın ətrafı da əsasən frençdə gəziblər. Amma frenç geyinmək hüququ hər adama verilməyib. Xarici işlər komissarı Vyaçeslav Molotov Stalinlə çox yaxın münasibətdə olmasına baxmayaraq, o orduda xidmət etmədiyinə görə heç vaxt frenç geyinməyib, rəsmi və qeyri-rəsmi görüşlərdə kostyum və qalstukda olub.

Stalin eyni frençi, eyni şineli, eyni çəkmələri uzun müddət geyinib. Onun qarderobunu yeniləmək əsl problemə çevrilib. Xidməti personalı hansısa geyimin yenilənməsinin vacibliyini söyləyəndə, Stalin “mən hələ bunu bir neçə il də geyinəcəm”, - deyə cavab verib.

Onun baş mühafizəçisi general Vlasik öz xatirələrində bu haqda yazıb:

“Stalinlə geyim haqqında danışmaq mənasız bir iş idi. Dəri çəkmələrini yırtılana qədər geyinirdi. Hətta təmirə də verməyə icazə vermirdi. Yaxşı xatırlayıram, müharibədən sonrakl illər idi. Stalinin şineli tamam köhnəlmişdi. Həmin ərəfədə qurultay keçirilirdi və Stalin bu qurultayda iştirak edəndə tabeliyimdə olan mühafizəçilərin birinə tapşırdım ki, bağa gedib Stalinin şinelini təzəsi ilə dəyişsin. Səhərisi gün nahar yeməyində Stalin məni yanına çağırdı:

- Nikolay Sidoroviç, indi siz mənim otağıma necə gəldiniz?

Mən əvvəlcə sualı anlamadım, düşündüm ki, yəqin məni çağırtdırmayıb, xidmətçilər onu səhv başa düşüblər. O, sualını bir daha təkrar etdi:

- Yoldaş Vlasik, mən bir daha soruşuram, siz mənim otağıma necə gəlmisiniz?

- Yoldaş Stalin, sizin əmrinizlə

- Bəs dünən bu otağa kimin əmri ilə gəlmişdiniz? Bu ölkədə ikinci Stalin də var?

Məsələni anladım. Deməyə söz tapmadım. Stalin isə aram-aram məni “danlayırdı”:

- Sizin vəzifə borcunuz nədən ibarətdir? Məni mühafizə etməkdən. Siz isə mənim paltar şkafıma girirsiniz. Əksinə olmalıdır, məni mənim paltar şkafıma girənlərdən qorumalısınız...”

Nikita Xruşov da geyim məsələsində “narahat” adam olub. 1953-cü ilə qədər orduda xidmətləri olan bir məmur kimi, o da frenç geyinib. Hakimiyyətə gəldikdən sonra isə qarderobda frençlər kostyumlarla əvəzlənib. Kostyumları ona Moskvanın Kutuzov küçəsində olan xüsusi atelyenin dərziləri tikib. Xruşov qarderobunu yeniləmək üçün dərzilərlə iki dəfə görüşməli olub. Birinci dəfə dərzilər onun kabinetinə gəliblər, ölçülər götürülüb, kostyumun hansı parçadan tikiləcəyi müəyyənləşdirilib. İkinci dəfə yenə də kabinetdə, kostymun bədənə uyğunluğu yoxlanılıb. Dərzilərin ikinci təşrifi Xruşovu həmişə qıcıqlandırıb, “yenə də primerka” deyə etirazını bildirib.

İllər boyu nə dərzilər, nə geyim məsələləri üzrə mütəxəssislər, nə də ailə üzvləri Xruşovun zövqünü dəyişə bilməyiblər. O, həmişə öz ölçüsündən böyük, enli kostyumlar geyinib. Yaxud, mavi rəngli kostyumla sarı ayaqqabı geyinmək onun üçün adi sayılıb. Hətta bəzən klassik kostymun altından ukraynalılara məxsus milli köynək geyinməyi də Xruşov özünə rəva görüb.

Əvvəlkilərdən fərqli olaraq Leonid İliç Brejnev geyim məsələsinə diqqətlə yanaşıb. Dərzisi ilə məsləhətləşməyə, fikir mübadiləsi aparmağa yetərincə vaxt ayırıb. Və heç kim xatırlatmadan özü dərzini tez-tez yanına dəvət edib, pencəyində neçə düymə olmasını, şalvarının hansı formada tikilməsini, bir sözlə, öz zövqünü dərziyə diktə edib. Baş katib əsasən modelyer Aleksandr İqmandın təkliflərinə üstünlük verib. Brejnev bu dəb ustasının adını heç vaxt olduğu kimi yadında saxlaya bilməyib və ona İqmand deyil, Ziqmund deyə müraciət edib.

Brejnev xaricdə istehsal olunan qalstuklara üstünlük verib. Uzun illər xarici işlər naziri olmuş Andrey Qromıko hər dəfə xarici ölkələrdən səfərdən qayıdarkən Brejnevi yeni qalstuklarla “sevindirib”. Ancaq bu hədiyyə məsələsində Brejnevlə Qromıkonun arasında bir dəfə kiçik “inciklik” də yaranıb. Bu haqda Brejnevin şəxsi tərcüməçisi Viktor Suxodrev öz xatirələrində yazıb:

“Kremldə növbəti xarici qonaqları gözləyirdik. Mən artıq baş katibin yanındaydım. Elə bu gözləmə ərəfəsində Ustinov içəri daxil oldu. Hansısa bir məsələ haqqında aralarında söhbət getdi. Ustinov çıxmaq istəyəndə Brejnev onu geri çağırdı, amma heç nə demədi, sadəcə diqqətlə nəzər yetirdi. Sonradan mənə aydın oldu ki, Leonid İliç onun qalstukuna diqqət yetirib. Hər ikisinin qalstuku eyni idi. Brejnevə həmin qalstuku Qromıko bağışlamışdı. Elə bu məqamda xarici qonaqları qarşılamaq üçün Qromıko içəri daxil oldu. Brejnev incik halda üzünü ona tutdu:

- Andrey Andreyeviç, gərək siz bir diplomat kimi qalstuk məsələsində mənim partiyanın birinci şəxsi olmağımı nəzərə alaydınız.

Kifayət qədər böyük səbr və təmkinə sahib olan Qromıko gülümsəyərək cavab verdi:

- Əlbəttə, Leonid İliç, növbəti dəfə bu nəzərə alınacaq...”/musavat