LAVROVDAN PAŞİNYANA ZƏRBƏ: Qarabağı Ermənistan saymır və belə yanaşmanı rədd edir - VƏ ÇOX MARAQLI MÜQAYİSƏ APARIR...

Baxış sayı:
14302

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Soçidə “Valday” diskussiya  klubunun iclasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət barədə danışarkən Ermənistanın baş nazirini möhkəm pərt edə biləcək bəyanat verib.

Lavrov Nikol Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “ Qarabağ Ermənistandır, nöqtə” bəyanatının danışıqlar prosesini əngəllədiyini təsdiqləyib. Və Paşinyanın dediklərini Albaniyanın baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib.

“Siyasi proses tormozlanıb və hələlik bu tormozu götürmək mümkün olmur. Tərəflər kifayət qədər ciddi bəyanatlar verirlər. O cümlədən ki,  “Qarabağ Ermənistandır”. Necə ki, Albaniyanın baş naziri Tiranadan bəyan edirdi-Kosovo Albaniyadır. Bu, əlbətdə, siyasi prosesin bərpası üçün atmosferin yaradılmasına kömək etmir”,-Rusiya xarici işlər naziri deyib.

Lavrovun çıxışı barədə xəbərlərdə Ermənistan KİV-lərinin əksəriyyəti həmin frazaya yer verməyib. Rusiya xarici işlər nazirinin “Qarabağ Ermənistandır” yanaşmasını tənqid etməsi barədə ifadə tək-tək erməni saytlarında yer alıb ki, bu da bəyanatın yaratdığı ümumi pərtliklə izah edilə bilərdi.

Əvvəllər Rusiyanın Xarici İşlər Nazirliyinin və şəxsən Sergey Lavrovun Qarabağa dair bəyanatlarında tərəzinin gözünün bir qayda olaraq Yerevana tərəf əyilməsinə dair çoxsaylı nümunələr sadalamaq olar. Lakin indi vəziyyət dəyişir və belə görünür ki, Ermənistan rəhbərliyinin Qarabağa dair ziddiyyətli, avantürist və qızışdırıcı bəyanatları Moskvada da neqativ qarşılanır. Üstəlik “Qarabağ Ermənistandır” kimi danışıqlar prosesini tamamilə heçə endirən axmaq bəyanatla Paşinyan deyəsən Kremlin də səbrini daşırmaq üzrədir. Doğrudan da Paşinyan Qarabağın statusunu bəribaşdan özü üçün müəyyən edirsə o zaman hansı siyasi prosesdən və Rusiyanın nizamlama prosesindəki rolundan danışmaq olardı?

Digər mühüm məqam Sergey Lavrovun Paşinyanın həmin bəyanatını Albaniya baş nazirinin Kosovoya dair mövqeyi ilə müqayisə etməsidir. Təcrübəli, eyni zamanda diplomatiyada kifayət qədər hiyləgər fəndləri ilə bütün xarici tərəfdaşlarını ondan çəkinməyə məcbur edən Lavrov bu müqayisə ilə nə demək istədi?

Bu suala cavab tapa bilmək üçün Kosovo məsələsinə və Rusiyanın ona mövqeyinə qısa nəzər salmaq gərəkdir. Bəlli olduğu kimi müstəqilliyi ABŞ başda olmaqla bir sıra Qərb dövlətləri tərəfinən tanınan Kosovonu Rusiya tanımır, onu Serbiyanın tərkib hissəsi hesab edir. Lakin etnik albanların yaşadığı bu separatçı bölgə 90-cı illərin əvvəllərində Serbiyadan ayrıldığını və müstəqilliyini elan edəndə onu ilk tanıyan Albaniya olmuşdu. 1992-ci ildə Albaniya parlamenti Kosovonun müstəqilliyinin tanınması haqda qətnamə qəbul etmişdi. Daha sonra 1994-cü ildə Bosniya müharibəsi başlayanda Albaniya parlamenti bu qərarını geri çağırdı və Yuqoslaviya İttifaq Respublikasının ərazi bütövlüyünü tanıdığını elan etdi.

1998-ci ildə Kosovo müharibəsi başlayanda Albaniya bu bölgə ilə sərhədlərini götürdü. 2008-ci ildə nəhayət Belqradla danışıqların dalana dirənməsindən və Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən sonra Albaniya yenidən bölgənin müstəqilliyini tanıdı. Və 2015-ci ildə Albaniyanın baş naziri Edi Rama bəyan edib ki, Albaniya ilə Kosovonun birləşməsi zaman  məsələsidir. Ümumiyyətlə, Tiranadan Kosovonu Albaniyanın bir parçası elan edən bəyanatlar vaxtaşırı olaraq səslənir. Belə çıxışlar əlbətdə ki, Belqradda və Kosovo məsələsində onu birmənalı müdafiə edən Moskvada qəbul edilmir.

İndi belə demək olar ki, Lavrov Paşinyanı Albaniya baş naziri ilə müqayisə etməklə “Qarabağı Ermənistan hesab edən” yanaşmanı da qəbul etmədiyini onun nəzərinə çatdırmış oldu.

Digər tərəfdən Kosovonun danışıqlar prosesini tərk edərək birtərəfli qaydada  elan etdiyi müstəqilliyinin tanınması Qərbin layihəsi idi və Rusiyanın buna nə dərəcədə sərt münasibət bəslədiyi bəllidir. Və qərbə meylli Albaniyanın Kosovo məsələsində mövqeyi də Rusiya üçün qəbuledilməzdir.

Paşinyanın hakimiyyətə gələn kimi Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakı iddiasını irəli sürüb uzun müddət bunda israr etdiyi bəllidir. Və həm erməni, həm Rusiya dairələrində belə təxminlər vardı ki, həmin mövqe əslində Paşinyana okeanın o tayından ötürülüb. Eləcə də Paşinyanın sonradan daha da irəli gedib “Qarabağ Ermənistandır” deməsi də Rusiyaya bağlı erməni siyasi dairələrində çox sərt tənqid olundu. Bu bəyanatın təhlükəli olduğu və Ermənistanı müharibəyə sürüklədiyi, Paşinyanın Qarabağa dair Qərbin hansısa planını həyata keçirmək istədiyi deyildi.

Və indi Lavrov Paşinyanın Qarabağa dair mövqeyini ABŞ-ın himayəsində olan Balkan ölkəsinin, NATO üzvünün baş nazirinin Kosovo barədə mövqeyinə bənzədir. Maraqlı müqayisədir, elə deyilmi?!...//Virtualaz