Kürdəxanıda ölümlə nəticələnmiş qəzada yaralananlar koma vəziyyətindədir - FOTO

Qəza zamanı 4 nəfər ağır xəsarət alıb
 
Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnmiş yol qəzasında yaralanan 4 nəfər hazırda 1-ci dərəcəli koma vəziyyətindədir.
Bu barədə "Report"a yaralıların yerləşdirildiyi 3 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qəza Kürdəxanı qəsəbəsində baş verib. "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşının arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onlar qəza zamanı avtomobildə sıxılıb qalmış 4 nəfəri çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Ağır xəsarət alan Kürdəxanı qəsəbə sakinləri, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu, 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.