Kreml Ukraynada itirdiyi mövqelərini geri qaytarmağa çalışır - "Moskvanın yenidən Ukraynaya girməsinin qarşısı alınmalıdır"

Baxış sayı:
6697

Ramil Məmmədli: "Ukrayna həm iqtisadi, həm hərbi sənaye kompleksi, həm də sosial strukturlar və Avropaya inteqrasiya baxımından ciddi islahatlar mərhələsindədir" Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Ukraynanın Ali Radası geridə qoyduğumuz 2018-ci ilin noyabr ayının 26-da baş tutan növbədənkənar iclasında ölkədə növbəti prezident seçkilərinin bu ilin martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib. Həmçinin, onu da bildirək ki, bu ilin oktyabr ayının 27-də isə Ukraynada parlament seçkiləri baş tutacaq. Gördüyünüz kimi, 2019-cu il siyasi nöqteyi-nəzərdən Ukrayna üçün kifayət qədər əlamətdar, o cümlədən yetərincə gərgin il olacaq. Çünki eyni vaxtda iki seçkinin keçirilməsi, iki seçki kampaniyasının aparılması heç də asan məsələ deyil. Bununla yanaşı, Rusiya faktorunu da göz önünə alsaq, qəti əminliklə demək olar ki, bu il rəsmi Kiyev ciddi sınaqla üz-üzə qalacaq. Ona görə ki, Kreml nəyin bahasına olursa-olsun Ukraynada itirdiyi mövqelərini geri qaytarmağa, hakimiyyətdə, həmçinin parlamentdə özünə yaxın şəxslərin təmsil olunmasına çalışacaq. Nəzərinizə çatdıraq ki, ABŞ-ın Ukraynadakı eks-səfiri Con Herbst bugünlərdə "Azadlıq" radiosuna verdiyi müsahibəsində məhz bu mövzuya toxunub. Belə ki, "Ukraynada prezident və parlament seçkisi baş tutmayana qədər Moskva Kiyevə qarşı partizan müharibəsini davam etdirəcək" detən Con Herbstin qənaətincə, Rusiya prezidenti Vladimir Putin hələ də Ukraynadakı seçkidə rusiyayönlü qüvvələrin qələbə qazanacağına ümid edir: "O, yanıldığına bir il sonra əmin olacaq. Yəni Radaya keçirilən seçkidən sonra o, fikrini dəyişib, Rusiyanın Donbasa aqressiyasını dayandıracaq. Seçkiyə qədər müddətdə onlar Ukraynaya qarşı partizan müharibəsini davam etdirəcəklər. Moskva seçkidən sonra mövqelərinin güclü olmadığını görüb geri çəkilə bilər". Qeyd edək ki, ukraynalı hərbi ekspert Dmitri Timçuk da bir müddət öncə təxminən, eyni mövqedən çıxış edərək, Rusiyanın Donbasdan geri çəkiləcəyini bəyan edib. Ukraynanın artıq Rusiyaya qarşı təkbaşına mübarizə aparmadığını vurğulayan ekspertin sözlərinə görə, Vladimir Putinin prezidentliyinin növbəti altı ilində Rusiya əhalisini daha ağır dönəm gözləyir: "Avropa ölkələrinin çoxu Kremlə qarşı aktiv fəaliyyətə qoşulub. Sanksiyaların gücləndirilməsindən sonra Rusiyada həyat səviyyəsi aşağı düşəcək və Putin Donbasdan geri çəkilib, güzəştə getməli olacaq". Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli qeyd etdi ki, Donetsk və Luqanskda Rusiyanın hərbi birləşmələrinin, həmçinin kənardan gələn separatçı qüvvələrin formalaşdırdığı hərbi rejim həmin ərazidə yaşayan insanları narahat edir. Onun sözlərinə görə, adıçəkilən vilayətlərin əhalisinin bir hissəsi köçərək Kiyev və digər ərazilərdə yaşayır: "Yerli rusların bir qismi isə Rusiya və Belarusa köçüblər. Beləliklə, Donetsk və Luqanskdakı hazırkı vəziyyət, əhalinin say tərkibi, o cümlədən demokratik mühitin olmaması orada normal seçkinin formalaşdırılmasına şərait yarada bilmir. Ümumiyyətlə, Kreml həmin bölgədə referendum keçirdərək, qeyd olunan ərazilərin təxminən, Krım formatında Rusiyaya ilhaq olunmasına çalışır. Lakin bu, heç bir halda qanuni sayıla bilməz. Çünki həmin ərazidə Ukrayna dövlətinin maraqlarını nəzərə alan, Kiyevin təyin etdiyi insanlar artıq mühüm postlarda deyillər. Yəni həmin ərazidə hərbi rejim tətbiq olunur və sözügedən vilayətlərə hərbi rejimin nümayəndələri rəhbərlik edirlər. Bununla da oradakı insanlar qorxu altında seçkidə iştirak etməyə məcbur ediləcəklər. Bir sözlə, Rusiya hərbi rejimin təzyiqi altında saxta seçki yolu ilə həmin vilayətləri öz ərazisinə qatmaq niyyətindədir". Rusiyanın Ukrayna hakimiyyətində öz mövqelərini bərpa etməsi, daha dəqiq desək, Kremlin maraqlarına xidmət edən şəxsləri yenidən iqtidara gətirməsi, onları parlamentə yerləşdirməsi ilə bağlı məqama gəlincə, hərbi-siyasi icmalçı bildirdi ki, Moskva artıq bu məsələ ilə əlaqədar ciddi addımlar atıb: "Hətta Yanukoviçdən sonra belə, parlamentdə təmsil olunan çoxlu sayda insan var ki, onlar bu gün də Kremlin maraqlarını güdürlər. Bundan başqa, hökumətdə təmsil olunan bir sıra nazirlər var ki, onlar Moskvanın müəyyən maraqlarına zidd getməyə çəkinirlər. Düşünürəm ki, hazırda Kiyevin əsas məqsədi parlamenti təmizləmək, yəni Rusiyanın maraqlarına xidmət edən şəxslərin parlamentdən uzaqlaşdırılmasıdır. İkinci mərhələdə isə Moskvanın maraqlarına qulluq edən şəxslərin hökumətdən uzaqlaşdırılmasına nail olmaqdır. Əlbəttə, bunun üçün mütləq seçkiyə ehtiyac var. Məhz bu səbəbdən də qarşıdan gələn prezident və parlament seçkiləri Ukrayna üçün çox həlledici olacaq. Qeyd edim ki, Ukraynanın qonşusu olan Moldova artıq bu mərhələni keçdi və beləliklə də, hökumət özündə güc taparaq Rusiyanın maraqlarına xidmət edən komandanı hakimiyyətdən uzaqlaşdıra bildi. Görünən odur ki, Moldovada mövqelərini itirən Kreml Ukraynada bunu yenidən bərpa etmək istəyir". Ramil Məmmədli hesab edir ki, əgər qarşıdan gələn prezident və parlament seçkilərində Rusiyanın maraqları qorunacaqsa və onun maraqlarına xidmət edən şəxslər hakimiyyətə gələcəksə, o zaman Donetsk və Luqanskda həlak olan minlərlə insanın qanı əbəs yerə axmış olacaq: "Bu baxımından, Ukraynanın siyasi dairələri bu məsələdə çox ciddi rol oynamalı, milli müxalifət dövlət maraqlarından çıxış edərək Moskvanın yenidən Ukraynaya girməsinin qarşısını almalıdır". Bu arada, Qərbin Kiyevə Kreml qarşısında duruş gətirməsi üçün yetərincə dəstək verdiyini deyən hərbi-siyasi icmalçının fikrincə, bu ildən etibarən Ukrayna hərbi sənayesinin və silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı verilən qərar bunun bariz sübutu kimi dəyərləndirilməlidir: "Ukrayna, eynən Gürcüstan kimi Avropa İttifaqı ilə bağlı bütün güzəştlərdən istifadə edir. Bundan başqa, Ukraynanın hərbi sənayesi və silahlı qüvvələri Qərbin müasir hərbi imkanlarından bəhrələnir. Elə buna görə də ötən il qərara alındı ki, Ukrayna hərbi sənayesi 2019-cu ildən başlayaraq NATO standartlarına uyğunlaşdırılmalıdır. Bununla yanaşı, silahlı qüvvələrin də strukturu, tərkibi və qoşun növü də NATO standartlarına uyğunlaşdırılacaq. Bu, onu deməyə əsas verir ki, artıq Ukrayna ordusunun, silahlı qüvvələrin rəhbər heyəti qərbyönümlüdürlər və Ukraynanın Rusiyadan asılılığını azaltmaq üçün NATO ilə əməkdaşlığa daha çox üstünlük verirlər. Məsələnin iqtisadi tərəfinə gəlincə, qeyd edim ki, artıq Ukrayna Avropanın iri sənaye şirkətləri ilə sıx əməkdaşlıq edir, bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Onu da nəzərinizə çatdırım ki, bütün çətinliklərə rəğmən, 2014-cü ildən bu günə kimi Ukraynada ciddi islahatlar başladı. Bu illər ərzində Avropanın demokratik təsisatları və iqtisadi qurumları Kiyevə ciddi dəstək veriblər, maliyyə çətinliklərinin qarşısını almaq məqsədiylə layihələr həyata keçirilib və proses bu gün də davam edir. Bildiyiniz kimi, Ukraynanın əsas gəlir gətirən mənbələrindən biri də müdafiə sənayesi kompleksidir. Odur ki, müdafiə sənayesinin inkişaf etdirilməsi üçün ABŞ və Avropanın iri müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ilin sonuna kimi Ukraynanın müdafiə sənayesi sektorundakı satışı 1 milyard dollara çatıb. Bütün bunlar qısa zaman kəsiyində, 3-4 il ərzində əldə olunan nailiyyətlərdir. Yəni illərdir Rusiya ilə ittifaq çərçivəsində yaşayan Ukrayna müdafiə sənayesi kompleksini bu günə kimi hələ bu qədər inkişaf etdirməmişdi. Lakin bu gün Ukrayna müstəqil hərbi sənaye kompleksinə malikdir, eyni zamanda ordusu da yenilənməkdədir. Bununla yanaşı, artıq siyasi qurumlarında da əvvəlki gərginlik mövcud deyil. Düzdür, parlamentdə müəyyən narazılıqlar, çaxnaşma yaşanır. Əslində, siyasi çaxnaşmaların küçədə yox, parlamentdə olması, xalqın problemlərinin parlamentdə müzakirəsi və həlli daha yaxşıdır. Ümumilikdə götürsək, Ukrayna həm iqtisadi, həm hərbi sənaye kompleksi, həm də sosial strukturlar və Avropaya inteqrasiya baxımından ciddi islahatlar mərhələsindədir. Bundan sonra da bu proses davam edəcək. Çünki burada əsas məqsəd Rusiyanın təzyiqinin qarşısında dayanmaq və Ukrayna hakimiyyətini tam milli, demokratik dəyərlərə üstünlük verən struktura çevirməkdir". Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org