Kirayə evdə qonağı ilə mübahisə etdi, sonra... – LÖKBATANDA QƏTL

Baxış sayı:
3310

Bakıda evində qonağının qətlə yetirməkdə təqsirli bilinən 1963-cü il təvəllüdlü İsgəndər Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il noyabrın 21-də Lökbatan qəsəbəsində Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İsgəndər Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi bıçaqlayaraq öldürüb.
Məlum olub ki, İsgəndər Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. O, Lökbatan qəsəbəsində kirayədə yaşayırmış. Həmyerlisi İlqar Mirzəyev həmin gün onun kirayədə yaşadığı evə qonaq gəlib. Yeyib-içən tanışlar sonda mübahisə ediblər. Mübahisə qanlı olayla nəticələnib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məlum olub ki, 2006-cı ildə İsgəndər Hüseynov Moskvada saxta sənəd və narkotikə görə məhkumluq həyatı yaşayıb.
Növbəti proses mayın 22-də davam edəcək./Teleqraf/