​Kim Çen İnin öldürülməsi üçün 310 min dollar ayrıldı

Baxış sayı:
3685

“Bir dövlətin başqa bir dövlətin lideri barədə bu cür qərar verməsi normal hal deyil” - ekspert

Cənubi Koreya hökuməti 2018-ci ilin hərbi büdcəsində Şimali Koreyanın lideri Kim Çen İnin qətli üçün rəsmi qaydada vəsait ayırıb. Bu vəsait əməliyyatı həyata keçirəcək dəstənin təliminə və təchizatına yönəldiləcək. Seul hökuməti həmin dəstəni ABŞ-ın Üsamə bin Ladenin öldürülməsi zamanı istifadə etdiyi “Seal Team Six” proqramı üzrə hazırlayacaq.
Xarici medianın verdiyi xəbərə görə, Cənubi Koreyanın hərbi büdcəsində sözügedən əməliyyatla bağlı olaraq 340 milyon vonluq (310 min dollar) məbləğ nəzərdə tutulub. Bu, əslində ümumi hərbi büdcə ilə müqayisədə elə də böyük rəqəm sayılmır. Cənubi Koreyanın hərbi büdcəsi 43,2 trilyon von, yəni 39,8 milyard ABŞ dolları təşkil edir. Layihəyə görə, Şimali Koreyanın Kim Çen İnlə birlikdə siyasi rəhbərliyinin məhv olunması üçün min nəfərlik xüsusi birlik yaradılmalıdır. “Korea Herald” qəzetinin məlumatına görə, canlı qüvvə əlavə olaraq öldürücü PUA-lar (pilotsuz uçan aparat), kəşfiyyat dronları və dəzgah minaatanları ilə təchiz ediləcək. Yaxın gələcəkdə bu sahəyə ayrılan xərclərin 26 milyard vona, yəni 24 milyon ABŞ dollarına çatdırılması gözlənilir. Birliyin strukturu və təlim planları gizli saxlanılır. Müdafiə nazirliyi dəstə üçün ultramüasir silahların da işlənib hazırlanması ilə məşğuldur. Bu məqsədlə ABŞ-dan “Ch-47 Chinook” nəqliyyat helikopteri əldə edilib. Mətbuatda Cənubi Koreya mühəndislərinin həmin helikopterin səssizcə düşmən ərazisinə daxil olması üçün təkmilləşdirilməsi üzərində iş aparıldığı yazılmaqdadır.
Cənubi Koreya vaxtilə, 1968-ci ildə xüsusi hazırlıqlı dəstənin köməyi ilə bənzər əməliyyatı həyata keçirməyə çalışıb. Həmin il Cənubi Koreyada məhkum həyatı yaşayan 31 dustağa Kim xanədanlığının ilk diktatoru Kim İr Seni öldürmələri halında bəraət vəd edilib. Qrup olduqca məşəqqətli təlimdən keçirilib (hətta 3 nəfər təlimlərdə həlak olub), rezin qayıqlarla Şimali Koreyaya göndərilib. Lakin dəstə yarıyoldan geri çağırılıb. Həmin vaxt Cənubi Koreyanın diktatoru Pak Çjon Hi sui-qəsdin ABŞ və SSRİ arasında gedən sülh danışıqlarına mane ola biləcəyini düşünürmüş. Qrup üzvlərinə isə vəd olunan azadlıq verilməyib. Onlara 1971-ci ilə qədər ağır təlimlər keçməyə davam ediblər. Həmin il dəstə üzvləri öz təlimatçılarını öldürərək düşərgədən qaçmağa müvəffəq olublar. Birlik daha sonra paytaxt Seula doğru hərəkət etməyə cəhd göstərib. Onları yolda bütöv bir ordu qarşılayıb və dəstə üzvlərinin bir hissəsi özlərini qumbara ilə partladaraq öldürüb. Sağ olaraq ələ keçirilən 4 nəfər isə edam olunub. Bu faciəvi tarixi hadisə haqqında 2003-cü ildə çəkilən “Silmido” adlı film də var.
Cənubi Koreya hökumətinin Şimali Koreya diktatoru Kim Çen İnin öldürülməsi üçün xüsusi vəsait və dəstə ayırması ortaya bir sıra suallar çıxarıb. Terrorçu siyahısında adı olmayan bir şəxsə, özü də hər necə olsa da bir dövlətin birinci şəxsinə bu şəkildə ölüm hökmü vermək, başına pul qoymaq həm siyasi, həm də hüquqi baxımdan nə dərəcədə düzgündür? İni öldürə biləcəklərmi?
 
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Cənubi və Şimali Koreya arasında olan münasibətlər indiyədək bir-birinə düşmən olmuş  digər dünya dövlətləri arasında olan münasibətlərdən  tam fərqli olub. Bu qərar da həmin fərqliliyin göstəricisidir. Şimali Koreya liderlərinin fiziki məhvi həmişə gündəlikdə olub, bununla bağlı milyonlar da xərclənib, coxsaylı cəhdlər də olub. İndi prosesin rəsmiləşdirilməsindən söhbət gedir ki, bunu siyasi akt kimi dəyərləndirmək olar: “Koreya xalqının spesifik xarakteri, on illərdir eyni xalq arasında davam edən düşmənçilik, yüz minlərlə insanların həlak olması belə bir qərarın dövlət səviyyəsində verilməsinə gətirib çıxardıb. Əslində bir dövlətin digər dövlətin başçısını qətlə yetirmək məqsədilə rəsmi olaraq pul ayırması normal hal deyil. Amma Şimali Koreya problemi  də digər problemlərə bənzəmir. Ölkə açıq şəkildə dünyanı nüvə bombası ilə təhdid edir. Heç bir terrorçunun malik olmadığı imkanlara sahib olan birinin təhlükəlilik dərəcəsi bütün terrorçulardan daha yüksəkdir. Digər tərəfdən, bu qərarı verən də eyni xalqın  nümayəndələridir. Uzun müddət vətəndaş müharibəsi aparıblar. Əgər o vaxt 38-ci paraleldə BMT sülhməramlıları silahsızlaşdırılan zona yaratmasaydılar, nələrin baş verəcəyini təsəvvür etmək çətin olardı”.
Ekspert qeyd etdi ki, Cənubi Koreyanın bu qərarından sonra Kim Çen İnin öldürülməsinin mümkün olacağı sual altındadır. Əgər sabah Şimali Koreya lideri öldürülsə belə, bu, verilən qərarın nəticəsində olmayaca: “Dediyim kimi, bu qərar olmadan belə, nəinki onun, atasının və babasının da fiziki məhvi hər zaman gündəlikdə olub. Lakin onları məhv edə bilməyiblər. Bunu Şimali Koreyada çox yaxşı bilirlər. Sözsüz ki, buna uyğun da dövlət başçıları həmişə ciddi qorunublar. Ölkənin tam  qapalı olması da bu qorunmaya yardım edib”./musavat.com/