KEÇMİŞİNDƏN XƏBƏRSİZ OLAN GƏNCLİK! – Rus bölməsində bizim gənclərə öz tarixini, kimliyini unutmağı öyrədirlər?

Baxış sayı:
3577

Xəbər verdiyimiz kimi, dünən Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə paytaxtda möhtəşəm parad keçirilib.
Məlumdur ki, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə Bakı və Gəncənin xilası uğrunda ermə daşnaqları ilə rus bolşeklərə qarşı birlikdə apardığı mücadilə daim xatırlanır və bu döyüşlərdə həlak olan əsgərlərin xatirəsi hər il sayqı ilə anılır. O cümlədən, xüsusən də Azərbaycan müstəqillik əldə etdikdən sonra bu tarixi zəfər orta məktəb dərsliklərində də əks olunub, həmin dönəmin ağrı-acılı günləri və əldə olunan qələbələr şagirdlərə tədris olunmaqdadır. Amma, təəssüf ki, tədris sahəsində hələ yetərli nəticə əldə edə bilməmişik. Bu fikrimizi əsaslandırmaq üçün Bakının işğaldan azad olunmasının 100 illiyi tarixində şahidi olduğumuz bir faktı dəyərli oxucularımızla bölüşək.
Qeyd edək ki, dünən axşam saat 22:00 radələrində Bakının mərkəzində, Bulvara yaxın ərazidə yerləşən özəl kurslardan birində 7-8 nəfərdən ibarət şagird öz aralarında söhbət edirdi. Sonradan öyrəndik ki, onlar rus bölməsinin 10-cu sinif şagirdləridir. Şagirdlər söhbət edərkən, Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə Bulvarda böyük atəşfəşanlıq başladı. Bu vaxt onlar təəccüblə bir-birinin üzünə baxaraq, bu atəşfəşanlığın nə ilə bağlı olduğunu sual etdilər. Şagirdlərdən biri dedi ki, yəqin kiminsə toyudur. Digəri dedi ki, yox, toya bənzəmir, yəqin bu gün hansısa bayramı qeyd edirlər. Üçüncü şagird dedi ki, nə toy, nə bayram, bu gün Azərbaycanın erməni daşnaqlarının və rus bolşeviklərin hücumundan azad olmasının 100 illiyidir. Şagirdlərdən daha bir ona “dəstək verməyə” çalışdı: deməli, SSRİ-dən xilas olduğumuz günü bayram edirik...
 
Muxalifet.az
 
P.S. Şahidi olduğumuz bu hadisə bizi xeyli məyus etdi. Axı, keçmişindən xəbərsiz olan gənclik Vətəninə necə bağlı ola bilər? Xüsusən də, günlərdir televiziyalar, digər KİV-lər Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçiriləcək paraddan, aparılan təlimlərdən bəhs etdiyi halda, bu gənclərin bütün bunlardan xəbərsiz olması çox üzücüdür. Tutaq ki, bunlar heç tarix oxumur, televiziya və saytları izləmir, bəs bir neçə gündür Bakı üzərində uçuşan təyyarə və helikopterlər də onların marağına səbəb olmayıb?!
P.P.S. Bəlli olduğu kimi, son vaxtlar bəzi valideynlər öz övladlarının rus sektorunda təhsil almasına çalışırlar. Bunu ilk növbədə onunla “əsaslandırırlar” ki, guya, rus sektorunda onların övladları daha yaxşı təhsil alacaq. Zənnimizcə, qeyd etdimiz fakt, bu kimi yanlış düşüncədə olan valideynlərə ən yaxşı cavabdır...