​Keçmiş nazirin "işdən çıxan" yeznəsi QƏBUL KEÇİRİR

Baxış sayı:
1940

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini, keçmiş Vergilər naziri Fazil Məmmədovun yeznəsi Namiq Quliyevin işdən çıxarılması ilə bağlı deyilənlər özünü doğrultmayıb.
Axar.az xəbər verir ki, ötən ilin dekabrında yeni nazir Mikayıl Cabbarov tərəfindən işdən çıxarıldığı deyilən Namiq Quliyev elə öz vəzifəsində qalıb.
Belə ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəhbər işçilərinin 2018-ci ildə vətəndaşların qəbul qrafikini açıqlayıb. Qrafikdə Departamentin baş direktorunun 1-ci müavini Namiq Quliyevin həftə içi hər gün saat 09:00-dan 18:00-dək vətəndaş qəbulu həyata keçirdiyi qeyd olunub.
Qeyd edək ki, Modern.az saytı ötən ilin 26 dekabr tarixində yaydığı məlumatda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyevin vəzifəsindən kənarlaşdırıldığını bildirmişdi.
Xatırladaq ki, Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib.