Keçmiş nazir haqqında sensasion iddia... - MİTİNQ ÜÇÜN PUL PAYLAYIB?

Baxış sayı:
8515

Ağasif Şakiroğlu: “Biz icazə verilməmiş mitinqə görə camaata niyə pul verək?” Mirmahmud Mirəlioğlu: “Həbsləri qətiyyətlə pisləyirəm” Əhməd Oruc: “Onların həbsdən dərhal azad olunmasını tələb edirik” 3 gündür ki, AXH üzvlərinin rayonlarda polis şöbələri və Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb. Strateq.az saytının yaydığı xəbər görə isə İsgəndər Həmidov ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi etmək ərəfəsində ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İsgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər. Bu baxımdan, vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq. “Həbs olunanlara vəkillə görüşmək imkanı yaradılmır” “Hürriyyət”ə vəziyyətin nə yerdə olduğunu açıqlayan AXH İdarə Heyətinin üzvü, GAP sədri Ağasif Şakiroğlu dedi ki, İdarə Heyətinin srağagün tutulan 19 üzvü sərbəst buraxılıb: “İdarə Heyətindən yalnız 2 nəfər-Yavər bəy və Firudin bəy həbsdə qalır. Onlara vəkillə görüşmək imkanı yaradılmır. Mütəşəkkil Cinayətkarlığıa qarşı Mübarizə İdarəsində saxlanılırlar. Azərbaycanın Avropa Şurası və bir sıra beynəlxlaq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə görə vətəndaşın vəkillə təmin edilməsi hüququndan istifadə etməsinə süni maneə yaradılması ilə bağlı məhkəməyə müraciət olunub. Biz hazırda Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi siyasi qərardan məhkəməyə müraciət etməyi düşünürük. İdarə Heyəti bu gün fövqalədə iclas keçirib. Hazırkı şəraitdə icazəsiz aksiyaya isti baxmırıq və hakimyyətin repressiyya addımları atmaması üçün bəhanə vermək istəmirik. Hazırda növbəti mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti müraciət etməyə hazırlaşırıq. Tutulanların da müdafiəsi istiqamətində komitə fəaliyyət göstərir. Düzdür, komitə formal fəaliyyət göstərir. Ona görə ki, ki biz praktiki olaraq heç nə edə bilmirik. Nə həbs olunanları vəkillə görüşdürə bilirik, nə biz, nə də ailə üzvləri görüşə bilir. Yalnız paltar aparmışıq, yemək vermişik”. “Belə qeyri-müəyyən bir şəraitdə kim kimə pul verər?” Ağasif Şakiroğlu vurğuladı ki, mitinqlə bağlı heç kəsə bir manat pul verilməyib: “Sadəcə, Azərbaycan Xalq Hərəkatının Ali Məclisinin 5 mayda olan sessiyası zamanı uzaq rayondan gəlmiş üzvlərindən ehtiyacı olanlara nəqliyyat pulu verilib. Məsələn, Qazaxdan gələn bir maşın adama 50 manat benzin pulu lazım olub. AXH-nin üzvülük hesabından yığılmış bank hesabından onlara pul verilib. Amma 25 may mitinqi ilə bağlı kiməsə 1 manat verilməyib və belə bir niyyət də yoxdur. Gəlin, məntilqə düşünək. Mitinqə icazə verilməyib. İcazə cavabının verilib-verilməməsini biz bilməyə-bilməyə hansı məntiqlə kiməsə pul verərsən ki, 25 mayda mitinqə gələrsən? Hətta rayondan gələn adamlara nəqliyyat pulu verilməsi kimi bir düşüncə olsaydı belə, bu 18-19 mayda yox, bu, bu gün ola bilərdi ki, biz meriyadan cavab almışıq, mitinqə icazə verilib. Biz icazə verilməmiş mitinqə görə camaata niyə pul verək? Belə qeyri-müəyyən bir şəraitdə kim kimə pul verər?” “Məhz icazəli aksiyalar təşkil etməliyik” “Biz Bakı Şəhər İcra Hakimiyyətini verdiyi cavaba görə məkəməməyə şikayət etməyi düşünürük. Hüquqşünaslarımız meriyanı məhkəməyə verməklə bağlı məşğul olurlar. Qarşıdakı ayda növbəti mitinqimizi elan edəcəyik. Bu gün biz növbəti mitinqin tarixini müyyənləşdirə bilmədik, fövqalədə iclas idi. Növbəti iclasda mitinqin tarixini müəyyənləşdirib, meriyaya müraciət edəcəyik. Dediyim kimi, hazırkı şəraitdə AXH icasiz aksiyalara isti baxmır, öz elektoratımızı təhlükə altında qoymamalıyıq. Məhz icazəli aksiyalar təşkil etməliyik. Bu, bu günün qərarıdı, 1, yaxud 5 aydan sonra nə qərar veriləck. Bu başqa məsələdir”,-deyə AXH İdarə Heyətinin üzvü əlavə etdi. “Azərbaycanda ictimai siyasətdə olan hər bir adamın, xüsusilə də İsgəndər Həmidovun azadlığı təhlükə altındadır” “Bu hadisələrlə bağlı mətbuatda İsgəndər Həmidovun həbs olunmaq ehtimalı var deyə, məlumatlar dolaşır. Bu ehtimal nə dərəcədə doğrudur” sualına A. Şakiroğlu belə cavab verdi: “Azərbyacanda kimin həbs olunmamaq ehtimalı yoxdur ki. Ona görə ki, Azərbaycanda azad məhkəmə yoxdur. Görün, bu gün nə qədər siyasi məhbuslarmız var. Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan istənilən adam potensial siyasi məhbusdur, həbs olunmağa namizəddir. İstənilən siyasi partiya rəhbəri, fəalı həbs oluna bilər, o cümlədən İsgəndər bəy də, mən də həbs oluna bilərik. Baxın, hazırda AXH-nin İdarə Heyətinin 2 üzvü həbsdədir, taleləri məlum deyil. İsgəndər Həmidov da Azərbaycanda müxalif cameədə kifayət qədər tanınan, Azərbaycan Xalq Hərəkatının qurucu liderlərindən biridir, ideoloqudur. Onun həbsi təbii ki, tam real görsənir, mənim də, sizin də həbsiniz realdır. Çünki sabah nəsə yazarsınız, xoşlarına gəlməz, “reket jurnalist” adı ilə sizi də həbs edərlər. Yəni Azərbaycanda ictimai siyasətdə olan hər bir adamın, xüsusilə də İsgəndər Həmidovun azadlığı təhlükə altındadır”. “Bu, bir “ayı xidməti”dir, başqa bir şey deyil” AXH İdarə Heyətinin üzvlərinin həbs olunması ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, həbsləri qətiyyətlə pisləyir: “Hesab edirəm ki, bu, Azərbaycan hakimiyyətinin gücsüzlüyünün göstəricisidir. 25 may mitinqi ilə bağlı rəsmi müraciət olunub. Mitinqlə bağlı rəsmi müraciətə rəsmi cavab olsun də. Adamların həbs olunması Azərbaycan hakimiyyətinin yarıtmaz siyasətinin, narahatçılığının nəticəsidir. Fikir verisinizsə, iki gün öncə maraqlı bir hadisə baş verdi. Ona əgər, hadisə demək mümkündürsə... Belə bir sərəncam verdilər ki, mayın 25-dən 31-dək Bakının mərkəzində gəzinti qadağan olunur və guya ki, turistlər gələcək. Bu axmaqlıqdan başqa bir şey deyil. Bu, sadəcə olaraq bir nadanlıq, gerizəkalılıqdır. Sən turistlər gələcək deyə Cümhuriyyət günü ərəfəsində öz insalarını gəzməyə qoymursan. Bu, sadəcə bir qorxudur, narahatçılıqdır və işin bilməməzliyinin göstəricisidir. Bu, onu göstərir ki, adamlar yerində deyil, hakimiyyətin ayrı-ayrı budağında oturan adamların çoxusu öz vəzifə səlahiyyətlərini, işlərini bilmirlər, təsadüfi adamlardırlar. Bəzilər də uzun illərdir o vəzifələrdə oturublar, öz qafalarına görə hərəkət edirlər. Hesab edirlər ki, guya, bununla hökumətə, dövlətə, dövlətçiliyə xidmət edirlər. Bu da bir “ayı xidməti”dir, başqa bir şey deyil. Klassik Xalq Cəbhəsi Partiyası olaraq istənilən qanunsuz həbsləri pisləyirik, doğru saymırıq, Azərbaycanın imicinə ziyan vurmasını hesab edirik. Təbii ki, həbs edən özü üçün nələrsə uydurmalıdır, yəni külli miqdarda pul paylanıb, cinayət tərkibi yaranıb. Bunu pulu alan, pul paylayan bilər, yaxud bunu uyduran adamlar bilərlər. Bəlkə uydururlar ki, belə bir şey var, nə siz sual verərək, nə də mən cavab verərək, bilərəm”. “Mən həmin şəxslərə qarşı polis özbaşnalığını qınayıram” Azadlıq Partiyasının sədri Əhməd Oruc “Hürriyyət”ə dedi ki, bu məsələlərlə bağlı o da mətbuatdan eşidib: “Mən həmin şəxslərə qarşı polis özbaşnalığını qınayıram, doğru hesab etmirəm. Bu, vətəndaşların siyasi fəaliyyət azadlıqlarının məhdudlaşdırılmasıdır. Həbs olunanların azadlığa buraxılmasını tələb edirəm”. “Hesab edirik ki, onların mitinq keçirməsinə icazə verilməliyidi” “Biz həmin idarə heyətində deyilik. Onlar İsgəndər bəyin tərəfdarlarıdır. 25 mayda mitinq qərarını onlar veriblər. Biz 25 mayda saat 12-də da ADP-nin qərargahında tədbir keçirəcəyik”,-deyə partiya sədri qeyd etdi. Ə. Oruc hesab etmir ki, bu həbslər 25 maya təyin olunan mitinqə qarşıdır: “Onsuz da bəlli idi ki, mitinqə icazə verməyəcəklər. Yanvarın 19-dan sonra dəfələrlə fərqli təşkilatlar mitinqə müraciət edirlər, mitinqlərə faktiki qadağa qoyulub. Həmin şəxslərin mitinq keçirmək hüququ var. Biz onların mitinq keçimək hüququnu dəstəkləyirik. Hesab edirik ki, onların mitinq keçirməsinə icazə verilməliyidi. Hesab edirik onların repressiyası vətəndaşarın sərbəst toplaşmaq, siyasi azadlıqlarının məhdudlaşdırılması hüquqlarına və Azərbaycan qanunlarına, dövlət mənafeyinə ziddir. Bu baxımdan, həmin şəxsləri müdafiə edirik. Onların həbsdən dərhal azad olunmasını tələb edirik”. “Bu, həqiqətə uyğun informasiya deyil” “Guya, 25 mayda mitinqdə iştirak etmələri üçün AXH-nin rayon təşkilatlarının sədrlərinə külli miqdarda pul verilib. Bu barədə nə deyə bilərsiniz” deyə sual etdikdə Ə. Oruc qeyd etdi: “Mən bu məsələlərlə bağlı məlumatlı deyiləm. Ona görə, nəsə desəm, doğru çıxmaz. Birincisi, mitinq yoxdur. Mitinqlə bağlı məsələ həll olunmayıbsa, olmayan mitinqə kimi dəvət etmək olar? Bu, həqiqətə uyğun informasiya deyil. İkincisi, kimlərsə mitinqə dəvət olunubsa və tutuaq ki, onların yol pullarının ödənilməsi üçün maddi kömək göstrəilibsə, bu da Azərbaycanın heç bir qanununa zidd deyil, burada qanun pozuntusu yoxdur. Bu baxımdan, mən polisin bu addımlarını doğru hesab etmirəm və onların dərhal azad olunmalarını tələb edirəm”. Şamo EMİN, Hurriyyet.org