Kataloniyanın lideri danışdı - “Bu ümid və acı dolu bir gündə...”

Polis və seçicilər arasında toqquşmanın yaşandığı, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniyanın rəhbəri Puçdemon Karles açıqlama verib. 
Puçdemon bildirib ki, bu ümid və acı dolu bir gündə Kataloniya vətəndaşları müstəqil dövlət qurmaq haqqını qazandılar. O, rəsmi Madridin etirazına baxmayaraq, referendumu baş tutmuş elan edib. 
Barselonanın mərkəzinə Kataloniyanın müstəqilliyinin tərəfdarı olan minlərlə insan toplaşıb. Puçdemon canlı yayımlanan müraciəti zamanı bildirib ki, yaxın bir neçə gün ərzində səsvermənin nəticələrini Kataloniya parlamentinə göndərəcək. 
Səsvermədən sonra Kataloniya iki gün ərzində müstəqilliyini elan etməlidir. 
Referendumu demokratiyanı “ələ salmaq” kimi qiymətləndirən Madrid isə tarixinin ən böyük siyasi böhranı ilə üz-üzədir. 
Xatırladaq ki, İspaniyanın konstitusiya məhkəməsi referendumu qanunsuz elan edib. Yüzlərlə seçici səsverməyə mane olan polislə toqquşma zamanı yaralanıb. 
Qeyd edək ki, Kataloniyada 7,5 milyon insan yaşayır. Əhalinin 35 faizini katalon dilində danışan etnik katalonlar təşkil edir. Yerdə qalan 45 faizi isə Əndəlus, Mursiya və Estremaduradan çıxan ispanlardan ibarətdir. Muxtar Kataloniyanın paytaxtı Barselona şəhəridir. Kataloniyanın İspaniyadan ayrılması üçün referendumun keçirilməsinə İspaniya parlamenti 2014-cü ilin aprelin 13-də qadağa qoymuşdu.