Jurnalistlər "Media haqqında" qanunun necə problemlər yaradacağı haqda danışır - VİDEO

Baxış sayı:
8299

Fevralın 6-da jurnalistlər "Media haqqında" qanunun ətrafında müzakirə təşkil ediblər. Onlar qanun əleyhinə "icazəli media istəmirik" kampaniyası başladıblar.
 
Amerikanın Səsi konfransda müzakirə edilən mövzuları bir araya toplayıb.
 
Konfransda çıxış edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli mövzunun niyə indi gündəmə gəlməsi ilə bağlı suallara aydınlıq gətirib. Hüquqşünas deyib ki, yeni kampaniya indi başlayıb, çünki Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu məsələ ilə bağlı açıqlama verib.
 
İsmayılov bildirib ki, hansısa media reyestrdən keçməyibsə, deməli, mövcud deyil: "Vətəndaşa şəxsiyyət vəsiqəsi verməyəndə o, mövcud olmur? Bəs adam öldürsə, necə? O zaman kim məsuliyyətə cəlb ediləcək? “Yox”a qarşı ittiham qaldırmaq olarmı? Bütün bu kampaniyaya qarşı gələn hökumət mediası da bir gün anlayacaq ki, biz həm də onların yaxşılığını istəyir, onların sifarişlə yazı hazırlamasının əleyhinəyik. Hökuməti tənqid edənlərə jurnalistlər cavab verməməlidir. Çünki jurnalistlər hökuməti təmsil etmirlər. Nədənsə onlara elə gəlir ki, hökuməti təmsil edirlər".
 
Meydan TV-nin redaktoru Aynur Elgünəş isə bildirib ki, illərdir bloklanmış sayt kimi çətinliklə fəaliyyət göstəriblər:
 
"Meydan TV-nin baş ofisi Almaniyada yerləşir, orada qeydiyyatdan keçib. İllərdir ki, çalışırıq Azərbaycanda akreditasiyadan keçək, amma keçirmirlər. Fəaliyyətimiz məhdudlaşdırılıb. Təəssüf ki, indiyədək bizə tətbiq olunan məhdudlaşdırmalar bu gün bütün müstəqil media və jurnalistlərin fəaliyyətinə tətbiq edilməyə başlayıb. Deyirlər ki, media qurumlarının reyestrdən keçməsi məcburidir, amma müstəqil jurnalistlər keçməsi könüllüdür. Gəlin baxaq, könüllüdür, amma jurnalist gedir küçədə sorğu keçirməyə. Polis yaxınlaşır, kim olduğunu soruşur və axtarır, reyestrdə adı yoxdursa, onu jurnalist hesab etmir. Əhməd İsmayılov özü də bir dəfə demişdi ki, reyestrdən keçməmisənsə, deməli, jurnalist deyilsən. Bunun özü polislərə əsas verir ki, jurnalistə rahat şəkildə mane olsun".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, reyestr ciddi narahatlıqlara səbəb olmağa başlayıb. O bildirib ki, hökumət, dövlət orqanları özləri də hazırda bu, qanunun qarşısında girinc qalıblar.
 
"Reyestrdə daha təhlükəli məqamlar yatır. Qanun layihəsi ləğv edilməlidir. Reyestrlə bağlı kampaniyalar da davam etməlidir. Qanun layihəsinin bu vəziyyətdə qalması, jurnalistlərə, hökumətə və cəmiyyətə hələ çox problemlər yaradacaq", deyə Əliyev bildirib.
 
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, martdan sonra müstəqil medianı, jurnalistləri nəyin gözlədiyini demək çətindir. Hansı addımları atacaqları bəlli deyil:
 
"Bunların 25 illik siyasətini nəzərə alsaq, siyasət ona yönəlib ki, Azərbaycanda tamamilə sıradan çıxarsınlar. Niyə tibb işçilərinin, tikinti fəaliyyəti ilə məşğul olanlar üçün reyestr yoxdur? Nə qədər ev tikməlisən, neçə dənə mənzil təhvil verməlisən, neçə kilo kartof əkməlisən? Redaksiya 20 informasiya istehsal etməlidirsə, bu da gülməlidir. Heç yerdə belə bir praktika yoxdur. Biz reyestrdən danışırıq, ancaq reyestrə düşsən də, oradan səni sıradan çıxarmaq kifayət qədər rahatdır".
 
Media hüququ üzrə ekspert, hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə 2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) qətnaməsi qəbul olunub:
 
"Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi. Orada qeyd olunurdu ki, AŞ NK Azərbaycanda media haqqında qanunun hazılanması ideyasından xəbərdardır və bunu maraqla qarşılayır. Orada qeyd edilirdi ki, hökumət yeni qanunu Avropa Şurası standartlarına uyğunlaşdırmaq yönündə işləsin və Avropa Şurası ekspertlərini də məsələyə cəlb etsin. Bundan 3 gün sonra Parlament qanun layihəsini rəsmi şəkildə açıqladı".
 
Hüquqşünas bildirib ki, onların bunu müzakirə üçün cəmi bir günləri olub, təkliflər vermək üçün isə 5-6 saat vaxtı var idi:
 
"Dünyanın ən uzun mətni olan qanun layihəsinə tez bir zamanda baxıb, əlavələrimizi edə bildik. Qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır. Tamamilə dəyişdirilməlidir. Qanun bir müddət sonra hamıya problem yaradacaq, sadəcə, 10-15 nəfər müstəqil jurnalistə yox".
 
Toplum TV-nin redaktoru, araşdırmacı jurnalist Xədicə İsmayıl deyir ki, əgər məhkəmə qaydasında jurnalistlərin fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər.
 
"Bunu şişirtmirik, çünki görmüşük. 2014-cü ildə həbs ediləndə mənə qoyulan maddələrin biri qanunsuz sahibkarlıq idi. Bunu mənə ödədiyim vergilər üzərindən tətbiq etmişdilər. Vergidən yayınmamışam, ödəmişəm. Bunlar ona baxıb qərar gəliblər ki, bunlar hamısı qanunsuz sahibkarlıq olub. Niyə mən XİN-də qeydiyyatdan keçməmişəm və s. Bu təcrübə var. Sabah biz hamımız qanunsuz sahibkarlıq maddəsi ilə ittiham altına düşən insanlar olacağıq", deyə Xədicə İsmayıl bildirib.
 
Konfrans iştirakçıları Azərbaycanda əlverişli və sağlam informasiya mühitinin yaradılması, o cümlədən Kütləvi İnformasiya Vasitələri haqqında yeni qanunun hazırlanması üzrə səyləri davam etdirməyə razılaşıblar. 2021-ci ilin dekabrında parlamentə təqdim edilmiş media haqqında qanun layihəsinə 40 düzəliş və dəyişiklik paketinin dərci barədə təşəbbüs irəli sürülüb. Həmçinin media haqqında qanuna yenidən baxılması təşəbbüsü üçün imza toplanmasına başlanılması qərara alınıb.
 
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.