“İvanişvili seçkini saxtalaşdırsa, bu, onun sonu ola bilər” – AZƏR SÜLEYMANOV

Baxış sayı:
4276

“Mən indidən deyə bilərəm ki, Qriqol Vaşadaze gələcəyin prezidentidir”
 
Qonşu Gürcüstanda prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Oktyabrın 28-də prezident postu uğrunda 25 namizəd mübarizə aparacaq. Amma bu namizədlərdən Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadze, “Avropalı Gürcüstan” Partiyasının namizədi David Bakradze və hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili kəskin səs faizi ilə fərqlənir. Belə ki, “Edison Risörc” adlı beynəlxaq şirkətin exit-pol nəticələrinə görə, Qriqol Vaşadze 31 % , hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili 16 %, David Bakradze15 % səs toplayıb.
Göründüyü qədər exit-polun nəticələri ədalətlidir. Çünki Mixail Saakaşvilinin lideri olduğu partiyanın namizədi Qriqol Vaşadzenin bütün namizədlərdən yüksək fərqlə səs toplaması inandırıcıdır. Exit-polun nəticələri ədalətli olsa da, seçkilər ədalətli, şəffaf keçəcəkmi, bunu öncədən söyləmək çətindir. O baxımdan, maraqlıdır ki, prezident seçkiləri ərəfəsi proseslər necə gedir? Bu və digər sullarımıza cavab almaq üçün Gürcüstan parlamentinin deputatı Azər Süleymanovla söhbətləşdik:
 
- Bildiyiniz kimi, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləridir. Bu, adi seçki deyil. Gürcüstan böyük bir seçim qarşısındadır. Ya 90-cı illəri seçməliyik, ya da inkişaf yolunu tutmalıyıq. Əgər bu gün “Gürcü arzusu” Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili seçilsə, bu, Gürcüstanın 90-cı illərə qayıtması olacaq. Çünki o, birbaşa Rusiyanın oliqarxından - İvanişivilidən asılı olan bir insandır.
 

Bu gün Marneuli rayonunda görüşlər keçirilir. Salome Zurabişvili Marneuliyə gəlir və dövlət bütün resurslarından istifadə edib, hakimiyyətə bağlı avtobus şoferlərindən tutmuş müəllimlərə qədər hamısını görüşə gətirib. Sıravi bir insan Salome Zurabişviliyə boykot elan edib, görüşünə belə gəlmək istəmir. Əgər izləyirsinizsə, Gürcüstanın hər bir yerində görüşlərdə gürcü xalqı tərəfindən Salome Zurabişviliyə “qırmızı kart” göstərilib, heç kim ona səs vermək istəmir. Ona görə ki, Gürcüstanın 20 faiz torpağı işğal altındadır, amma o adam Gürcüstanın ürəyi olan Abxaziyanı “qanqrena” hesab edir. Yəni düşünr ki, “qanqrena”nı artıq Gürcüstandan kəsib tullamaq lazımdır. Bütün dünyaya elan edir ki, 2008-ci ilin avqustunda davanı Gürcüstan başlayıb. Hətta kilsəyə qarşı da getdi. Bir neçə gün bundan əvvəl Cavaxetiyada görüş keçirdi və birbaşa məqsədyönlü şəkildə türklərə qarşı xoşagəlməz çıxışları oldu, orda erməniləri dəstəklədi. Bütün günahı Saakaşvilinin üzərinə yıxdı ki, “Saakaşvili sizlərə dəyər vermirdi, amma bütün türkləri Gürcüstana gətirdi və onlara vətəndaşlıq verdi”. Belə işlərlə bu insan zorla prezident seçilmək istəyir. Yəni gürcü xalqının sevgisi, seçimi olmayan bir insanı İvanişivili dövlət başına gətirmək istəyir. Bildiyiniz kimi, bizim dəstklədiyimiz koalisiya “Güc birlikdədir” koalisiyasıdır. Bu, demək olar ki, Saakaşvilinin “Milli Hərəkat” Partiyasıdır və bizim namizəd Qrioqol Vaşadzedir. O, böyük fərqlə irəlidədir. Yəni bu günə qədər bir neçə beynəlxalq şirkət exit-pol keçirib, hansı partiyanın nə qədər səsi var, yoxlayıblar. Böyük səs fərqi ilə Qriqol Vaşadze hamısını qabaqlayır. İndiki hökumət seçki günü artıq uduzduqlarını bilirlər.
 
-Prezident seçkiləri saxtalaşırıla bilər?
 

-Əgər hazırkı hökumət hansısa qeyri-qanuni yollara əl atarsa, seçkiləri saxtalaşdırmağa gedərsə, hər birimiz küçələrdə olacağıq. Səsimizi qorumağa hazırıq, səsimizi qoruyana qədər davamsız mitinqlər edəcəyik. Mən indidən deyə bilərəm ki, Qriqol Vaşadaze gələcəyin prezidentidir. Vaşadze “Güc birlikdədir” koaliyasının namizədidir. Yəni biz 11 partiya birləşib koalisya yaratmışıq. Əsas da liderimiz Mixail Saakaşvilinin partiyasıdır və biz birlikdə bu seçkilərdən böyük fərqlə qalib gələcəyik.
 
- Azər bəy, dediklərinizdən belə aydın oldu ki, Gürcüstanda keçiriləcək seçkilərə ciddi müdaxilə olunur...
 

- Əgər təmiz seçki olsa, Salome Zurabişvili yalnız dövlətdə çalışanların səsini ala bilər. O qadın Gürcüstanda heç bir insanın səsini almaq iqtidarında deyil və namizədlər arasında ən böyük nifrət qazanmış insandır. Əgər hazırkı hökumət, yəni İvanişivili partiyası saxtakarlıq etməsə, Salome Zurabişvilinin seçilməyə heç bir şansı yoxdur. Təmiz seçkilərdə Gürcüstanın gələcək prezidenti Qriqol Vaşadzedir.
 
-Deyirsiniz ki, seçkilər təmiz keçirilsə, Qriqol Vaşadze qalib gələcək. Bəs, seçkilərin şəffaf keçiriləcəyinə ümid edirsinizmi?
 

-Seçkilərin təmiz keçirilməyinə nəinki bizim, heç bir Gürcüstan vətəndaşının ümidi yoxdur ki, təmiz seçki keçiriləcək. Ona görə ki, hər bir məntəqədən xəbərimiz var.
 
- O zaman Vaşadzenin qalib gəlməsi necə mümkün olacaq? Yəni bu çətinliyi necə dəf edəcəksiniz?
 

-Bizim seçkini udmağa heç bir şübhəmiz yoxdur. Szin sualınıza cavab odur ki, əgər İvanişivili seçkini saxtalaşdırsa, bu, İvanişvlinin axırına çevrilə bilər. Çünki hər bir Gürcüstan vətəndaşı verdiyimiz səsi müdafiə edəcəyik və səsimizi qoruyana qədər küçələrdən evə yığılmayacağıq. Bu da böyük inqilaba yol aça bilər. Mən İvanişivilini o qədər ağılsız saymıram ki, belə bir addım atsın.
 
-Prezidentıliyə namizəd Salome Zurabişvilinin secki qərargahlarını dövlət strukturlarının təşkil etdiyi bildirilir. Bu, nə dərəcədə doğrudur?
 

-Əlbəttə, Salome Zurabişvilinin bütün seçki kampaniyasını dövlət strukturları həyata keçirir. Salomenin özünə qalsa, heç bir nəfər də ona səs verəsi deyil. Yalnız Bidzina İvanişivilinin əmri və onun pulu nəticəsində Salome Zurabişvilinin ştabı baş tutub. Bildiyiniz kimi, Salome Zurabişvili İvanişivilinin “Kartuli” bankından geri qaytarmamaq şərtilə 1 milyon lari faizsiz pul götürüb. Yəni bu pul demək olar ki, birbaşa İvanişivilidən ona paydır. Bütün həkimləri məcbur ediblər, Salome Zurabişvilinin fonduna hərəsinin maaşından nə qədər köçürüblər. Bu gün Salome Zurabişvili güclə, pulla seçkiləri udmaq istəyir.
 
-Seçki prosesinə Rusiyanın müdaxiləsi varmı?
 

-Gürcüstanı qeyri-formal idarə edən Rusiyanın oliqarxı Bidzina İvanişvilidir. Əgər bu gün onun namizədi Abxaziyanı “qanqrena” sayırsa, “davanı Gürcüstan başlayıb” deyirsə, türklərə qarşı ermənilərə daha üstünlük verirsə, bu, birbaşa Rusiyanın seçkilərə müdaxiləsi deməkdir. Birbaşa Gürcüstanda Rusiyadan prezident seçilir, yenə Gürcüstan Rusiyanın koloniyasına çevrilməyə başlayacaq.
 
-Ümumiyyətlə, üzvü olduğunuz “Vahid Milli Hərəkat” Pariyası və ona qoşulan partiyaların seçki hazırlığı necə gedir?
 

- “Milli Hərəkat” Partiyasına qoşulan partiyalarla heç bir ayrıseçkilik yoxdur. Hamımız birlikdə çalşırıq. Deyim ki, o biri partiyalar başqa formada çalışır, yox. Yeganə bir platformamız, umidimiz, niyyətimiz var, o da seçkilərdə qalib gəlməkdir. Başqa-başqa çalışmalarımız yoxdur.
 
-Vaşadzenin prezident seçilməsi üçün Saakaşvlinin nüfuzu ona dəstək olacaq? Yəni hazırda Saakaşvlinin ölkədə nüfuzu nə dərəcədədir?
 

-Vaşadze Saakaşvlinin vaxtında ən prespektivli bir nazir idi, xarici işlər naziri idi və ən çox işgüzar nazirlərdən biri idi. Birbaşa dostluqları var. Əlbəttə ki, bu gün “5” nömrə, “Milli Hərəkat” Partiyası Saakaşvli ilə bağlıdır. Mən belə deyərdim ki, Qriqol Vaşadzenin əsas səsləri Saakaşvlinin səsləridir. Bu danılmaz bir faktdır ki, bu gün Saakaşvilinin nüfuzu ilə Qriqol Vaşadaze çox səs toplayacaq. Əlbəttə ki, özü ziyalı bir insandır və demək olar Tiflis elitası onun ətrafındadır. Amma Saakaşvilinin nüfuzu qaçılmaz bir faktdır.
 
- Bir neçə gün öncə, Saakaşvilinin prezident seçkisindən öncə və yaxud 1-2 ay sonra Gürcüstana qayıdacağı ilə bağlı fikirlər səsləndirmişdiniz. Bu, mümkün olacaqmı?
 
-Saakaşvili bu gün də dövlətə müraciət edir ki, Gürcüstana gəlsin. Bildiyimiz kimi, Saakaşvli Avropada, Hollandiyadadır. Amma Gürcüstana gəlmək üçün pasport lazımdır. Heç bir hava limanı onun Gürcüstana gəlməsini qəbul etmir. Əgər bu gün Saakaşvilinin imkanı olsa, o, Gürcüstana gəlib, bütün ona olan suallara cavab verməyə hazırdır. Əlbəttə, Saakaşvilili geci-tezi Gürcüstana gələcək. Gürcüstan onun əli ilə qurduğu dövlətdir. Qriqol Vaşadze seçkini udandan sonra Saakaşvliyə vətənaşlıq verəcəyik. Saakaşvili yenidən Gürcüstanı inkişaf etdirəcək və ölkənin bütün gələcəyi Saakaşvili ilə bağlı olacaq.
 
-Azər bəy, azərbaycanlıların seçki ərəfəsi aktivliyi necədir? Soydaşlarımızın seçkilərdə hakimiyyətin dəstəklədiyi Salome Zurabişvilini yoxsa, “Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləmək ehtimalı var?
 
-Azərbaycanlılar deyəndə, biz hamımız Gürcüstan vətəndaşıyıq. Hər bir partiyada nümayəndələrimiz var. Amma əksəriyyət azərbaycanlılar Milli Hərəkat partiyasını dəstəkləyirlər və Mişaya qarşı böyük bir sevgiləri var. Çünki Mişanın vaxtında burada yaşayan azərbaycanlılar Gürcüstanın layiqli, tamhüquqlu vətəndaşı oldular, üzərlərindən “tatar” sözü götürüldü və hər bir azərbaycanlı özünü Gürcüstanın vətəndaşı hesab etdi. Çox təəssüflər olsun ki, son 6 ildə bu işlər hamısı pozulmağa başladı. Ona görə də Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar - Marneuli, Qardabani, Bolnisi, Dmanisi əsas Mişa ilə bağlıdır və Mişanın partiyasını dəstəkləyirlər.
 
Şamo EMİN, Hurriyyet.org